Payızın görünməyən təhlükəsi: qapalı məkanlarda respirator viruslar

Baxış
38

Payızın gəlişi ilə havanın temperaturu və rütubət dəyişir, uşaqlar isə yay tətilindən sonra məktəb və bağça kollektivlərinə qayıdırlar.  Bu dövrdə respirator infeksiyaların sayında artımın müşahidə olunması təkcə soyuq hava şəraiti ilə əlaqədar deyil. Çünki soyuq hava birbaşa immuniteti zəiflətmir. Bunun əsas səbəbi uşaqların bir-biri ilə daha çox və yaxın təmasda olması, virusların yayılması üçün əlverişli şəraitin yaranmasıdır.
Bu dövrdə uşaqlarda əsasən kəskin respirator virus infeksiyaları, qrip, COVİD-19, otit, bronxit kimi xəstəliklərə daha çox rast gəlinir.

Xüsusilə qapalı məkanlarda uşaqların uzun müddət bir yerdə olması respirator virusların bir uşaqdan digərinə keçməsini asanlaşdırır. Buna görə də payız aylarında kəskin respirator infeksiyaların sayında artım müşahidə olunur.
Havanın kəskin dəyişməsi, temperaturun enməsi və rütubətin artması bəzi uşaqlarda tənəffüs yollarının həssaslığını artırır. Eyni zamanda soyuq hava bronxial astması olan uşaqlarda öskürək, xırıltı və nəfəs darlığına səbəb ola bilər. Xüsusi risk qrupuna bronxial astması olan uşaqlar, ailəsində astma və ya allergiya olan uşaqlar, vaxtından əvvəl və ya aşağı çəki ilə doğulan uşaqlar aiddir.
Adi mövsümi soyuqdəymə ilə daha ciddi infeksiya fərqləndirilməlidir.

Mövsümi soyuqdəymə əksər hallarda yüngül keçir. Bu zaman uşağın vəziyyəti, adətən, qənaətbəxş olur və bir neçə gün ərzində tədricən yaxşılaşır. Əgər yüksək hərarət uzun müddət davam edirsə, uşaq çox halsızdırsa, nəfəsalma çətinləşirsə, davamlı və güclü öskürək varsa, uşaq maye qəbul edə bilmirsə, təkrar qusma və səpgi müşahidə olunursa, mütləq pediatra müraciət etmək lazımdır.
İmmun sisteminin sağlam fəaliyyətini dəstəkləmək ilk növbədə həyat tərzinin düzgün təşkilindən keçir. Ona görə də təmiz havada kifayət qədər vaxt keçirmək, balanslı və adekvat qidalanmaq, fiziki aktivlik, evdə havanın keyfiyyətini və rütubətini optimal saxlamaq, uşağı hava şəraitinə uyğun geyindirmək və şəxsi gigiyena qaydalarına əməl etmək olduqca zəruridir.

Səbinə Zeynalova
ATU-nun I Uşaq xəstəlikləri kafedrasının assistenti 

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin