Psixoloq: Uşaqların animatorlardan qorxması normal psixoloji reaksiyadır

Baxış
221

Bakı, 20 fevral, P.Qafarova, AZƏRTAC

Uşaqların sevdikləri personajları real həyatda animator kostyumunda gördükdə qorxu hissi keçirməsi normal və tez-tez rast gəlinən psixoloji reaksiyadır. Bu hal xüsusilə 2-6 yaş arası uşaqlarda daha çox müşahidə olunur, çünki həmin dövrdə uşaq fantaziya ilə reallıq arasındakı sərhədləri hələ tam ayıra bilmir.

Bu barədə AZƏRTAC-a açıqlamasında uşaq psixologiyası üzrə mütəxəssis İlkin Kazımlı bildirib.

O qeyd edib ki, televiziyada və ya telefonda gördüyü sevimli obrazın real həyatda böyük ölçüdə, səsli, maskalı və hərəkətli formada qarşısına çıxması uşaq beyni tərəfindən gözlənilməz və bəzən təhlükəli vəziyyət kimi qəbul edilə bilər. Bu zaman bir neçə psixoloji mexanizm rol oynayır. Gözlənilməzlik faktoru, animatorun mimikasının görünməməsi, fərqli səs tonu və obrazın uşağın alışdığı ölçüdən daha böyük olması narahatlıq hissini gücləndirir.

Mütəxəssis qeyd edib ki, bəzi hallarda uşaqlar televiziya obrazı ilə reallıq arasındakı uyğunsuzluğu hiss edir ki, bu da onlarda qəribəlik və qorxu yaradır. Həmçinin temperamentinə görə daha həssas olan uşaqlar yüksək səsə, parlaq rənglərə və iri obyektlərə daha güclü reaksiya verə bilirlər.

İlkin Kazımlı valideyn davranışının bu vəziyyətdə həlledici rol oynadığını vurğulayıb. Bildirib ki, uşağı qorxusuna baxmayaraq, məcbur etmək, ona “qorxmağa heç nə yoxdur”, “get salam ver” kimi təzyiqedici yanaşmalar narahatlığı daha da artıra bilər. Bu zaman uşaq öz emosiyasının anlaşılmadığını düşünür və təhlükə hissi güclənir.

Valideynlərə tövsiyə olunur ki, şənliyə animator dəvət ediləcəkləri halda, uşağı əvvəlcədən məlumatlandırsınlar, animatorun şəkillərini göstərsinlər və bunun sadəcə kostyum geyinmiş insan olduğunu izah etsinlər. Bu, vəziyyəti uşağın şüurunda daha tanış və təhlükəsiz edir.

“Şənlik zamanı uşağın animatorla ünsiyyətə məcbur edilməsi düzgün deyil. Ən sağlam yanaşma mərhələli yaxınlaşmadır. Uşaq əvvəl uzaqdan müşahidə edib, valideyninin yanında qalaraq tədricən öyrəşə bilər. Uşağın tempinə hörmət etmək onun təhlükəsizlik hissini qoruyur”, – deyə İlkin Kazımlı qeyd edib.

Psixoloq əlavə edib ki, uşağın emosiyalarını qəbul etmək vacibdir. “Sənin qorxduğunu görürəm, bu sənin üçün yeni bir vəziyyətdir” kimi ifadələr uşağı sakitləşdirir və onda güvən hissi yaradır. Təhlükəsizlik hissi artdıqca qorxu reaksiyası da zəifləyir”.

Qeyd olunub ki, animator seçimində də diqqətli olmaq lazımdır. Daha sakit davranan, uşağa qəfil yaxınlaşmayan, yumşaq mimikalı personajlar uşaqlar üçün daha uyğun hesab edilir. Bəzi hallarda əvvəl maskasız tanışlıq, daha sonra kostyumlu çıxış uşağın adaptasiyasını asanlaşdıra bilər.

“Animator qorxusu əksər hallarda uşağın inkişaf xüsusiyyətləri ilə bağlı normal reaksiyadır və zamanla azalır. Lakin uşaq yalnız animatorlardan deyil, ümumiyyətlə, maskalı insanlardan, yeni mühitlərdən və sosial situasiyalardan güclü şəkildə qaçırsa, panik reaksiyalar uzun müddət davam edirsə və bu, gündəlik həyata təsir göstərirsə, uşaq psixoloquna və ya psixoterapevtə müraciət etmək tövsiyə olunur”, – deyə İlkin Kazımlı əlavə edib.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin