Goranboydakı uşaq ölümü xəbəri fonunda Pediatriya.az təqdim edir: Faktlar danışır — peyvəndlərin əhəmiyyəti və hadisəyə məsuliyyətli yanaşma
Bəzi kütləvi informasiya vasitələrində Goranboy rayonunun Yuxarı Ballıqaya kəndində körpənin vəfatı ilə bağlı xəbərlər yayılmışdır. Hadisə tam araşdırılmadan “peyvəndə görə uşaq öldü” və ya “peyvənd vurulan uşaq öldü” kimi başlıqların tirajlanması ictimaiyyətdə yanlış təsəvvür yarada, valideynlər arasında əsassız narahatlıq doğura bilər.
Qeyd edirik ki, peyvəndlər uşaqları təhlükəli yoluxucu xəstəliklərdən qoruyan ən effektiv profilaktik vasitələrdən biridir. Uşaqların vaxtında peyvəndlənməsi onların sağlamlığının qorunması baxımından həyati əhəmiyyət daşıyır və cəmiyyət olaraq bu proses təşviq edilməlidir.
Goranboyda baş vermiş hadisə mütləq dəqiq və şəffaf şəkildə araşdırılacaqdır. Araşdırma çərçivəsində aşağıdakı məsələlərə aydınlıq gətiriləcək:
-
körpəyə vurulan preparatın adı və təyinatı;
-
tətbiq edilən preparatın peyvənd olub-olmaması;
-
prosedurun hansı şəraitdə və necə aparılması;
-
tətbiqin kim tərəfindən həyata keçirilməsi;
-
tibbi protokollara və təhlükəsizlik qaydalarına əməl olunub-olunmaması.
Bu suallar tam cavablandırılmadan hər hansı nəticəyə gəlmək düzgün deyil !
Maariflənmək vacibdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin peyvəndləmə siyasəti, eləcə də inkişaf etmiş ölkələrin təcrübəsi, beynəlxalq tibbi tövsiyələr və elmi mənbələr bu sahədə düzgün qərar vermək üçün etibarlı əsas yaradır.
Bir daha qeyd edirik ki, həssas mövzularda tibbi və ya yetərli tibbi təhsili olmayan şəxslərin səsləndirdiyi fikirlər cəmiyyətdə çaşqınlıq yarada bilər. Söhbət uşaqlarımızın sağlamlığından və həyatından getdiyi üçün məsələyə maksimum məsuliyyət və peşəkarlıqla yanaşılmalıdır.
Peyvəndlər təhlükəsiz və effektiv profilaktik vasitələrdir. Bununla yanaşı, hər bir tibbi müdaxilədə olduğu kimi, peyvənddən sonra bəzi reaksiyalar müşahidə oluna bilər. Bu reaksiyalar müxtəlif səbəblərlə bağlı ola bilər.
Peyvənddən sonrakı reaksiyaların mümkün səbəbləri
– Peyvənd komponentlərinə bağlı reaksiyalar
Bəzi uşaqlarda peyvəndin tərkib hissələrinə qarşı həssaslıq və ya allergik reaksiyalar yarana bilər.
– Tətbiq (proqram) səhvləri
Peyvəndin hazırlanması və ya tətbiqi zamanı qaydalara əməl olunmaması arzuolunmaz hallara səbəb ola bilər. Bunlara aşağıdakılar daxildir:
-
steril olmayan şpris və ya iynədən istifadə;
-
kontaminasiya olunmuş peyvənd və ya durulaşdırıcıdan istifadə;
-
peyvəndin düzgün qarışdırılmaması və ya yanlış durulaşdırıcı tətbiqi;
-
peyvəndin yanlış nahiyəyə vurulması;
-
saxlanma və istifadə müddəti qaydalarına əməl olunmaması.
– Təsadüfi hallar
Bəzi sağlamlıq problemləri peyvənddən sonra təsadüfən eyni dövrdə baş verə bilər və peyvəndlə əlaqəli olmaya bilər.
– Enjeksiyaya bağlı reaksiyalar
Ağrı, qorxu və ya stress nəticəsində qısamüddətli halsızlıq və narahatlıq müşahidə edilə bilər.
– Naməlum səbəblər
Çox nadir hallarda səbəbi dərhal müəyyən olunmayan reaksiyalar baş verə bilər.
Peyvənddən sonra müşahidə olunan reaksiyalar adətən yüngül və qısamüddətli olur. Nadir hallarda daha ciddi reaksiyalar baş verə bilər və belə vəziyyətlərdə dərhal tibb müəssisəsinə müraciət olunmalıdır.
Qeyd olunmalıdır ki, arzuolunmaz təsirlərin bir qismi peyvəndin özündən, bəziləri tətbiq zamanı texniki səhvlərdən qaynaqlana bilər. Lakin bir çox hallarda müşahidə edilən problemlər peyvənd və ya onun tətbiqi ilə əlaqəli olmur.