Dərman vasitələrinin düzgün qəbul edilməməsi də zəhərlənməyə səbəb olur

Azərbaycanda 2016-cı ildə dərmandan zəhərlənmə halları 732 dəfə müşahidə edilibsə, 2017-ci ildə 714 dəfə belə hal baş verib. Ən çox kəskin zəhərlənmə verən sedativ, yuxugətirən və qıcolma əleyhinə olan preparatlardır. Lakin zəhərlənmə halları bir çox hallarda dərmanın keyfiyyəti və dozası ilə deyil, istifadəçinin ondan düzgün istifadə etməməsi nəticəsində baş verir. Təəssüf ki, zəhərlənmə hallarının 17 faizi valideynlərin nəzarətindən yayınaraq dərmanlardan istifadə edən uşaqlarda müşahidə olunub. Kəskin zəhərlənmələrə aid olmayan medikamentoz və kimyəvi maddələrə əlavə təsirlərlə əlaqədar 2016-cı ildə 246, 2017-ci ildə isə 230 xəstə olub. Müşahidələr göstərir ki, həmin hallar əsasən başağrısı zamanı istifadə olunan dərmanlar və antibiotiklərin qəbulu nəticəsində yaranır.

AZƏRTAC xəbər verir ki, bu barədə həkim-toksikoloq, Azərbaycan Tibb Universitetinin dosenti İsmayıl Əfəndiyev dərman vasitələrindən zəhərlənmələrlə əlaqədar jurnalistlər üçün keçirilən mətbuat konfransında məlumat verib.

Onun dediyinə görə, virus infeksiyası zamanı qəbul edilən antibiotik vasitələrin heç bir müalicəvi təsiri yoxdur, əksinə həmin vaxt orqanizmin immuniteti zəiflədiyinə görə, allergiya və digər xoşagəlməz fəsadlara səbəb olur.

Analitik Ekspertiza Mərkəzinin farmakonəzarət sektorunun müdiri Emin Quliyevin verdiyi məlumata görə, ötən ilin yekunlarına görə 150-yə yaxın dərman vasitəsinin əlavə təsiri haqqında bildiriş əldə edilib. Bu ilin yanvarında isə 150-dən artıq dərman vasitəsi haqqında məlumat verilib. Şöbə müdirinin dediyinə görə, həddindən çox allergik reaksiyalar və anafilaktik şok verdiyinə görə “Bioporoks” və “Sonofaks” kimi dərman vasitələrinin satışı qadağan edilib.

 

AZƏRTAC