Ana südü: Sağlam inkişafın və sağlam gələcəyin başlanğıcı

Baxış
45

Həyatın ilk günləri insan ömrünün ən həssas və eyni zamanda ən sürətli inkişaf dövrüdür. Məhz bu dövrdə uşağın beyin inkişafı, immun sistemi, bağırsaq mikrobiotası və metabolik proqramlaşması formalaşır. İnkişaf pediatriyasının əsas prinsiplərindən biri də budur: erkən dövrdə verilən düzgün dəstək bütün həyat boyu sağlamlığın təməlini qoyur. Bu dəstəyin ən mühüm komponenti isə ana südüdür.

Ana südü təkcə ideal qida deyil. O, körpənin yaşına və ehtiyaclarına uyğun tərkibi dəyişən, canlı immunoloji və bioloji xüsusiyyətlərə malik unikal bir sistemdir. Ana südü infeksiyalardan qoruyur, sağlam bağırsaq mikrobiotasının formalaşmasını dəstəkləyir, beyin inkişafına müsbət təsir göstərir və gələcəkdə piylənmə, şəkərli diabet, allergik xəstəliklər və digər qeyri-infeksion xəstəliklərin riskini azaldır.

İnkişaf pediatriyası baxımından ana südü yalnız fiziki inkişaf üçün deyil, həm də erkən neyroinkişaf, emosional bağlılıq, öyrənmə qabiliyyəti və psixososial rifah üçün mühüm əhəmiyyət daşıyır. Ana ilə körpə arasında yaranan təhlükəsiz emosional əlaqə uşağın sosial və emosional inkişafının əsasını təşkil edir.

Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF həyatın ilk 6 ayında yalnız ana südü, daha sonra isə uyğun əlavə qidalarla birlikdə 2 yaşa qədər və daha uzun müddət ana südü ilə qidalanmanı tövsiyə edir.

Bu il Ümumdünya Ana Südü Həftəsi “Prioritize Breastfeeding: Create Sustainable Support Systems” (“Ana südünə üstünlük verək: Dayanıqlı dəstək sistemləri yaradaq”) şüarı altında keçirilir. Bu mesaj bizə xatırladır ki, uğurlu ana südü ilə qidalanma yalnız ananın şəxsi məsuliyyəti deyil. Bunun üçün ailələrin, səhiyyə işçilərinin, işəgötürənlərin, dövlət qurumlarının və bütövlükdə cəmiyyətin dəstəyi vacibdir.

Dayanıqlı dəstək sistemləri yaradılmadan ana südü ilə qidalanmanın davamlılığını təmin etmək mümkün deyil. Xüsusilə prematür doğulan və xüsusi qayğıya ehtiyacı olan körpələr üçün ana südü həyati əhəmiyyət daşıyır. Bu səbəbdən ana südünün təşviqi təkcə qidalanma strategiyası deyil, həm də erkən inkişafın, sağlam nəslin və gələcək insan kapitalının formalaşdırılmasına yönəlmiş mühüm ictimai sağlamlıq siyasətidir.

Ana südünü qorumaq, təşviq etmək və dəstəkləmək hər birimizin məsuliyyətidir. Çünki ana südünə qoyulan sərmayə sağlam uşağa, sağlam ailəyə və sağlam gələcəyə qoyulan sərmayədir.

Dos. Dr. Nigar Bayramova

ATU-nun I Uşaq sağlamlığı və xəstəlikləri kafedrasının İnkişaf və sosial pediatriya üzrə mütəxəssisi

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin