Uşaqlarda yuxu problemləri barədə. Həkim Nərmin Əzizova

Ümumi məlumat
Yuxu bütün insanlar üçün olduqca vacib bir prosessdir. Uşaqlar üçün isə normal yuxu əvəzolunmazdır. Uşaqlar yuxudan faydalanır, çünki yuxu onların fiziki böyüməsinə və inkişafına kömək edir. Adekvat yuxu onların idrak funksiyasını, emosional tənzimlənməsini və ümumi rifahını da yaxşılaşdırır.
Yuxuya gedə bilmənin ən əsas şərtlərindən biri fiziki və ruhi olaraq “rahat” ola bilməkdir. Uşaqlarda yuxu problemləri dedikdə, uşağın gecə saatlarında 3 dəfədən artıq oyanması, gecələr oyanıq dövrün 60 dəqiqədən artıq və ya ümumi olaraq gündəlik yatma müddətin 9 saatdan az olması hesab edilir.
Uşaqlarda yuxu problemlərinə tez-tez rast gəlinir, uşaqların 30%-ə qədəri yuxuya getməkdə çətinlik çəkir və ya tez-tez gecə oyanırlar (Mindell, J. A., et al. (2017). “Sleep patterns and problems in the first three years of life.” Pediatrics, 139(6), e20162793.). Bu problemlər idrak funksiyasının, əhval-ruhiyyənin pozulması və davranış problemləri də daxil olmaqla ciddi mənfi nəticələrə səbəb ola bilər (Owens, J. A. (2014). “Sleep problems and their impact on children.” Pediatric Clinics of North America, 61(3), 417-428.).
Uşaqlar yuxuya getməkdə niyə çətinlik çəkirlər?
Burada bir sıra ümumi amilləri vurğulamaq istərdik:
- Fiziki (tibbi) problemlər – uşaq yuxuya getməkdə problem yaşayırsa və ya yuxudan tez-tez durursa, xüsusən bu hallarda ağlama, həddinən çox tərləmə, ağrı və sair bu kimi əlamətlər müşahidə edilirsə, bunun səbəbi mütləq müəyyən edilməlidir;
- Qorxu problemləri – uşaqların inkişafında onların yaşına uyğun olaraq qayğı və qorxuları vardır. Bu qorxu və qayğı uşağın yuxuya getməyini çətinləşdirə bilər;
- Rejimin pozulması – yuxuya getmək və oyanmaq saatı tez-tez dəyişilən uşaqların bioloji saatları formalaşmır və nəticədə onlar yuxu problemləri ilə üzləşirlər;
- Ailə problemləri – ailə üzvləri arasında baş verən problemlərin də uşaqlarda yuxu problemlərinin baş verməsinə gətirib çıxartdığı təsdiq edilmişdir. Bəzi hallarda qəflətən baş vermis hər hansı hadisə də övladlarınızın yuxuya getmələrində çətinlik yarada bilər;
- Yuxuya getmə yeri və metodu – öz yatağında yatızdırılmayan, valideynləri ilə birgə yatızdırılan, ayaqda salladılaraq yatızdırılan uşaqlar da bəzən yuxu problemləri yaşayırlar.
Təxmini olaraq uşaqların günlük yatma saatları aşağıdakı kimi olmalıdır:
- 0-2 aylıq uşağın gün ərzində ~ 10.5 – 18 saat;
- 2-12 aylıq uşağın gün ərzində ~ 14 – 15 saat;
- 1-3 yaşında uşağın gün ərzində ~ 12 – 14 saat;
- 3-6 yaşında uşağın gün ərzində ~ 10 – 12 saat;
- 7-12 yaşında uşağın gün ərzində ~ 10 – 11 saat;
- 13-18 yaşında uşağın gün ərzində ~ 8 – 9 saat yuxuya ehtiyacı vardır.
Yuxu ilə bağlı uşaqlarda tez-tez rast gəlinən problemlər və məsləhətlər
Pediatriya.az saytına daxil olan müraciətləri ümumiləşdirərək valideynlərin uşaqlarda yuxu ilə bağlı aşağıdakı məsələlərdən şikayət etdiklərini bildiririk.
Uşağım tək yata bilmir. Hər dəfə istəyir ki, yanında kimsə onunla yatsın
Uşaqlarda ən çox rastlanan yuxu problemlərindən biridir. Qorxu, yalnız qala bilməmə, özünü sakitləşdirə bilməmə və sair bu kimi səbəblərə görə uşaqlar valideynləri ilə bərabər yatmaq və ya yuxuya keçiddə valideynlərini yanında görmək istəyə bilərlər. Bu halda valideyni uşağa hirslənməməli, övladını öz yatağında yatmağa təşviq etməli, ona izah etməli və səbrli olmalıdır. Bu dövrdə uşağı yuxuya getmədən hazırlamaq, kitab oxumaq, onunla söhbət edərək hazırlamalısız. Əgər uşağınız sizinlə birgə yatırsa həftədə bir dəfə olmaqla onu ayrı yataqda yatızdırlmalı, daha sonra yavaş-yavaş bunu vərdiş halına gətirməlisiniz.
Uşağım yatmamaq üçün inadkarlıq edir, ağlayır
Bəzən uşaq yuxu saatı gəldikdə yatmamaq üçün əlindən gələni edir. Bu hal artıq hər gün təkrarlanırsa valideyn-uşaq münasibətinə öz təsirini göstərməyə başlayır. Bəzi hallarda valideynlər öz emosiyalarını cilovlaya bilmirlər və övladlarına çox hirslənirlər. Bu vəziyyətdə övladınız ilə çox səbrli davranmaq lazımdır. Uşağınız yatmazdan öncə onunla ətraflı və “onun dilində” söhbət etməyə çalışın, ona kitab oxuyun və onu hər vəchlə sakitləşdirməyə çalışın.
Övladım qaranlıqdan və müxtəlif cizgi filmi qəhrəmanlarından qorxduğunu, bu səbəbdən də yata bilmədiyini bildirir və ya valideyni ilə yatmaq istədiyini deyir
Adətən uşaqların çox geniş fantaziyası olur. Onlar beyinlərində qorxulu ssenarilər uydurmaq imkanlarına malikdirlər. Hətta bəzən uşaq həqiqətlə fantaziyanı qarışdıra da bilirlər. Yatağın altından canavarın çıxacağına, qaranlıqda bəzi əşyaların üstünə gələcəyinə inanırlar. Bununla bağlı övladlarınızın danışıqları əsasında özünüz üçün bir araşdırma aparın, uşağınızın konkret olaraq məhz nədən (kimdən) qorxduğunu müəyyən edin və onunla bu istiqamətdə söhbət edin. Uşağınızın qorxduğu məsələlərin tam əsassız olduğunu “onun dilində” izah etməyə çalışın.
Övladım bildirir ki, gecə yuxuda kabuslar görür
Adətən uşaqların kabuslar görməsi 2-5 yaş aralığında müşahidə edilir. Uşaqların əksəriyyəti qorxulu yuxu gördüyündə oyanmırlar. Yuxudan oyandıqda qorxulu yuxu gördüyünü başa düşürlər, amma izah edə bilmirlər. Çalışmaq lazımdır ki, valideyn övladının məhz nədən (kimdən) qorxduğunu və bunun hansı səbəbdən baş verdiyini müəyyən etsin. Övladınızın yatmazdan öncə baxdığı videolara (şəkil) diqqət edin. Uşaqlar adətən qorxulu video və şəkillərə həvəslə baxır və bunu həmyaşıdlarına danışırlar. Bu məsələyə xüsusi diqqət etmək, zərurət olduqda onu uşaq psixoloquna belə aparmaq lazımdır.
Uşaq gecə yuxudan ayılmadan qışqırır, oyanıq yatır
Bu hal 5-12 yaş aralığında daha çox müşahidə edilir. Uşaq yuxudan oyanmadan, yarı oyanmış halda qışqırma, təpik atma, panika, yuxuda gəzmə, vurma, həddindən artıq tərləmə kimi hərəkətlər müşahidə olunur. Bu hal 6 yaşa qədər normal və zərərsiz hesab edilir. Belə olduqda işığı yandırmaq, uşağı qucaqlamaq, sakitləşməsi üçün qucaqlamaq ilə ən yaxşı nəticə əldə edilir. Bu cür “gecə terror” 30 dəqiqədən çox davam edirsə həkimlə məsləhətləşməyiniz tövsiyə olunur.
Uşağım gecə yatanda dişlərini qıcayır
Uşağınız gecə vaxtı yatarkən dişlərini qıcayırsa və ya sıxırsa bu çox güman ki, psixoloji bir faktordur. Bununla yanaşı stomatoloji problemin olmasını da istisna etmək lazımdır. Psixoloji faktordursa övladınızda bu gərginçiliyə səbəb olmuş hal müəyyən edilməli və aradan qaldırılmalıdır. Uşaqlar tərəfindən diş qıcırtması (sıxması) barədə Pediatriya.az saytında ətraflı məqaləni (https://pediatriya.az/dis-qicirtmasi-nedir/) oxumağınız tövsiyə olunur.
Övladım yuxuya getmək üçün özü ilə yatağa hər hansı əşya götürür. Bunun hər hansı mənfi cəhəti vardır?
