Rafiq Bayramov: Oğlanlar arasında bronxial astmanın rastgəlmə tezliyi qızlara nisbətən 2 dəfə çoxdur
Bakı, 5 may, AZƏRTAC
Bronxial astma tənəffüs yollarının xronik qeyri-infeksion iltihabi xəstəliyidir. Dünyada insanların təxminən 4-10 faizində müşahidə edilən həmin xəstəlik Azərbaycanda da insanların sağlamlığına və həyat keyfiyyətinə təsir edən əsas bronx-ağciyər patologiyalarındandır. Oğlanlar arasında bronxial astmanın rastgəlmə tezliyi qızlara nisbətən 2 dəfə çox olub, 30 yaşda bərabərləşir. Hazırda dünyada 340 milyona yaxın insan bu xəstəlikdən əziyyət çəkir. Xəstələrin təxminən yarısı 10 yaşa qədər dövrdə aşkar olunur.
Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov məlumat verib. Onun sözlərinə görə, bronxial astma ilə xəstələnmədə müxtəlif faktorların rolu mövcuddur. Ən çox rast gəlinən allergik bronxial astmadır ki, o da müxtəlif allergenlərlə (məişət, qida allergenləri, pollinozlar) təmasda olduqda yaranır. Həmin allergenlərə məişət tozu, həmçinin gənə, siçan ifrazatı, o cümlədən ev əşyalarında – xalça, yataq ləvazimatları, mebel və oyuncaqlarda olan tozlar, evin təmizlənməsi zamanı yaranan tozlar, heyvanların, xüsusilə it və pişik tükləri, həmçinin quş tükü, rütubətli yerlərdə olan göbələk sporları, qurd invaziyaları, bitki tozları, xüsusən də bitkilərin çiçəkləməsi dövründə, yəni aprel ayından sentyabra qədər havada bitki tozlarının konsentrasiyasının artması, tütün tüstüsü, müxtəlif allergik qidalar və s. aiddir. Ancaq bu allergenlərlə təmasda olan hər kəsdə boğulma tutmaları inkişaf etmir. Bir sıra risk faktorlarının – irsi meyllik, zərərli şəraitdə işləmək, tənəffüs infeksiyaları, aktiv və passiv tütünçəkmənin təsiri nəticəsində bronxial astmanın yaranma ehtimalı artır. Bronxial astmanın yaranmasında əsas risk amili irsi, yəni genetik meyllikdir. Bu, ətraf mühitdə olan və tənəffüs yollarında allergik reaksiya törədən müxtəlif qıcıqlandırıcılara qarşı orqanizmin təhrif olunmuş reaksiyasına irsi meylliyin olmasıdır. Ailə üzvlərində allergik xəstəliklər, bronxial astma kimi patologiyalar olan şəxslərdə bronxial astmanın inkişafetmə riski yüksəkdir. Belə ki, bronxial astma xəstələrinin təxminən yarısı bir ailənin üzvləridir. Bronxial astma ilə xəstələnməyə iris meylliyin ana xətti ilə ötürülməsi atadan 5 dəfə çoxdur.
Bildirilib ki, bronxial astma zamanı öskürək tez-tez, əziyyətli və daimi xarakterli olur və gecələr və fiziki işdən, soyuq havanın təsirindən sonra arta bilir. Digər əlamət boğulma tutmalarıdır. Bu zaman bəzən xəstələr döş qəfəsinin sanki “sıxılması”ndan şikayət edir və tənəffüs o qədər məhdudlaşır ki, bu, nəfəs ala bilməmək qorxusu yaradır. Həmçinin bəlğəmin xaric edilməsinin çətinləşməsi, tənəffüs zamanı quru fitverici xırıltıların eşidilməsi və s. bronxial astmanın əlamətləri sırasındadır”.
R.Bayramov bildirib ki, bronxial astmanın əlamətlərindən şübhələndikdə həkim-pulmonoloqa müraciət etmək lazımdır. Diaqnozun qoyulmasında spirometriya, döş qəfəsi orqanlarının rentgenoqrafiyası, kompüter tomoqrafiya və s. müayinələrin əhəmiyyəti böyükdür. Əgər allergik simptomlar müşahidə olunursa, dəri-allergik testi və ya qanın müvafiq müayinələrinin aparılması tövsiyə edilə bilər. Bu müayinələr allergeni təyin etməyə və onun aradan qaldırılma zəruriliyini müəyyən etməyə imkan verə bilər. Bronxial astmanın müalicəsi zamanı xəstəliyi törədən əsas etioloji faktorun aradan götürülməsi lazımdır. Məsələn, allergik qidalardan pəhriz saxlamaq, allergiya mənbəyini evdən uzaqlaşdırmaq, küçəyə çıxdıqda ağız və burunu örtən xüsusi maskadan istifadə etmək və s. Bronxial astmanın müalicəsi zamanı bronx genəldici, öskürək əleyhinə, bəlğəm gətirici, iltihab əleyhinə və s. preparatlardan istifadə olunur.
Müxbir – Göyçək Mahmudlu
Mənbə: https://azertag.az/xeber/rafiq_bayramov_oglanlar_arasinda_bronxial_astmanin_rastgelme_tezliyi_qizlara_nisbeten_2_defe_choxdur-4168079