Cümhuriyyət illərinin səhiyyəsi Təbabət Muzeyinin eksponatlarında

Vəba barakının qarşısında təcili yardım kareti dayanıb. Bakıdakı 19-cu lazaretdə ağxalatlı tibb işçiləri xərəklə xəstə daşıyırlar. Çarəsiz vəziyyətdə karetin yanında dayanan xəstələrin yaxınları həkim əllərindən imdad diləyirlər…

Bu maket vəba xəstəliyinin tüğyan elədiyi illərin mənzərəsini canlandırır. 1914-1917-ci illərdə indiki Kliniki Tibbi Mərkəzin yerində inşa edilmiş vəba barakları ölümağızlı xəstəlikdən xilas olmaq üçün ümid qapısına, şəfa mənbəyinə çevrilmişdi…

AZƏRTAC xəbər verir ki, Azərbaycan Təbabət Muzeyinin dördüncü zalında nümayiş olunan əsrin əvvəllərində ölkəmizdə tibbi mənzərəni əks etdirən bu səhnə təsadüfən seçilməyib. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti məhz belə bir dövrdə fəaliyyətə başlayıb.

32 il əvvəl yaradılan Təbabət Muzeyi xalqımızın tibbi təbabət tarixini əks etdirən maraqlı eksponatlar Cümhuriyyət dövründə özünün ilk addımlarını atan səhiyyə tariximizin ayrı-ayrı məqamlarını nümayiş etdirir.

Muzeyin ziyarətçiləri Kiyev, Xarkov, Moskva və Novorossiysk Universitetlərində təhsil almış azərbaycanlı həkimlərin, Birinci Dünya müharibəsində iştirak etmiş tibb işçilərinin, eləcə də lazaretlərdə hərbi həkim kimi çalışan Mustafa Hacıqasımov, Mirəsədulla Mirqasımov, Əlimuxtar Əliyev, Əliheydər Allahverdiyev və onlarla bir cərgədə əfsanəvi general Əliağa Şıxlinskinin həyat yoldaşı Nigar xanım Qayıbova–Şıxlinskayanın fotoşəkillərini izləmək imkanı əldə edirlər.

Eksponatlar arasında ötən əsrin əvvəllərində Bakıda neft sənayeçilərinin qərarına əsasən həmin dövr üçün müasir tibb avadanlıqları ilə təchiz edilmiş müalicəxanaların yaradılmasına aid çoxlu fotoşəkillər, sənədlər nümayiş etdirilir. Onların arasında Ramana feldşer məntəqəsi dövrün mənzərəsini göz önündə canlandırır. Vitrinlərdə XX yüzilliyin əvvəllərində həkimlərin istifadə etdiyi tibbi alətlər də ziyarətçiləri xəyalən bir əsr əvvəlki tarixə aparır.

Ölkəmizin tibb salnaməsini əks etdirən muzeyin yerləşdiyi bina tarixi və memarlıq baxımından böyük maraq və əhəmiyyət kəsb edir. Muzeyin giriş qapısına vurulan qranit barelyefdə 1914-1917-ci illərdə xalqımızın böyük oğlu Nəriman Nərimanovun müalicəxanasının məhz burada yerləşdiyi əksini tapıb.

Görkəmli dövlət, tibb və ədəbi xadim Nəriman Nərimanova həsr olunan ayrıca stenddə onun fəaliyyətinə işıq tutulur. XIX əsrin 90-cı illərində Qori Müəllimlər Seminariyasını başa vurandan sonra yeni əsrin əvvəllərində Odessa Universitetinin tibb fakültəsini bitirir və 1908-ci ildən Həştərxanda həkimlik fəaliyyətinə başlayıb. O, 1913-cü ildə Bakıya qayıdıb, bir il sonra isə Qaraşəhər xəstəxanasına həkim təyin olunub. 1918-ci il mayın 3-dək həmin xəstəxanada şöbə müdiri və baş həkim işləyib, sonralar onu 8 nömrəli şəhər xəstəxanasında baş həkim işləyib. Nərimanovun vəba haqqında, eləcə də “Qadın məsələləri haqqında”, “İslam və təbabət” kitabları da muzeydə nümayiş olunur.

1919-cu ildə Cümhuriyyətin qərarı ilə paytaxtda tarix-filologiya və tibb fakültələrindən ibarət Bakı Universiteti yaradılır. Burada universitetin ilk rektorları cərrah Vasili Razumovski və nevropatoloq Sergey Davidenko barədə də materiallar var. Eyni zamanda, muzeydə tibb fakültəsinin ilk buraxılışı, professor və müəllim heyəti barədə dolğun məlumatlar öz əksini tapıb.

Salonun vitrinindəki şəkillərdən Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri olmuş Xudadat bəy Rəfibəylinin nurlu siması boylanır. Əsrin əvvəllərində Xarkov Universitetinin tibb fakültəsini bitirəndən sonra Gəncədə cərrah kimi fəaliyyət göstərən Xudadat bəy Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri olub və hökumətin iki kabinəsində həmin vəzifəni daşıyıb. Bir il sonra Gəncəyə general-qubernator təyin edilən Cümhuriyyətin ilk səhiyyə naziri 1920-ci ilin aprelindən sonra həbs edilib və Gəncə üsyanının təşkilatçısı kimi xaincəsinə güllələnib. Onunla bağlı fotosənədlər səhiyyənin yeni təşəkkül tapmağa başladığı illərə güzgü tutur.

Kiyev Universitetinin tibb fakültəsinin məzunu, Əməkdar Elm Xadimi, Azərbaycan səhiyyəsində pediatriya xidmətinin təşkilatçısı Yevsey Gindesə həsr olunan xüsusi guşə də bir əsr əvvəlki tarixdən soraq verir. 1918-ci ildə onun “Bir yaşına qədər uşaq” adlı kitabı nəşr olunub. Ümumiyyətlə, görkəmli pediatrın rus, alman və fransız dillərində 160-dan çox əsəri çap olunub. Eksponatlar arasında onun əsərləri və Buzovnada sümük vərəmi sanatoriyasının tikinti işlərinin yerinə yetirilməsi üçün podratçı ilə bağladığı müqavilənin əsli nümayiş etdirilir. Gindes Cümhuriyyət dövründəki üçüncü hökumət kabinəsində səhiyyə naziri təyin olunub. Onun nazir olduğu dövrdə Bakıda və ölkəmizin digər yerlərində dövlət hesabına pulsuz xəstəxanalar açılması və yeni tibb ocaqlarının tikintisi üçün geniş hazırlıq işləri görülüb.

Muzeydə həmin dövrü əks etdirən sənədlər guşəsində Xarkovda tibbi təhsil almış Bahadır Qayıbovun şəkli var. O, 1918-ci ildə Bakıda Mixaylov xəstəxanasının baş həkimi, 1919-cu ilin avqustunda isə Bakı tibb-sanitar bürosunda müalicə şöbəsinin müdiri təyin edilib. Həkim-epidemioloq Bakıda vəba epidemiyasının ləğvində xüsusi xidmətlər göstərib.

Cəmi 23 ay yaşasa da, Azərbaycan Xalq Cümhuriyyətinin digər sahələrdə olduğu kimi, ölkə səhiyyəsinə verdiyi töhfələr tarixin yaddaşında silinməz izlər qoyub və zaman-zaman xatırlanır…

 

AZƏRTAC