Narahatçılığa hər hansı əsas görmürük. Yuxuya getməni asanlaşdıracaq əşya uşağı sanki rahatladır və anadan ayrılaraq bu əşyaya bağlanmasına səbəb olur. Bu əşya oyuncaq, yastıq, və sair ola bilər. Əmzik (soska), butulka da uşağı sakitləşdiirb yuxuya getməni asanlaşdıra bilər. Əsas diqqət edilməlidir ki, bu əşyanı uşaq özü seçsin və buna ehtiyacı olmadıqda ondan rahatlıqla ayrıla bilsin. Bu hal maksimum 5 yaşa qədər normaldır və bu yaşa qədər qarşısının alınması tövsiyə olunmur. Lakin, qeyd olunan yaşdan yuxarı uşaq hər hansı bir əşyaya həddindən artıq bağlanırsa və onu heç bir halda buraxmaq istəmirsə, buraxdığı təqdirdə stres edirsə, uşaq psixoloqu ilə məsləhətləşmə aparılmalıdır.
Yuxarıda qeyd olunanları, həmçinin aparılmış araşdırmaların nəticələrinə əsasən aşağıdakı məsələlərə diqqət etməyiniz tövsiyə olunur:
- Uşaq anadan olduqdan onun yuxusuna diqqət etmək lazımdır. Uşaqlar valideynlərinin ayağında və qucağında yatızıdırılmağı sevirlər. Ona görə də uşağı ayaqda və ya qucaqda öyrəşdirməməyə diqqət edilməli və yaşın artması ilə birgə keçidlərin düzgün edilməsinə diqqət edilməlidir. Həmçinin bəzən ayaqda və ya beşikdə kəskin yelləmə nəticəsində beyin zədələnməsi ola bilər. Silkələnmiş körpə sindromundan uşağı qorumaq üçün ehtiyatlı və diqqətli olmaq lazımdır. Silkələnmiş körpə sindromu barədə Pediatriya.az saytında ətraflı məqaləni oxumağınız tövsiyə olunur;
- Körpəlikdən etibarən övladlarınız üçün yuxu rejimini qurmaq məsləhət görülür. Bu məsələyə xüsusi diqqət yetirmək lazımdır;
- Uşaqlarda yuxu ehtiyacı yaşla bərabər dəyişdirilir. Hər uşağın günorta yatmağı və ya axşam saat 8-dən etibarən yatması vacib deyildir. Ona görə də yuxu rejimi uşağın inkişafına uyğun formalaşdırılmalıdır;
- Çalışın övladınız gecələr tam və rahat yatsın. Bu hal onun psixologiyasına və digər fiziki inkişafına müsbət təsir göstərəcəkdir. Tam və rahat yatmayan gecələrin yuxu kompensassiyasını digər günlərin yuxusu ilə əvəz edə bilərsiz. Lakin, çalışın ki, övladınız hər gün tam və rahat yatıb “yuxusunu alsın”. Bəzən valideynlər övladlarının günorta vaxtı yatmamasından narahat olurlar. Valideynlərə bildiririk ki, uşağın fiziki-psixi inkişafı tam normaldırsa və gecə rahat yatırlarsa narahat olmağa hər hansı bir səbəb yoxdur;
- Uşağın yatdığı otaqda otağın temperaturuna fikir vermək lazımdır. Çalışın ki, otaqda temperatur 23,8 °C (20-22 °C) yuxarı olmasın;
- Övladınızın yatmazdan öncə çoxlu miqdarda maye qəbul etməsi və ya ac yatızdırılması tövsiyə olunmur;
- İlk aylar yenidoğulan körpə tez-tez oyanır. 4-5 ayından etibarən uşağın eyni yerdə və saatda yatızdırlması yuxu vərdişinin formalaşmasında əsas rol oynayır. 6-cı ayın sonundan etibarən uşağın oyun, qidalanma, gəzintiyə çıxarılması gündüz saatlarına keçirilməlidir. Əslində yuxu vərdişinin tam formalaşması 2 ilə qədər vaxt alır. Ailələrin qərarlı mövqe göstərmələri bu vərdişin daha tez formalaşmasına imkan verəcəkdir;
- Uşağın öz yatağında yatması, təkcə yatması bir müddət vaxt ala bilər. Bu vərdişi qazanmaq üçün ailələr ilk dövrdə tez-tez uşağın yanına gedib ona nəzarət etmək uşağı sakitləşdirə bilər. Bir gecə valideynlərinin yanında yatırsa, digər gecəni öz otağında yatmağa təşviq edilməlidir. Valideynlərin yanına gəldikdə geri qaytarılma, ya da oyandığında öz otağında və yatağında oyanması vacibdir. 2 yaşından sonra uşaq anası ilə bərabər yatırsa burada əsas problem uşağın valideynə bağlı olmasıdır. Bu problemin həll edilməsi gələcək problemlərin qarşısını almağa imkan verəcəkdir;
- Xüsusən uşağın 7-ci ayından etibarən diş çıxartma dövrü başlayır və bu 24 aya qədər davam edə bilər. Bu dövrdəki körpələrin yuxuya getmələri pozula bilir. Ona görə yuxu pozulmalarının bir qədər dövri xarakter daşıdığı nəzərə alınmalıdır;
- Müşahidələr göstərmişdir ki, yatmazdan öncə 2 saat və daha çox müddətdə telefona (və ya digər bu kimi texniki vasitəyə) baxan uşaqlarda yuxu problemi daha çox müşahidə edilir.
Beləliklə də, uşaqlarda yuxu problemləri bir sıra inkişaf və davranış problemlərinə, o cümlədən diqqəti toplamaqda çətinlik, əsəbilik və sair problemlərə səbəb ola bilər. Tədqiqatlar göstərir ki, ardıcıl, keyfiyyətli yuxu kiçik uşaqlarda koqnitiv inkişaf, emosional tənzimləmə və fiziki sağlamlıq üçün çox vacibdir. Yuxu problemlərini düzgün rejimlər və ətraf mühit vasitəsilə erkən həll etmək uşağın ümumi rifahını və gələcək uğurunu əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
Məqalənin yazılmasında aşağıdakı və digər mənbələrdən istifadə edilmiş, araşdırma aparılmışdır.
- Mindell, J. A., & Owens, J. A. (2014). A Clinical Guide to Pediatric Sleep: Diagnosis and Management of Sleep Problems. Pediatrics, 133(5), e1223-e1233. [DOI: 10.1542/peds.2014-0463]
- Owens, J. A., & Dalzell, V. (2005). Sleep disorders and their management in children. Primary Care Companion to The Journal of Clinical Psychiatry, 7(6), 275-283. [DOI: 10.4088/PCC.v07n0603]
- Corkum, P., & Tannock, R. (2007). Sleep problems in children with ADHD: The role of comorbidity and treatment. Sleep Medicine Reviews, 11(5), 404-413. [DOI: 10.1016/j.smrv.2007.04.004]
- Minges, K. A., & Redeker, N. S. (2011). Sleep in children and adolescents: A review of the literature. Journal of Pediatric Nursing, 26(5), 388-396. [DOI: 10.1016/j.pedn.2010.07.011]
- Spruyt, K., & Gozal, D. (2011). Sleep disorders in children. The Lancet, 378(9790), 383-391. [DOI: 10.1016/S0140-6736(11)60805-4]
- Kane, D., & Luntamo, M. (2016). Sleep disorders and developmental outcomes in children: A systematic review. Sleep, 39(10), 1927-1938. [DOI: 10.5665/sleep.6160]
- Becker, S. P., Sidol, C. A., & Fite, P. J. (2016). Sleep problems in children: A systematic review of the behavioral and cognitive effects. Journal of Pediatric Psychology, 41(9), 891-901. [DOI: 10.1093/jpepsy/jsw052]
- Bowers, A. L., & Moyer, A. (2017). Effects of sleep interventions on sleep in children with sleep problems: A meta-analysis. JAMA Pediatrics, 171(6), 537-546. [DOI: 10.1001/jamapediatrics.2017.0174]
- Sadeh, A., Gruber, R., & Raviv, A. (2002). Sleep, neurobehavioral functioning, and behavior problems in school-age children. Developmental Psychology, 38(3), 529-536. [DOI: 10.1037//0012-1649.38.3.529]
- El-Sheikh, M., & Buckhalt, J. A. (2005). The role of sleep in children’s development and mental health. Child Development Perspectives, 10(3), 213-224. [DOI: 10.1111/j.1750-8606.2015.00221.x]
- Çocuklarda Uyku Problemleri ve Çözüm Yolları – Prof. Dr. Derya Yavuzer
- Çocuklarda Uyku ve Rüyalar – Dr. Alev Erbil
- Çocuklarda Uyku Sorunları – Dr. Şefika Aydın Uyku
- Çocuk Sağlığı İçin Temel Bir Gereksinim – Dr. Esra Sırma
- Çocuklarda Uyku Eğitimi – Dr. Zeynep Savaşer.
Nərmin Əzizova,
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkimi və dissertantı, Azərbaycan Tibb Universitetinin I Uşaq Xəstəlikləri kafedrasının əməkdaşı