Uşaqlarda yastıayaqlıq və içə basma (Flat Feet and Intoeing): nə vaxt normaldır, nə vaxt narahat olmaq lazımdır? Həkim Nərmin Əzizova
Nərmin Əzizova – K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Yenidoğulmuşların reanimasiya və intensiv terapiya şöbəsinin həkim-neonatoloqu; Azərbaycan Tibb Universitetinin I Uşaq xəstəlikləri kafedrasının əməkdaşı; Pediatriya.az portalının təsisçisi
Valideynlərin uşaqlarında ən çox diqqət və narahat etdiyi mövzulardan biri onların yerişləridir. Uşağın yeriyərkən ayaqlarını içəriyə doğru basması, tez-tez yıxılması, ayaqqabılarının qeyri-bərabər aşınması və ya ayaqlarının formasında fərqlilik ailələrdə narahatlıq yarada bilər. Xüsusilə “yastı ayaq” və “içə basma” anlayışları çox zaman bir-biri ilə qarışdırılır.
Lakin vacib bir məqam var: hər yastıayaqlıq və hər içə basma problem demək deyil. Bir çox halda bunlar uşağın böyümə və inkişaf prosesinin təbii hissəsi olur və yaş artdıqca öz-özünə düzəlir. Buna baxmayaraq, bəzi hallarda erkən diaqnostika və düzgün yanaşma gələcək problemlərin qarşısını almaq üçün vacibdir.
Uşağımın belə yerimə səbəbi nədir?
Valideynlərin ən çox verdiyi suallardan biri budur: “Niyə uşağım belə yeriyir?”
Uşaqlarda basış fərqlilikləri doğuşdan mövcud ola və ya böyümə dövründə ortaya çıxa bilər. Ayaq quruluşu uşaqlarda böyüklərdən fərqlidir və tam inkişafı illər ərzində baş verir. Ayaq qövsünün inkişafı uşaqlıq və yeniyetməlik dövründə davam edir və bir çox uşaqda 10–14 yaşa qədər dəyişiklik göstərə bilər. Buna görə erkən yaşlarda müşahidə olunan bəzi problemlər zamanla düzələ, bəzən isə daha nəzərəçarpan ola bilər.
Ayaq basma fərqliliklərinin əksəriyyəti anadangəlmə olsa da, onların bir hissəsi yalnız uşağın böyüməsi ilə diqqət çəkməyə başlayır.
Uşaqlarda ən sıx rast gəlinən ayaq basma problemləri
Uşaqlarda ən çox müşahidə edilən basış problemləri bunlardır:
- Yastıayaqlıq (düz tabanlıq)
- Yüksək qövslü ayaq
- İçə basma
- Xaricə basma
- Çarpıq ayaq deformitələri
Bu problemlərin əksəriyyəti erkən yaşlarda müşahidə və düzgün yönləndirmə ilə idarə oluna bilir.
Dünya statistikası nə deyir?
Araşdırmalara görə, elastik yastıayaqlıq kiçik yaşlı uşaqlarda olduqca geniş yayılmış vəziyyətdir. Müxtəlif tədqiqatlarda 2–6 yaş arasında uşaqların təxminən 20–45%-də müəyyən dərəcədə yastıayaqlıq müşahidə oluna bilir. Yaş artdıqca ayaq qövsü inkişaf etdiyindən bu göstərici azalır və məktəb yaşında əhəmiyyətli dərəcədə normallaşır.
İçə basma (in-toeing gait) isə xüsusilə 2–6 yaş arasında daha nəzərəçarpan olur və əksər hallarda böyümə ilə spontan düzəlir. Pediatrik ortopediya məlumatlarına görə, uşaqlarda içə basmanın ən geniş yayılmış səbəbləri femoral anteversiya və tibial torsiya hesab olunur.
Yaşa görə nə normal hesab olunur?
0–2 yaş
Bu dövrdə yastıayaqlıq çox zaman normaldır. Ayaq altında piy yastıqcıqları olduğuna görə qövs görünməyə bilər.
2–4 yaş
İçə basma və tez-tez büdrəmə daha nəzərəçarpan ola bilər. Əksər hallarda böyümə ilə yaxşılaşır.
