“Pediatriyada tibb bacılığı/qardaşlığı” adlı dərslik işıq üzü görüb
Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının müdiri, Nailə Sultanova rəhbərliyi ilə kafedranın əməkdaşları tərəfindən “Pediatriyada tibb bacılığı/qardaşlığı” adlı yeni dərslik hazırlanaraq nəşr olunub.
Dərslikdə pediatrik xidmətin əsas istiqamətləri, uşaqlarda böyümə və inkişaf xüsusiyyətləri, immunizasiya, təxirəsalınmaz hallar, yoluxucu və somatik xəstəliklər, eləcə də uşaq xəstəxanalarının fəaliyyət prinsipləri sistemli şəkildə əhatə olunub. Müasir dövrdə pediatrik xidmətin keyfiyyətinin yüksəldilməsi, uşaqlara göstərilən tibbi yardımın beynəlxalq standartlara uyğun təşkili və tibb bacılarının peşəkar hazırlığının gücləndirilməsi baxımından belə bir dərsliyin nəşri xüsusi aktuallıq kəsb edir.
“Pediatriyada tibb bacılığı/qardaşlığı” dərsliyi bu sahədə fəaliyyət göstərən mütəxəssislərin nəzəri biliklərinin möhkəmləndirilməsi, praktik bacarıqlarının artırılması və pediatrik xidmətin daha effektiv təşkili üçün mühüm elmi mənbə kimi qiymətləndirilir.
Bu münasibətlə Pediatriya.az kollektivi dərsliyin ərsəyə gəlməsində əməyi olan bütün müəllif heyətini, xüsusilə professor Nailə Sultanovanı səmimi qəlbdən təbrik edir, gələcək elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulayır. Yeni nəşrin pediatriya sahəsində çalışan mütəxəssislər və tələbələr üçün faydalı mənbəyə çevriləcəyinə inanırıq.