26 İyun 2020

Parasetamol zəhərlənməsi nədir?

Parasetamol (asetaminofen) dünyada ən çox reseptsiz qəbul edilən dərmandır. Ağrıkəsici və qızdırmasalıcı təsirə malikdir. Ağrıkəsici kimi olan təsiri yeni nəsil analgetiklərə (ağrıkəsicilərə) nisbətən yüngül olsa da mədə bağırsağa yan təsirinin demək olaraq olmaması, etibarlılığı və hamilələrdə istifadə oluna bilməsinə görə ən çox istifadə olunur. İstifadə üçün tək və ya bir sıra dərmanlara kombinə olunmuş formada vardır. Coldeks, gribex, theraflu, panadol, tylol, wintus və s. kimi preparatlarda isə kombinə şəkildə başqa dərmanlarla birgə tətbiq edilir.

Parasetamol həmçinin düzgün dozada və qəbul aralığı müddəti qorunmadan istifadə edildikdə ən çox zəhərlənməyə səbəb olan dərmandır.

Parasetamolun böyük qismi qaraciyərdə metabolizma olunur. Həddən artıq doz qəbulu zamanı parasetamolun metabolizma edilməsi nəticəsində yaranan metabolitlər, qaraciyərə toksik təsir edir və böyrək çatışmazlığına səbəb ola bilir.
Yüksək toksik dozlarda qəbul edildikdən sonra adekvat müalicə aparılmasa sonunda ölümlə belə nəticələ bilər.

Parasetamolu ağrılı hallarda 10 gündən çox, uşaqlarda 5 gündən çox, qızdırmalı dövrlərdə 3 gündən çox istifadəsi məsləhət görülmür. Xüsusən alkoqoliklər, immun çatışmazlığı olan insanlar, qıcolma və vərəm əleyhinə preparat qəbul edən insanlar parsetamol qəbul edərkən diqqətli olmalı və risk qrupuna aid olduqlarını unutmamalıdırlar. Böyüklərə nisbətən uşaqlar daha az risk altındadır.

Xəstələr həkimə müraciət etdikdə xəstədə klinik əlamətlər olmaya da bilər. Əsasən klinik əlamətlər 4 mərhələdən ibarətdir.

Parasetamol toksikliyinin klinik əlamətləri:

  •  1-ci mərhələdə əlamətlər minimal və ya asimptomatik olur. Halsızlıq, ürəkbulanma, qusma, iştahsızlıq kimi əlamətlər müşahidə edilə bilər;
  • 2-ci mərhələdə birinci mərhələdə görülən əlamətlərə əlavə olaraq qarnın üst qismində ağrı və klinik olaraq qaraciyərin toksikliyi əlamətləri ortaya çıxar. Bu mərhələdə artıq tibbi müdaxilə tələb edilir və adətən adkvat müalicə alan xəstələr sağalır;
  • 3-cü mərhələdə metabolik asidoz, koaqulopatiya (qanın laxtalanmasının pozulması), böyrək çatışmazlığı (bəzən anuriya – sidiyin olmaması) və ensefalopatiya (beynin toksik zədələnməsi) müşadə olunur. Xəstələrdə sarılıq da inkişaf edə bilər. Bu mərhələdə qaraciyər çatışmazlığı əlamətləri tam özünü büruzə verir;
  • 4- cü mərhələ artıq son mərhələ hesab olunur. Bu dövrdə xəstəyə əgər tibbi müdaxilə olunmazsa koma, poliorqan çatışmazlığı və ölüm olur. Xəstə müalicə olunarsa isə klinik sağalma müşahidə olunur və 1-3 ay ərzində qaraciyər çatışmazlığı əlamətləri ortadan qalxır. Xronik qaraciyər çatışmazlığı əlamətləri bu xəstələrdə rast gəlinmir. Əgər ciddi qaraciyər zədələnməsi varsa 50% dən çox ehtimalla kəskin böyrək çatışmazlığı inkişaf edə bilər.

Toksik doz qəbulu:

Körpələrdə və uşaqlarda düzgün doz verilməməsinə bağlı olaraq parasetamol zəhərlənməsi çox müşahidə olunur. Xüsusilə də ailələr tərəfindən qızdırma və soyuqdəymə zamanı təkcə və ya kombinə şəkildə parasetamol verilməsi bu riski daha da artırır. Parasetamol 6 yaş yuxarı uşaq və böyüklərdə bir dəfəyə 10qr
(20 tablet) və ya 200 mq/kq dan çox qəbul edildikdə ciddi qaraciyər toksikliyi baxımından yüksək risk daşıyır. 6 yaşdan aşağı uşaqlarda isə bir dəfəyə 200 mq/kq və yuxarı dozlarda qəbulu kəskin zəhərlənməyə səbəb ola bilər. Bir neçə gün davamlı istifadə edildikdə isə 6 yaşdan aşağı uşaqda 72 saatdan çox 100 mq/kq və yuxarı, 6 yaşdan yuxarı uşaq və böyüklərdə 48 saatdan uzun müddət 150 mq/kq istifadəsi zəhərlənməyə səbəb olur.

Diaqnoz

Anamnezlə və əgər mümkündürsə qanda parasetamol səviyyəsi ölçülərək qoyula bilinər. Qanda səviyyəsi 200 mikroqram/ml in üstündə olduqda bu risk yüksəkdir. Xronik zəhərlənmələrdə və parasetamol aldıqdan 24 saatdan daha uzun müddət keçibsə qanda parasetamol səviyyəsini ölçməyə göstəriş yoxdur. Həmçinin protrombin vaxtının uzanması, qanda alanin transferaza (ALT), aspartat transferaza (AST), gammaglutamiltransferaza (GGT) bilirubin səviyyəsinin yüksəlməsi qaraciyər zədələnməsini, qanda kreatinin miqdarının artması böyrək çatışmazlığını göstərir. Parasetamol intoksikasiyalarında qanda şəkərin düşməsi də çox müşahidə olunur.

Müalicəsi

İlkin yardım olaraq qusdurmaq, gastrik lavaj (mədənin yuyulması), aktiv kömür verilməsi məsləhət görülür. Ağır hallarda N- asetilsistein müalicəsi aparılır. N- Asetilsistein verdikdə həkimlər çox diqqətli olmalıdır. İntravenoz N-asetilsistein 150mg/kg yükləmə 15dəq- 1 saat, 50mg/kg infuzya 4 saatta, 100mg/kg infuziya isə 16 saatta verilir. Intravenoz yoxsa oral (ağızdan) N- Asetilsistein istifadə etməyə həkiminiz qərar verəcəkdir. Bu səbəblə parasetamol toksik doz qəbulunda və plazma parasetamol konsentrasiyasına görə müalicə nomograma (Rumack- Matthew nomogramı) görə təyin olunmalıdır.

Nəticə olaraq qeyd etmək istəyirik ki, uşaqlarda parasetamol 10-15 mq/kq təyin olunmalıdır (istifadə müddəti 10 gündən artıq olmamalıdır).

Nərmin Əzizova

Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı və dissertantı

05 Avqust 2020
Peyvəndlər nə üçün lazımdır? Peyvəndlər immun sistemimizi qıcıqlandırararaq yoluxucu xəstəliklərə qarşı qorunma rolunu oynayan bioloji…
24 İyun 2020
Körpələrlə bağlı ən aktual suallar: Nəyi etmək olar, nəyi yox? -Pediatrdan CAVAB Uşağın doğulması ilə…
24 Aprel 2020
Hal - hazırda evdə uşaqların daha çox vaxt keçirməsi ilə əlaqədar olaraq zəhərli maddələrdən  uzaq…