4–7 yaş
Yeriş forması daha stabil olur. Bu yaşlarda davam edən, lakin ağrısız və simmetrik problemlər çox zaman sadəcə izlənir.
7–8 yaşdan sonra
Ağrı, birtərəfli problem və ya nəzərəçarpan deformasiya davam edirsə, ortopedik qiymətləndirmə daha vacib olur.
Yastıayaqlıq nədir?
Yastıayaqlıq zamanı ayağın orta hissəsindəki təbii qövs kifayət qədər inkişaf etmir və ayağın daha böyük hissəsi yerə təmas edir. Ayağa yandan baxdıqda tabanın düz görünməsi diqqəti çəkir.
Xüsusilə artıq çəkili uşaqlarda yastıayaqlığı fərqləndirmək daha çətin ola bilər.
Kiçik yaşlarda elastik yastıayaqlıq olduqca yayılmışdır və əksər hallarda yaş artdıqca düzəlir. Ayaq baş barmağı geriyə doğru çəkildikdə ayaq qövsünün yaranması, problemin əsasən yumşaq toxumalardan qaynaqlandığını və ciddi sümük problemi olmadığını göstərə bilər.
Yüksək ayaq qövsü nədir?
Bəzi uşaqlarda isə ayağın qövsü normadan daha yüksək olur. Bu vəziyyət yüksək qövslü ayaq adlanır.
Yastıayaqlı uşaqlarda topuq adətən xaricə, yüksək qövslü ayaqlarda isə daha çox içəriyə dönük görünə bilər. Hər iki vəziyyət genetik meyllə əlaqəli ola bilər. Lakin yüksək qövslü ayaq bəzi hallarda nevroloji xəstəliklərlə birlikdə müşahidə oluna bildiyi üçün diqqətli qiymətləndirmə tələb edir.
Valideynlər uşağın ayaq quruluşu haqqında ilkin məlumatı çılpaq ayaqla yeriməsinə və ya qum üzərində qalan ayaq izlərinə baxaraq da əldə edə bilərlər.
İçə basma nədir?
İçə basma uşağın yeriyərkən ayaqlarını və ya ayaq barmaqlarını içəriyə doğru çevirməsi ilə xarakterizə olunan yeriş xüsusiyyətidir.
Tibbi baxımdan buna çox zaman femoral anteversiya — bud sümüyünün önə dönüklüyü deyilir. Bud sümüyü normadan daha çox içəriyə dönmüş olduqda uşağın ayaqları yeriyərkən içəriyə istiqamətlənmiş görünür.
Bu vəziyyət xüsusilə 2–6 yaş arasında daha nəzərəçarpan olur.
Bir çox valideyn içə basmanı ayaq problemi hesab etsə də, əslində səbəb çox vaxt ayaqdan deyil, omba və bud sümüyündən qaynaqlanır.
Uşaqlarda içə basmanın səbəbləri
İçə basmanın yaranma səbəbləri müxtəlif ola bilər:
Femoral anteversiya (bud sümüyünün dönüklüyü)
Ən çox rast gəlinən səbəblərdəndir. Bütün uşaqlarda doğuş zamanı bud sümüyü müəyyən qədər önə dönük olur. Yaş artdıqca bu bucaq azalır və normal yetkin formasını alır. Bəzi uşaqlarda bu dəyişiklik daha gec baş verir.
Tibianın dönüklüyü
Qamış sümüyünün (tibia) içəriyə doğru dönməsi də ayağın içəriyə basmasına səbəb ola bilər.
Yastıayaqlıq
Ayaq qövsünün az inkişaf etməsi ayağın iç hissəsinə daha çox yük düşməsinə və daxilə meyllənməsinə səbəb ola bilər.
Əzələ balanssızlığı
Ayaq, baldır və omba əzələlərinin zəifliyi yeriş pozğunluğu yarada bilər.
Bağ toxumasının elastikliyi
Oynaqların həddindən artıq hərəkətli olması ayaqların içəriyə dönməsini artırır.
Genetik faktorlar
Ailə üzvlərində oxşar problem olduqda risk daha yüksək ola bilər.
Xarici faktorlar
Yanlış ayaqqabı seçimi, uzun müddət “W” formasında oturma və yanlış hərəkət vərdişləri vəziyyəti artıran amillərdəndir.
İçə basmanın əlamətləri
İçə basmanın ən nəzərəçarpan əlaməti uşağın yeriyərkən ayaqlarını içəriyə çevirməsidir. Bununla yanaşı:
- Tez-tez büdrəmə və yıxılma
- Qaçarkən koordinasiya çətinliyi
- Top oynayarkən və ya idmanda zəif performans
- Ayaqqabının daxili hissəsinin daha sürətli aşınması
- Diz, baldır və topuq ağrıları
- Uzun müddət ayaqüstə qalanda yorğunluq hissi
müşahidə oluna bilər.
Evdə sadə müşahidə: valideyn nə edə bilər?
Uşağınızı çılpaq ayaqla düz səthdə izləyin:
✓ Ayaqlar simmetrik görünürmü?
✓ Qaçarkən tez-tez yıxılırmı?
✓ Bir ayaqda problem daha çoxdurmu?
✓ Ayaqqabının bir tərəfi daha çox aşınırmı?
✓ Ağrı və ya tez yorulma varmı?
Bu əlamətlər varsa, pediatrik ortoped məsləhəti faydalı ola bilər.
Diaqnoz necə qoyulur?
İçə basma və digər basış pozğunluqları ortopedik müayinə ilə qiymətləndirilir.
Həkim aşağıdakı məqamları yoxlayır:
Yeriş forması
Ayağın və topuğun mövqeyi
Diz və omba oynaqlarının vəziyyəti
Ayaq qövsünün inkişafı
Əzələ gücü və bağ elastikliyi
Ailə hekayəsi də mühüm əhəmiyyət daşıyır.
Lazım olduqda rentgen, ultrasəs və digər görüntüləmə üsulları tətbiq edilə bilər.
Vacib məqamlardan biri odur ki, problem yalnız ayaqdan qaynaqlanmaya bilər. Buna görə qiymətləndirmə zamanı omba, diz və bütün aşağı ətraf biomekanikası birlikdə nəzərdən keçirilməlidir.
Hər basış problemi müalicə tələb edirmi?
Qətiyyən yox.
Uşaqlarda basış problemlərinin böyük hissəsində aktiv müalicəyə ehtiyac olmur. Bir çox halda yalnız müşahidə və mütəmadi nəzarət kifayətdir.
Xüsusilə uşaqda:
Ağrı yoxdursa
Gündəlik hərəkət məhdudlaşmırsa
Tez-tez yıxılmırsa
İnkişaf normaldırsa
müalicəyə ehtiyac olmaya bilər.
Mütəxəssislər vurğulayırlar ki, hər yastıayaqlıq üçün ortopedik içlik lazım deyil.
Tabanlıq (ортопедическая стелька) həqiqətən lazımdırmı?
Valideynlərin ən çox verdiyi suallardan biri budur.
Ortopedik içlik və xüsusi ayaqqabılar bəzi hallarda ağrını azaltmaq və ayağa dəstək vermək üçün faydalı ola bilər. Lakin onlar əksər hallarda ayaq quruluşunu qalıcı şəkildə dəyişmir.
Əgər uşaqda ağrı, tez yorulma və ya ciddi funksional problem yoxdursa, standart olaraq içlik istifadəsi vacib hesab edilmir.
Son illərdə aparılan bəzi tədqiqatlar göstərir ki, xüsusilə elastik yastıayaqlığı olan uşaqlarda, ortopedik içliklərin uyğun ayaqqabı ilə birlikdə istifadəsi yeriş mexanikasını yaxşılaşdıra bilər. Bu yanaşmanın ayağa düşən yükün daha balanslı paylanmasına, təzyiq mərkəzinin stabilliyinin artmasına və addımların daha simmetrik olmasına müsbət təsir göstərə bildiyi bildirilir.
Bəzi araşdırmalarda funksional dabanlıqların, ənənəvi sərt ortopedik ayaqqabılarla müqayisədə uşağın hərəkət rahatlığını və yeriş keyfiyyətini daha yaxşı dəstəklədiyi qeyd edilir.
Lakin burada vacib bir məqam var: dabanlıq hər uşaq üçün standart müalicə deyil. Ağrısı olmayan, funksional məhdudiyyəti olmayan və normal inkişaf edən uşaqlarda çox zaman sadəcə müşahidə kifayət edir. Dabanlıq qərarı uşağın ayaq quruluşu, şikayətləri və ortopedik qiymətləndirmə əsasında fərdiləşdirilməlidir.
Müalicə yolları
Müalicə səbəbdən və şikayətin şiddətindən asılı olaraq dəyişir.
- Müşahidə və izləmə
Ən çox seçilən yanaşmadır. Bir çox uşaq böyüdükcə problem düzəlir. Ağrısız, funksional məhdudiyyəti olmayan və normal inkişaf edən uşaqlarda sadəcə müşahidə və mütəmadi nəzarət kifayət edə bilər.
- Fiziki terapiya və məşqlər
Əzələ zəifliyi və koordinasiya problemlərində faydalı ola bilər. Ayaq, baldır və omba əzələlərini gücləndirən məşqlər yeriş keyfiyyətini yaxşılaşdıra bilər.
Balet, gimnastika, üzgüçülük və aktiv oyunlar bəzi uşaqlarda ayaq əzələlərinin inkişafına müsbət təsir göstərə bilər.
- Çılpaq ayaq yerimə
Təhlükəsiz şəraitdə, xüsusilə yumşaq səth və qum üzərində çılpaq ayaq yerimə ayaq əzələlərinin inkişafına kömək edə bilər.
- Ayaqqabı seçimi
İlk bir yaşda ayaqqabı istifadəsinə tələsmək lazım deyil. Erkən dövrdə elastik, rahat və ayağın təbii hərəkətini məhdudlaşdırmayan ayaqqabılar seçilməsi tövsiyə edilir.
Bahalı və sərt ortopedik ayaqqabıların hər uşaq üçün lazım olduğu düşüncəsi doğru deyil.
- Ortezdən istifadə
Bəzi xüsusi hallarda ayağın düzgün mövqeyini qorumaq üçün istifadə oluna bilər.
- Cərrahi müdaxilə
Çox nadir hallarda, ciddi sümük dönüklüyü, ağır deformasiya və ya ciddi funksional məhdudiyyət olduqda düşünülür.
Beynəlxalq tövsiyələr nə deyir?
Beynəlxalq pediatrik ortopediya cəmiyyətləri vurğulayırlar ki, hər yastıayaqlıq müalicə tələb etmir.
Ümumdünya pediatrik ortopediya yanaşmasına əsasən, qərar yalnız ayağın görünüşünə görə deyil, uşağın funksional vəziyyətinə əsasən verilməlidir.
Mütəxəssislər bildirirlər ki:
Ağrısız elastik yastıayaqlıq çox zaman normal inkişaf variantıdır
Hər uşağa rutin şəkildə ortopedik içlik yazılması tövsiyə edilmir
Müalicə qərarı ağrı, balans problemi, yorğunluq və funksional məhdudiyyətə əsasən verilməlidir
Ağrısız, aktiv və normal inkişaf edən uşaqlarda çox zaman sadəcə müşahidə kifayət edir
Pediatriya.az tövsiyə edir ki…
- Uşağın ayağının görünüşündən çox necə hərəkət etdiyinə diqqət edin
- Ağrısız qaçır, oynayır və gündəlik aktivlikdə çətinlik yaşamırsa, çox zaman narahatlığa əsas yoxdur
- Erkən yaşlarda sərt ortopedik ayaqqabı istifadəsinə tələsməyin
- Təhlükəsiz şəraitdə qum, ot və yumşaq səth üzərində çılpaq ayaq yeriməyə imkan yaradın
- Uzun müddət “W” formasında oturma vərdişi varsa, azaltmağa çalışın
- Tez-tez yıxılma, birtərəfli deformasiya, ağrı və ya hərəkət məhdudiyyəti olduqda pediatrik ortopedə müraciət edin
Valideynlərin ən çox etdiyi səhvlər
- Hər yastıayaqlığı xəstəlik hesab etmək
- Özbaşına sərt ortopedik ayaqqabı almaq
- Hər uşağa tabanlıq istifadə etmək
- İnternet məsləhətləri ilə müalicəyə başlamaq
- Uşağı “düz yeriməyə” məcbur etmək
- Ağrı və yıxılmaları görməzdən gəlmək
Mif, yoxsa həqiqət?
Mif: “Yastıayaqlığın hamısına tabanlıq lazımdır.”
Həqiqət: Ağrısız elastik yastıayaqlığın böyük hissəsində sadəcə müşahidə kifayət edir.
Mif: “İçə basma mütləq əməliyyatlıqdır.”
Həqiqət: Əksər uşaqlarda yaş artdıqca öz-özünə düzəlir.
Mif: “Bahalı ortopedik ayaqqabı ayağı düzəldir.”
Həqiqət: Təkcə ayaqqabı əksər hallarda ayaq quruluşunu dəyişmir.
Bu hallarda mütləq həkimə müraciət edin
- Uşaq tez-tez yıxılırsa
- Şiddətli ağrı varsa
- Problem yalnız bir ayaqdadırsa
- Ayaqda ciddi forma fərqliliyi görünürsə
- Uşaq axsayırsa
- Gecələr ayaq ağrısından oyanırsa
- Problem 7–8 yaşdan sonra davam edirsə
- İdman və gündəlik fəaliyyəti məhdudlaşdırırsa
- Əzələ zəifliyi, balans problemi və ya digər nevroloji əlamətlər varsa
Nəticə
Uşaqlarda yastıayaqlıq və içə basma çox rast gəlinən hallardır və əksər vaxt böyümə prosesinin normal hissəsi sayılır. Hər fərqlilik müalicə tələb etmir və hər uşağın ortopedik içliyə ehtiyacı yoxdur.
Əsas məsələ uşağın ağrısız hərəkət etməsi, balansının normal olması və gündəlik həyat keyfiyyətinin qorunmasıdır. Valideynlər üçün ən doğru yanaşma panikaya düşmək deyil, uşağın yerişini müşahidə etmək və zərurət olduqda mütəxəssis qiymətləndirməsinə müraciət etməkdir.
Müasir elmi məlumatlar göstərir ki, elastik yastıayaqlığı olan bəzi uşaqlarda funksional tabanlıqlar və uyğun ayaqqabı kombinasiyası yeriş mexanikasını yaxşılaşdıra bilər. Bununla belə, müalicə hər uşaq üçün fərdiləşdirilməli, qərar yalnız ayağın görünüşünə deyil, uşağın şikayətləri, funksional vəziyyəti və ortopedik müayinənin nəticələrinə əsasən verilməlidir.
Unutmayaq ki, uşaqlarda məqsəd ayağın mükəmməl görünməsi deyil, ağrısız və funksional hərəkətin təmin olunmasıdır. Uşaq ağrısız oynayır, qaçır və gündəlik fəaliyyətində məhdudiyyət yaşamırsa, bir çox hallarda sadəcə düzgün müşahidə və mütəmadi izləmə kifayət edir.
Ədəbiyyat
- American Academy of Pediatrics (AAP). Understanding Pediatric Flat Feet
https://publications.aap.org/pediatricsinreview/article/46/7/409/202405/Understanding-Pediatric-Flat-Feet - American Academy of Orthopaedic Surgeons (AAOS). Flexible flatfoot in children
https://orthoinfo.aaos.org/en/diseases–conditions/flexible-flatfoot-in-children - American Academy of Orthopaedic Surgeons (AAOS). Intoeing in children
https://orthoinfo.aaos.org/en/diseases–conditions/intoeing/ - Pediatric Orthopaedic Society of North America (POSNA). Flat feet (Acquired flexible flat feet)
https://posna.org/physician-education/study-guide/flat-feet-%28acquired-flexible-flat-feet%29 - Pediatric Orthopaedic Society of North America (POSNA). Torsional problems (intoeing and out-toeing)
https://posna.org/physician-education/study-guide/torsional-problems - Halabchi F, Mazaheri R, Mirshahi M, Abbasian L. Pediatric flexible flatfoot; clinical aspects and algorithmic approach
https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC3684468/ - Mosca VS. Flexible flatfoot in children and adolescents
https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC2839866/ - Evans AM et al. Foot orthoses for treating paediatric flat feet
https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC8790962/ - Talley W, et al. Managing intoeing in children
https://www.aafp.org/pubs/afp/issues/2011/1015/p937.html
Mövzuya dair fotoşəkillər:





