Keçmiş həyat yoldaşını internetdə təhqirə görə məhkəməyə müraciət edilib
Azərbaycanda kişi keçmiş həyat yoldaşını internet üzərindən təhqiredici ifadələr yaymaqda ittiham edərək məhkəməyə verib.
Məlumata görə, Bəhruz Məlikov (adı, soyadı şərtidir) Abşeron Rayon Məhkəməsinə müraciət edərək keçmiş həyat yoldaşı Kəmalə Hacıyevanın (adı, soyadı şərtidir) sosial şəbəkə və “Getcontact” tətbiqi vasitəsilə onun şərəf və ləyaqətini alçaldan məzmunlar paylaşdığını iddia edib.
Şikayətçinin sözlərinə əsasən, tərəflər 2022-ci ildə ailə həyatı qurub, daha sonra isə nikahları məhkəmə qərarı ilə pozulub. Boşanmadan sonra aralarında mübahisələr yaranıb və bu, sonradan onlayn müstəviyə keçib.
İttihama görə, Kəmalə Hacıyeva müxtəlif istifadəçi adları ilə yaradılmış profillər vasitəsilə Bəhruz Məlikovun mobil nömrəsi ilə əlaqələndirilən səhifələrdə təhqiredici və alçaldıcı ifadələr yerləşdirib. Bu paylaşımların çoxsaylı istifadəçilər tərəfindən görüldüyü və iddiaya əsasən, şəxsin işgüzar nüfuzuna zərər vurduğu bildirilib.
İş materiallarına ekran görüntüləri, tətbiqdən götürülən yazışmalar və digər elektron sübutlar əlavə olunub. Araşdırma zamanı qadının əvvəlki dövrlərdə də oxşar əmələ görə Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək cərimə edildiyi qeyd olunub.
Məhkəmənin qərarına əsasən, Kəmalə Hacıyeva təhqir maddəsi üzrə təqsirli bilinsə də, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin edilməyib.
Mənbə: Bakuplus