Azərbaycan səhiyyəsi tanınmış alim-həkimini itirdi

Baxış
1699

Azərbaycan tibb elminə və pediatriya sahəsinə uzun illər töhfələr vermiş tanınmış həkim-alim, dosent Talışlı Zahirə Sulduz qızı vəfat edib.

Zahirə Talışlı 15 avqust 1947-ci ildə Lənkəran şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Orta təhsilini doğma şəhərində başa vurduqdan sonra 1964-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsinə daxil olmuş, 1970-ci ildə institutu bitirmişdir.

Zahirə Talışlı

Əmək fəaliyyətinə Lənkəran şəhər uşaq poliklinikasında sahə həkimi kimi başlamışdır. 1971-ci ildə klinik ordinaturaya daxil olaraq Moskva Tibb Akademiyasının Elmi-Tədqiqat Pediatriya İnstitutuna ezam olunmuşdur. Təhsilini başa vurduqdan sonra Bakı şəhəri 19 saylı uşaq poliklinikasında, daha sonra isə 12 saylı Birləşmiş Uşaq Xəstəxanasında şöbə müdiri vəzifəsində çalışmış, 1987-ci ilə qədər bu vəzifədə fəaliyyət göstərmişdir.

1987-ci ildə “Изучение морфофункциональной активности эритроцитов при пневмонии у детей раннего возраста” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Müdafiədən sonra 1987–1989-cu illərdə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda kiçik elmi işçi kimi çalışmışdır.

1989-cu ilin yanvar ayından etibarən Azərbaycan Tibb Universitetinin Uşaq xəstəlikləri kafedrasında fəaliyyətə başlamış, 1998-ci ilin mart ayından dosent vəzifəsinə yüksəlmişdir.

2010-cu ildən ATU-nun Tədris Terapevtik Klinikasının I Pediatriya şöbəsində, 2016-cı ildən isə yenidən K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun bazasında çalışmışdır.

Zahirə Talışlı ömrünü uşaqların sağlamlığına, gənc həkimlərin hazırlanmasına və pediatriya elminin inkişafına həsr etmişdir. Onun zəngin elmi və pedaqoji fəaliyyəti, yüksək insani keyfiyyətləri həmkarları və tələbələri tərəfindən daim ehtiramla xatırlanacaq.

Pediatriya.az kollektivi mərhumun ailəsinə, yaxınlarına və bütün tibb ictimaiyyətinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin, məkanı cənnət olsun.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin