Uşaqlara paylanan zədəli dərsliklərlə bağlı RƏSMİ AÇIQLAMA
Övladları birinci sinifdə təhsil alan bir qrup valideyn bəzi dərsliklərin istifadəyə yararsız olduğunu bildirir. Valideynlərin sözlərinə görə, dərs vəsaitləri əvvəlki birincilər tərəfindən korlanıb, yazılıb və üstündə işlənib. Bəzi dərsliklərin üzərində qələmlə yazılar olduğu üçün onları ümumiyyətlə silmək mümkün deyil.
Belə olan halda sual yaranır:
Dərsliklərin vəziyyəti barədə monitorinq aparılırmı? Hər il istifadəyə yararsız hesab edilən dərsliklər yenilənirmi?
Mövzu ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq Məkətəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, məktəbəhazırlıq qrupları və I siniflər üzrə şagirdlərə verilən dərsliklərdə zədələnmə halları qeydə alındığı halda, müraciət əsasında həmin dərsliklərin əvəzlənməsi mümkündür:
“Məktəbəhazırlıq qrupları və I siniflər üzrə şagirdlərin dərslik və digər tədris-metodik vasitələrlə hər tədris ili üçün yeni nüsxələrlə təmin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş qaydalara əsasən həyata keçirilir.
Məktəbəhazırlıq və I siniflər üçün nəzərdə tutulan kağız dərslik, dərs vəsaiti və digər tədris-metodik vasitələrin istifadəyə yararlılıq müddəti bir tədris ili müəyyən edilib. Bu səbəbdən həmin siniflər üzrə dərsliklər hər il yeni tədris ili üçün şagirdlərin proqnoz sayına uyğun olaraq çap olunur və istifadəyə verilir.
Bu yanaşmanın əsas xüsusiyyətlərindən biri də odur ki, məktəbəhazırlıq və I siniflərdə şagirdlər dərsliklərdən istifadə zamanı tapşırıqları birbaşa kitab üzərində yerinə yetirir, müxtəlif qeydlər aparırlar. Nəticədə həmin dərsliklərin növbəti tədris ilində digər şagirdlər tərəfindən istifadəsi nəzərdə tutulmur. Bu yanaşmanın məqsədi məktəbəhazırlıq və I siniflər üzrə dərsliklərin hər il yeni nüsxələrlə təqdim edilməsi şagirdlərin tədris prosesində dərsliklərdən daha səmərəli və məqsədyönlü istifadəsini təmin edən mövcud qaydalara uyğun tətbiqdir.
Qeyd edirik ki, məktəbəhazırlıq qrupları və I siniflər üzrə şagirdlərə verilən dərsliklərdə zədələnmə halları qeydə alındığı halda, müraciət əsasında həmin dərsliklərin əvəzlənməsi mümkündür”, – deyə açıqlamada qeyd olunub.
Fəridə, Bizim.Media