K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda valideyn himayəsindən məhrum uşaqların sağlamlığı diqqət mərkəzindədir
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda valideyn himayəsindən məhrum uşaqların sağlamlığının qorunması və onların keyfiyyətli tibbi xidmətlə təmin olunması istiqamətində müayinə və müalicə tədbirləri davam etdirilir.
2026-cı ilin ilk 4 ayı ərzində 30-a yaxın uşaq müayinədən keçirilib. Tədbirlər çərçivəsində Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən 1 saylı Körpələr Evinin sakinləri olan uşaqların sağlamlıq vəziyyəti daim nəzarətdə saxlanılır və onlara zəruri tibbi xidmət göstərilir.
İnstitutda uşaqlara ixtisaslaşmış tibbi yardım göstərilir, həkim göstərişi əsasında sünnət əməliyyatları icra olunur, əməliyyatdan sonrakı tibbi müşahidə və nəzarət həyata keçirilir. Son 5 ay ərzində 20-dən çox uşaq stasionar müayinə və müalicə alıb.
Bununla yanaşı, uşaqların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə diaqnostik və laborator müayinələr aparılır. Müayinələr çərçivəsində qanın ümumi analizi, CRP təyini, Hepatit B və C, sifilis və QİÇS üzrə laborator testlər həyata keçirilir. Zərurət yarandıqda müvafiq müalicə tədbirləri görülür.
Qeyd edək ki, Vaxtından əvvəl doğulmuşların patologiyası şöbəsində uzun müddətdir müalicə alan uşağın müalicə prosesi şöbənin həkimi Adilə Hacıyevanın nəzarəti altında davam etdirilir və yaxın günlərdə digər tibb müəssisəsinə köçürülməsi planlaşdırılır.
Keçirilən tədbirlərin əsas məqsədi uşaqların sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və onların keyfiyyətli tibbi xidmətlə təmin edilməsidir.



