Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi-nin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu-nda 5 may – Ümumdünya Əl Yuma Gününə həsr olunmuş maarifləndirici seminar təşkil edilib. Tədbir səhiyyə müəssisələrində infeksiya nəzarətinin gücləndirilməsi, tibb işçiləri arasında əl gigiyenasının əhəmiyyətinin artırılması və pasiyent təhlükəsizliyinin təmin olunması məqsədi daşıyıb.
Seminar zamanı qeyd olunub ki, əl gigiyenası xəstəxanadaxili infeksiyaların qarşısının alınmasında ən vacib və effektiv profilaktik tədbirlərdən biridir. Bu istiqamətdə keçirilən maarifləndirici tədbirlər həm tibb personalının bilik və bacarıqlarının artırılmasına, həm də səhiyyə müəssisələrində təhlükəsiz və sağlam mühitin formalaşdırılmasına mühüm töhfə verir.
Tədbirdə çıxış edən İnfeksiyaya Nəzarət Komissiyasının sədri, həkim-infeksionist Səbinə Cəfərova, komissiyanın üzvü dosent Gülnaz Ağayeva, institutun baş tibb bacısı Nazilə Məmmədova və rezident Günel Əzimova əl gigiyenasının düzgün tətbiqi, infeksiya nəzarəti və praktik yanaşmalar barədə ətraflı məlumat veriblər.
İştirakçılar tərəfindən mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb və gündəlik tibbi praktikada gigiyena qaydalarına ciddi əməl olunmasının vacibliyi bir daha vurğulanıb.
Qeyd olunub ki, İnstitut rəhbərliyi tərəfindən səhiyyə müəssisəsində maarifləndirici tədbirlərin, peşəkar inkişaf proqramlarının və pasiyent təhlükəsizliyinə yönələn təşəbbüslərin dəstəklənməsi bu istiqamətdə görülən işlərin daha da sistemli şəkildə həyata keçirilməsinə şərait yaradır.
Sonda bildirilib ki, bu kimi tədbirlər səhiyyə işçilərinin peşəkar hazırlığının artırılması, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi və cəmiyyət sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
