Azərbaycan alimlərinin növbəti elmi uğuru
Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının müdiri, professor Aytən Məmmədbəyli və həmin kafedranın dosenti Şəhla Məlikovanın elmi məqaləsi yüksək impakt faktorlu, beynəlxalq elmi bazalarda indeksləşən Q2 kateqoriyalı jurnalda dərc olunub.
“Seizure control, delivery, and neonatal outcomes in pregnant women with focal epilepsies: a prospective cohort study” adlı tədqiqat Böyük Britaniyanın nevrologiya sahəsində nüfuzlu elmi nəşrlərindən biri olan “Seizure: European Journal of Epilepsy” jurnalında çap edilib.

Aparılan tədqiqatda epilepsiyalı hamilə qadınlarda hamiləlik dövründə doğuş və neonatal nəticələrə təsir edən əsas amillər araşdırılıb. Müəlliflər bu sahədə indiyədək kifayət qədər öyrənilməmiş mühüm göstəriciləri ilk dəfə təqdim edərək, onların təsirini elmi əsaslarla təhlil ediblər.
Qeyd edək ki, bu, müəlliflərin sözügedən jurnalda artıq üçüncü elmi nəşridir və bu fakt onların beynəlxalq elmi mühitdə artan nüfuzunun göstəricisidir.
Bundan əlavə, tədqiqatın bəzi nəticələri 2025-ci ilin oktyabr ayında “Revue Neurologique” jurnalında da dərc olunub.

Pediatriya.az kollektivi olaraq professor Aytən Məmmədbəyli və dosent Şəhla Məlikovanı ürəkdən təbrik edir, onlara gələcək elmi fəaliyyətlərində yeni uğurlar arzulayırıq!