Ölkəmizdə ən yüksək uzunömürlülük indeksləri dağlıq və dağətəyi ərazilərdə müşahidə olunur
Uzunömürlülük ayrı-ayrı rayonlarda müxtəlif səviyyədə müşahidə olunur. Rayonlararası fərqlər kifayət dərəcədə qabarıq olaraq ən aşağı 3,4 faizdən ən yuxarı 53,8 faizə qədər diapazonda dəyişir. Ölkə üzrə ən aşağı uzunömürlülük indeksləri Abşeron iqtisadi zonası, cənub-şərq və cənub-qərb bölgələrinin bəzi rayonlarında qeydə alınıb. Ən yüksək göstərici əsasən ölkənin dağlıq və dağətəyi ərazilərində müşahidə olunur. Şəhərlərdə uzunömürlülük indeksi rayonlarla müqayisədə daha aşağıdır. Coğrafi cəhətdən yaxın rayonlarda həmin göstəricilər oxşarlıq təşkil edir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağı və Səhiyyə Nazirliyinin kollegiyasının “İnsan sağlamlığı Azərbaycan cəmiyyətinin inkişafının əsasıdır” mövzusunda birgə elmi sessiyasında AMEA-nın Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova Azərbaycanda uzunömürlülüyün demoqrafik aspektlərindən danışarkən deyib.
Onun söylədiyinə görə, statistik məlumatların təhlili ölkədə uzunömürlülüyün coğrafiyasını müəyyən etməyə və müvafiq xəritənin tərtibinə imkan verib.