Gəray Gəraybəyli: Təəssüf ki, şəkərli diabet uşaqlar arasında tez-tez aşkarlanır

XX və XXI əsrlərin problemi olan şəkərli diabet təəssüf ki, Azərbaycanda uşaqlar arasında tez-tez aşkarlanır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası və Səhiyyə Nazirliyinin birgə elmi sessiyasında “Əhalinin sağlamlığının qorunması sahəsində tibb elminin müasir nailiyyətləri” mövzusunda çıxış edən Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli deyib.

ATU-da bu istiqamətdə tədqiqat işlərinin aparıldığını deyən rektor qeyd edib ki, şəkərli diabet olan uşaqlarda molekulyar-genetik müayinələr aparılmaqla diabetə meyilli olan ailələr aşkarlanıb: “Bu da gələcəkdə şəkərli diabet xəstəliyi ilə bağlı proqnoz vermək baxımından çox əhəmiyyətlidir”.

Onun sözlərinə görə, Azərbaycanda uşaqlarda rast gəlinən xəstəliklər arasında böyrək patologiyaları da xüsusi yer tutur.

G.Gəraybəyli əlavə edib ki, ATU-nun uşaq xəstəlikləri kafedralarında azçəkili yenidoğulanlarda prenatal patologiyaların erkən diaqnostikası və müalicə üsullarının təkmilləşdirilməsi üçün elmi tədqiqatlar da aparılır.

Onun sözlərinə görə, preeklampsiya və anemiyası olan qadınlardan doğulan azçəkili körpələrdə ürək-damar, mərkəzi sinir sistemi, böyrək zədələnmələri və mədə-bağırsaq traktının anadangəlmə inkişaf qüsurları erkən prenatal diaqnostik meyarlar kimi dəyərləndirilir.

 

Trend