Avropada qızılcaya yoluxanların sayı dörd dəfə artıb
Qızılca Dünya Səhiyyə Təşkilatının (DST) Avropa regionuna qayıdır: 2017-ci ildə qızılca xəstəliyinə yoluxanların sayı əvvəlki illə müqayisədə dörd dəfə artıb. Xəstəliyin daha çox yayılması Rumıniya, İtaliya və Ukraynada müşahidə edilib.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, DST qızılcaya qarşı peyvənd etdirməyənlərin xəstəliyin əsas qurbanlarına, eləcə də daşıyıcılarına çevrildiyini xatırladır. Təşkilatın məlumatına görə, 2016-cı ildə Avropa regionunda ən az yoluxma halı qeydə alınıb: xəstəliyə 5273 nəfər tutulub. Lakin 2017-ci ildə bu rəqəm 21 mini keçib, üstəlik 35 nəfər ölüb.
Ötən il qızılca və məxmərək daha 12 ölkədə, o cümlədən Böyük Britaniya, Almaniya, Yunanıstan, Rusiya, Serbiya və Fransada geniş yayılıb. İlin sonuna xəstəliyin yayılmasının qarşısı alınıb.
DST-nin Avropa bürosu vurğulayır ki, qızılca və məxmərəyin qarşısını almaq region ölkələrinin öhdəlik götürdüyü prioritet vəzifədir. Bu gün 11 ölkənin səhiyyə nazirləri 2020-ci ilədək vaksinasiyaya aid, eləcə də qızılca və məxmərəyin qarşısının alınması üçün birgə addımları müzakirə edəcəklər.