Təbiətin ən mükəmməl formulu: ana südünə müasir elmi baxış (ATU, müsahibə; 02.08.2026)

Baxış
532

İnsan südü laktasiya dövrünə, gestasiya yaşına və körpənin fizioloji ehtiyaclarına uyğun dəyişən dinamik bioloji sistemdir. Südün tərkibi həm laktasiya müddəti ərzində, həm də bir əmizdirmə zamanı dəyişir. Əmizdirmənin başlanğıcında ifraz olunan süd maye və laktoza ilə zəngin olur, prosesin sonuna doğru isə yağın konsentrasiyası artaraq südün enerji dəyərini yüksəldir.

İnsan südünün biologiyası

Vaxtından əvvəl doğulmuş körpələrin analarında ifraz olunan süd daha yüksək zülal və immun müdafiə faktorları ilə zəngin olub, yenidoğulmuşun artmış qidalanma və inkişaf ehtiyaclarına uyğunlaşır. Doğuşdan sonrakı ilk günlərdə ifraz olunan kolostrum az həcmli olsa da, yüksək bioloji aktivliyə malikdir. Tərkibindəki sekretor IgA, laktoferrin, lizozim, leykositlər və böyümə faktorları bağırsaq baryerinin formalaşmasını dəstəkləyir, patogen mikroorqanizmlərin çoxalmasını məhdudlaşdırır və erkən immun müdafiəni təmin edir.

Son tədqiqatlar göstərir ki, insan südü oliqosaxaridləri (HMOs) bağırsaq mikrobiotasının formalaşmasında mühüm rol oynayır. Onlar faydalı Bifidobacterium növlərinin inkişafını dəstəkləyir, patogenlərin bağırsaq epitelinə yapışmasının qarşısını alır və immun tolerantlığın formalaşmasına töhfə verir.

Bundan əlavə, insan südündəki ekzosomlar, mikroRNT-lər və kök hüceyrələr hüceyrələrarası siqnal ötürülməsinin tənzimlənməsində iştirak edir. Bu xüsusiyyətlər insan südünün yalnız qida mənbəyi deyil, həm də bioloji informasiya daşıyan funksional sistem olduğunu göstərir.

Ana südünün klinik əhəmiyyəti

Çoxsaylı kohort tədqiqatları, sistematik icmallar və meta-analizlər göstərir ki, ana südü ilə qidalandırma immun sisteminin inkişafına, metabolik sağlamlığın formalaşmasına və neyroinkişafa müsbət təsir göstərərək həm qısa, həm də uzunmüddətli sağlamlıq nəticələrini yaxşılaşdırır. Bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Amerika Pediatriya Akademiyası (AAP) və Avropa Uşaq Qastroenterologiyası, Hepatologiyası və Qidalanma Cəmiyyəti (ESPGHAN) ana südünü körpələrin qidalanmasının fizioloji etalonu hesab edirlər.

Ana südü ilə qidalandırılan körpələrdə aşağı tənəffüs yolu infeksiyaları, kəskin qastroenterit və otit kimi infeksion xəstəliklər daha az müşahidə olunur. Vaxtından əvvəl doğulmuş yenidoğulmuşlarda isə ana südü nekrotik enterokolit (NEK), gec başlanğıclı sepsis və digər ağır neonatal ağırlaşmaların riskini əhəmiyyətli dərəcədə azaldır. Ananın südü olmadıqda donor insan südü üstün alternativ hesab edilir.

Erkən dövrdə ana südü ilə qidalanma sonrakı metabolik sağlamlığa da müsbət təsir göstərir. Uzunmüddətli müşahidələr ana südü ilə qidalanan uşaqlarda piylənmə, 2-ci tip şəkərli diabet və metabolik sindromun inkişaf riskinin daha aşağı olduğunu göstərir.

İnsan südü immun tolerantlığın formalaşmasına töhfə verərək allergik xəstəliklərin və atopik dermatitin riskini azalda bilir. Tərkibindəki uzun zəncirli çoxlu doymamış yağ turşuları, xolin və taurin mərkəzi sinir sisteminin inkişafını dəstəkləyir və daha yaxşı koqnitiv inkişaf göstəriciləri ilə əlaqələndirilir.

Əmizdirmənin faydaları yalnız uşaqla məhdudlaşmır. Oksitosinin ifrazı uşaqlığın involusiyasını sürətləndirir və doğuşdan sonrakı qanaxma riskini azaldır. Uzunmüddətli perspektivdə isə əmizdirmə süd vəzi və yumurtalıq xərçəngi, 2-ci tip şəkərli diabet və bəzi ürək-damar xəstəliklərinin riskinin azalması ilə əlaqələndirilir.

Beynəlxalq tövsiyələr və müasir yanaşmalar

Ana südü ilə qidalandırmanın uğuru insan südünün bioloji xüsusiyyətləri ilə yanaşı, sübuta əsaslanan klinik yanaşmaların düzgün tətbiqindən də asılıdır. ÜST, AAP və ESPGHAN laktasiyanın başlanması, dəstəklənməsi və davam etdirilməsi ilə bağlı vahid elmi tövsiyələr təqdim edirlər.

Doğuşdan sonrakı ilk saat (“qızıl saat”) əmizdirmənin uğurlu başlanması üçün kritik dövr hesab olunur. Dəri-dəriyə təmasın təmin edilməsi və əmizdirməyə həyatın ilk saatında başlanılması laktasiyanın uğurlu başlanmasını dəstəkləyir, kolostrumun erkən qəbulunu təmin edir və əmizdirmənin davamlılığını artırır. Bundan əlavə, erkən təmas yenidoğulmuşun termorequlyasiyasına və postnatal adaptasiyasına müsbət təsir göstərir.

Tövsiyələrə əsasən, sağlam körpələrin həyatının ilk 6 ayı ərzində yalnız ana südü ilə qidalandırılması məqsədəuyğundur. Bu dövrdə ana südü körpənin enerji, qida maddələri və maye tələbatını tam qarşılayır. Tibbi göstəriş olmadıqda əlavə su, çay və ya digər mayelərin verilməsi tövsiyə edilmir.

Altıncı aydan etibarən yaşa uyğun əlavə qidalar başlanmalı, eyni zamanda ana və uşağın istəyi olduğu müddətcə əmizdirmə iki yaşa qədər və ya daha uzun davam etdirilməlidir. Əmizdirmənin davamlılığında doğum müəssisələrinin və tibb işçilərinin rolu mühümdür. “Körpə Dostu Xəstəxana” (BFHI) prinsiplərinin tətbiqi və analara erkən laktasiya dəstəyinin göstərilməsi əmizdirmə göstəricilərini artırır. Əmizdirmənin erkən dayandırılması əksər hallarda fizioloji süd çatışmazlığından deyil, kifayət qədər məlumat və peşəkar dəstəyin olmamasından qaynaqlanır.

Müasir təlimatlar əmizdirən analara tətbiq edilən tibbi məhdudiyyətlərin yenidən qiymətləndirilməsini tövsiyə edir. Sübutlar göstərir ki, əksər dərman vasitələri, diaqnostik prosedurlar və anesteziya preparatları əmizdirmənin dayandırılmasını tələb etmir. Klinik qərarlar preparatın farmakokinetik xüsusiyyətləri və risk–fayda nisbəti nəzərə alınaraq fərdiləşdirilməlidir.

Müasir elmi sübutlar

Müasir pediatriyada ana südü yalnız qida mənbəyi deyil, həm də erkən həyat dövründə sağlamlığın formalaşmasına təsir göstərən mürəkkəb bioloji sistem kimi qiymətləndirilir. DOHaD (Developmental Origins of Health and Disease) konsepsiyasına əsasən, həyatın ilk 1000 günü böyümə, inkişaf və gələcək sağlamlığın formalaşması baxımından kritik dövr hesab olunur.

İnsan südünün bioaktiv komponentləri, o cümlədən oliqosaxaridlər (HMOs), ekzosomlar və mikroRNT-lər immun sisteminin tənzimlənməsində, bağırsaq mikrobiomunun formalaşmasında və hüceyrələrarası siqnal ötürülməsində mühüm rol oynayır.

2026-cı ildə “Clinical Epigenetics” jurnalında dərc olunmuş PACE Konsorsiumunun araşdırması yalnız ana südü ilə qidalandırmanın uşaqlarda DNT metilləşmə nümunələri ilə əlaqəli olduğunu göstərib. Eyni zamanda “The American Journal of Clinical Nutrition” jurnalında dərc olunan tədqiqat uzunmüddətli əmizdirmənin analarda metabolik sağlamlığın yaxşılaşması ilə əlaqəli olduğunu göstərib. Son kohort tədqiqatları və sistematik icmallar isə yalnız ana südü ilə qidalandırmanın uşaqlarda respirator infeksiyalar səbəbindən hospitalizasiya riskini əhəmiyyətli dərəcədə azaltdığını təsdiqləyir. Bu məlumatlar ana südü ilə qidalandırmanın təşviqinin uşaq və ana sağlamlığının yaxşılaşdırılması baxımından mühüm ictimai səhiyyə strategiyası olduğunu göstərir.

Milli səhiyyənin prioritet istiqaməti

Ana südü ilə qidalandırmanın təşviqi yalnız beynəlxalq təşkilatların tövsiyəsi deyil, həm də Azərbaycanda ana və uşaq sağlamlığının qorunması sahəsində həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Azərbaycan Respublikasının qanunvericiliyində ana südünün üstünlüyünün təşviqi və döşlə əmizdirmənin müdafiəsi xüsusi yer tutur ki, bu da ana və uşaq sağlamlığının qorunmasına, əmizdirmənin dəstəklənməsinə və valideynlərin düzgün məlumatlandırılmasına xidmət edir.

Bu yanaşmaya uyğun olaraq, Azərbaycan Tibb Universitetində ana südü ilə qidalandırmanın elmi və klinik əsaslarının tədrisinə xüsusi önəm verilir. Müasir elmi sübutlar ana südünün uşaq və ana sağlamlığı üçün qısa və uzunmüddətli üstünlüklərini təsdiqləyir və onun təşviqinin milli səhiyyənin prioritet istiqamətlərindən biri olduğunu göstərir. Ana südü ilə qidalandırmanın təşviqi və müdafiəsi hər birimizin məsuliyyətidir. Cəmiyyətin bütün üzvləri, xüsusilə səhiyyə sahəsində çalışan mütəxəssislər ana südü ilə qidalandırmanın elmi cəhətdən əsaslandırılmış üstünlükləri barədə məlumatlı olmalı, sübuta əsaslanan tövsiyələri dəstəkləməli və valideynlərin düzgün maarifləndirilməsinə töhfə verməlidirlər. Ana südü ilə qidalandırmanın elmi əsaslarının cəmiyyətə düzgün və əlçatan şəkildə çatdırılması gələcək nəsillərin sağlamlığının qorunmasına mühüm töhfə verə bilər.

Nərmin Əzizova

Azərbaycan Tibb Universitetinin I Uşaq xəstəlikləri kafedrasının əməkdaşı

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin