Əsəb və xərçəng xəstələrinin sayı niyə kəskin artıb? - Çıxış yolları

Baxış
39

Dövlət Statikstika Komitəsinin son açıqladığı rəqəmlərə görə, 2024-cü il ilə müqayisədə əsəb xəstələrinin sayı 47.8% artıb. Bundan başqa, xərçəng xəstələrinin sayı da son 15 ildə 73 faiz çoxalıb.

Görəsən, bu artımın səbəbləri nədir və çıxış yolu nədən ibarətdir?

Məsələ ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, bu rəqəmləri düzgün şərh etmək vacibdir.

Onun sözlərinə görə, statistikada qeydə alınan xəstələrin sayının artması hər zaman xəstəliyin real yayılmasının eyni faizlə artması demək deyil:

“Burada həm xəstələnmənin real artımı, həm insanların tibbi xidmətə daha çox müraciət etməsi, diaqnostika imkanlarının genişlənməsi, xəstəliklərin daha erkən aşkarlanması və qeydiyyat sisteminin təkmilləşməsi rol oynaya bilər. Sinir sistemi xəstəliklərinə gəldikdə, son statistik məlumatlarda 30 yaş və yuxarı əhali arasında 2024-cü illə müqayisədə 47.8 faizlik artım diqqət çəkir. Bu, əlbəttə, ciddi araşdırılmalı göstəricidir. Lakin bir illik belə böyük dəyişiklik gördükdə yalnız “insanlar daha çox xəstələnib” nəticəsinə gəlmək düzgün olmazdı. Diaqnostika və qeydiyyat metodologiyasında, tibbi xidmətə müraciət sayında və xəstəliklərin aşkarlanmasında baş verən dəyişikliklər də ayrıca təhlil edilməlidir. Xərçənglə bağlı uzunmüddətli rəqəmlər isə başqa xarakter daşıyır. 2010-cu ildə ilk dəfə bədxassəli şiş diaqnozu qoyulanların sayı hər 100 min nəfərə 85.4 nəfər idisə, 2025-ci ildə 147.8 nəfər olub. Yəni 15 ildə təxminən 73 faiz artım qeydə alınıb. Bununla belə, 2024-cü illə müqayisədə 2025-ci ildə həmin göstərici 148.6-dan 147.8-ə enib. Deməli, söhbət son bir ildə kəskin artımdan deyil, uzunmüddətli tendensiyadan gedir”.

Deputat əlavə edib ki, xərçəng xəstəliklərinin artmasında əhalinin yaşlanması, tütün istifadəsi, artıq çəki və fiziki passivlik, qeyri-sağlam qidalanma, alkoqol, bəzi infeksiyalar, ətraf mühit və peşə riskləri kimi çoxsaylı faktorlar rol oynaya bilər:I

“Digər tərəfdən, müasir diaqnostika və skrininq imkanlarının genişlənməsi əvvəllər aşkarlanmayan xəstəliklərin daha erkən müəyyən edilməsinə gətirib çıxarır. Müalicənin yaxşılaşması və xəstələrin daha uzun yaşaması isə qeydiyyatda olan ümumi xəstə sayını artıran müsbət amillərdən biridir. Ona görə də əsas məqsədimiz yalnız bu rəqəmlərdən narahat olmaq deyil, onların səbəblərini elmi əsaslarla müəyyənləşdirmək və profilaktikanı gücləndirmək olmalıdır. Tütünlə mübarizə, sağlam qidalanma, fiziki aktivliyin artırılması, piylənmə və diabetin qarşısının alınması, peyvənd proqramları, yaş və risk qruplarına uyğun sübuta əsaslanan xərçəng skrininqləri, eləcə də ilkin səhiyyə xidmətinin gücləndirilməsi burada əsas istiqamətlərdir. Ən vacibi isə səhiyyə siyasətində xəstəliyi yalnız müalicə etməyə deyil, onun yaranmasının qarşısını almağa daha çox resurs ayırmaqdır. Çünki uzunmüddətli perspektivdə ən effektiv və ən az maliyyə tələb edən səhiyyə modeli xəstəlik baş verdikdən sonra onu müalicə edən deyil, mümkün olduğu qədər xəstəliyin qarşısını alan sistemdir”.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin