TƏBİB-in idarəetməsində mühüm dəyişiklik – Müşahidə Şurasının yeni tərkibi təsdiqləndi
Azərbaycan Respublikası Prezidentinin Səhiyyə və tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2006-cı il 25 may tarixli 413 nömrəli, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli, “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli, “Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılması haqqında” 2019-cu il 23 dekabr tarixli 895 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Fərmanına əsasən TƏBİB-in fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və digər 4 (dörd) üzvdən ibarət Müşahidə Şurası yaradılmışdır.
Həmin Fərmana əsasən TƏBİB-in Müşahidə Şurası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədrindən (sədr olmaqla), Azərbaycan Respublikası səhiyyə nazirinin müavinindən, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinindən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavinindən və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədrindən ibarət tərkibdə formalaşdırılır.
Bununla yanaşı, müəyyən edilmişdir ki, TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi Müşahidə Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İcraçı direktor və onun 3 (üç) müavini həyata keçirir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2023-cü il 1 may tarixli 2130 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 8 aprel 2026-cı il tarixli Fərmanı imzalanmışdır.
Həmçinin Azərbaycan Respublikası Prezidentinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında 8 aprel 2026-cı il tarixli Sərəncamına əsasən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilmişdir:
Müşahidə Şurasının sədri:
Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi
Müşahidə Şurasının üzvləri:
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri.