Bakıda evlilik vədi ilə dələduzluq: 1550 manatlıq fırıldaq işi amnistiya ilə bitdi
Bakıda evlilik vədi ilə vətəndaşı aldatmaqda təqsirləndirilən şəxs barəsində məhkəmə hökmü çıxarılıb.
Məlumata görə, təqsirləndirilən şəxs oğlu ilə birlikdə tanışlarının etibarından sui-istifadə edərək zərərçəkmişi evlilik vədi ilə aldatmaqda ittiham olunub. İttiham aktına əsasən, onlar subay olduğunu bildikləri şəxsi ailə qurulmasına kömək edəcəklərinə inandırıblar.
Belə ki, təqsirləndirilən şəxsin oğlu zərərçəkmişə guya öz tanışları vasitəsilə onu evləndirəcəklərini bildirib. Daha sonra isə “elçilik”, “nişan üzüyü” və “şirniyyat” alınması kimi müxtəlif bəhanələrlə ondan pul tələb edilib.
Zərərçəkmiş ümumilikdə 1550 manat məbləğində vəsaiti təqsirləndirilən şəxslərə verib. Lakin nə elçilik prosesi baş tutub, nə də vəd edilən evlilik gerçəkləşib. Pulun qaytarılması ilə bağlı edilən müraciətlər isə nəticəsiz qalıb.
Daha sonra zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib və fakt üzrə cinayət işi açılıb.
Məhkəmənin hökmü ilə iş üzrə amnistiya tətbiq edilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunub.