Mütəxəssis: Göyöskürək peyvəndlənmə aparılmayan uşaqlar arasında daha geniş yayılıb
Bakı, 4 noyabr, AZƏRTAC
“Göyöskürək ağciyər və tənəffüs yollarında rast gəlinən yüksək yoluxdurma qabiliyyətinə malik bakterial infeksion xəstəlikdir. Klassik göyöskürək peyvəndlənməyən 1-10 yaş uşaqlar arasında daha çox müşahidə edilir. Göyöskürək 6-12 həftə, bəzən daha uzun müddət davam edə bilər. Bir qayda olaraq uşaqlarda boğulma səsinə oxşayan tənəffüs, şiddətli öskürək tutmaları kimi özünü göstərir. Göyöskürək peyvəndlənmə aparılmayan uşaqlar arasında daha geniş yayılıb”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkimi və dissertantı, Azərbaycan Tibb Universitetinin I Uşaq xəstəlikləri kafedrasının əməkdaşı Nərmin Əzizova deyib.
Mütəxəssisin sözlərinə görə, göyöskürək hava damcı yolu ilə yayılır: “Göyöskürək həddindən artıq yoluxucu xəstəlikdir. Öskürdükdə və ya asqırdıqda mikrob kiçik damlacıqlar vasitəsilə havaya yayılır. Xəstə ilə yaxın təmas yoluxmaya səbəb ola bilər. Əsas klinik əlaməti öskürək və tənəffüs çatışmazlığıdır. Xəstəliyin ilkin dövründə müalicə antibiotiklə mümkün olsa da, sonrakı müddətdə bir qayda olaraq antibiotiklər təsir etmir və sadəcə əlamətləri yüngülləşdirmək üçün simptomatik müalicə aparılır.
Göyöskürək yuxarı tənəffüs yollarında kəskin yoluxucu xəstəlik olub, əlamətləri “bortadellapertusis” bakteriyaların bədəndə yayılması ilə ortaya çıxır. Müalicədə gecikmələr olarsa, orqanlarda qalıcı zədə və qüsurlara səbəb ola bilər. Təəssüf ki, problem 2-3 ay, bəzən isə daha uzun müddət davam edən öskürək tutmaları şəklində özünü büruzə verir. Uşağın yaşı nə qədər azdırsa, xəstəlik daha ağır müşahidə edilir”.
N.Əzizova göyöskürəyin ilkin əlamətləri ilə bağlı məlumat da verib: “Burun axıntısı, asqırma, gözlərdə sulanma, qızarıqlıq, boğaz ağrısı, bədən hərarəti və digər soyuqdəymə şikayətləri ilə özünü büruzə verir. Bir həftə sonra isə ağır öskürək tutmaları başlayır. Sonrakı mərhələdə qəfil başlayan və bir neçə dəqiqə dayanmadan davam edən öskürək tutmaları, qusma, tənəffüs çatışmazlığı, dodaq və dırnaqlarda göyərmə, kiçik uşaqlarda apnoe (tənəffüsün müvəqqəti kəsilməsi), üzdə qızarıqlıq, halsızlıq və yorğunluq, ishal kimi əlamətlər müşahidə edilə bilər.
Xəstənin hərarəti əsasən normal olur, lakin bəzən yüngül qızdırma əlamətləri də ola bilər. Nonspesifik əlamətlərlə gedən bu dövr 1-2 həftə davam edir. Kataral dövrün sonunda öskürək tutmaları başlayır. Başlanğıcda rahat olan xəstədə sonradan soyuq hava, çoxlu fiziki hərəkət, həyəcan və digər qıcıqlandırıcı amillərin təsiri ilə öskürək tutmaları müşahidə edilir. Öskürək tutmaları vaxtı xəstə qızarır, göyərir və boğulma hissi üz ifadəsindən bəlli olur. Bir müddət sonra tutmaların tezliyi və ağırlığı tədricən artır, hətta xəstəliyin zirvə dövründə tezliyi hər saatda bir dəfə müşahidə edilə bilər”.
Göyöskürəyin sağalma dövrünün həftələrlə davam edə bildiyinə diqqət çəkən N.Əzizova deyib ki, daha sonra tədricən tutmaların sayı və tezliyi azalır: “1 yaşdan aşağı uşaqlarda sağalma dövründə belə öskürək tutmalar müşahidə edilə bilər. Göyöskürək xəstəliyindən sonra keçirilən tənəffüs yolu infeksiyaları tutmaları təkrarlayır. Peyvəndlənmiş uşaqlarda bu dövr qısa müddət davam edir və tutmaların ağırlığı azdır”.
Göyöskürəkdə öskürək əleyhinə preparatların verilməsi faydalı deyil
Mütəxəssis bildirib ki, xüsusən körpələr (6 aydan aşağı olanlar) və kiçik yaşlı uşaqlarda ağırlaşma verən, bəzən daha uzun müddət davam edən öskürək tutmaları ola bilər: “Göyöskürək 18 aydan aşağı olan uşaqlarda tənəffüs dayanmasına səbəb ola biləcəyinə görə yaşyarımı tamamlamamış körpələr daha yaxından müşahidə edilməlidir. Kataral dövr 3 aydan aşağı olan körpələrdə əsasən bir neçə gün davam edir. Xəstəlik anidən apnoe, göyərmə və tutma ilə başlayır. Təəssüf ki, göyöskürəyə tutulan 6 aydan aşağı uşaqlar arasında ölüm, ağırlaşma kimi hallar da olur. Ona görə də dərhal mütəxəssisə müraciət etmək lazımdır. Körpələrdə göyöskürək zamanı bədən funksiyalarını poza biləcək çoxlu maye itkisi, tənəffüs çatışmazlığı, çəki itkisi, pnevmoniya, epileptik tutmalar, böyrək problemləri, beyin zədələnmələri kimi ağırlaşmalar müşahidə oluna bilər. Körpələrə nisbətən uşaqlarda və böyüklərdə təkrarlayan şiddətli öskürək tutmaları səbəbindən burun qanaması, qabırğalarda zədə və ya yırtıq yaranması ehtimalı var”.
Göyöskürək səbəbindən daha çox müşahidə olunan ağırlaşmanın pnevmoniya olduğuna diqqət çəkən mütəxəssis əlavə edib ki, öskürək tutmaları dövründə gözdə (konyuktivada və sklerada) qanama ocaqları, gövdənin üst qismində nöqtəvari qansızma, pnevmotoraks, dərialtı emfizema inkişaf edə bilər: “Erkən dövrdə diaqnoz qoyulduqda və antibiotik müalicəsinə başladıqda öskürək tutmaları və digər əlamətlər daha az müşahidə edilir. Erkən müalicə ilə xəstənin başqa insanları yoluxdurma qabiliyyəti də azalır. İlk 3 həftədə antibiotik müalicəsi xəstəliyi nəzarətdə saxlamaq üçün effektiv sayıla bilər. Ancaq bir çox hallarda diaqnoz gec qoyulduğu üçün antibiotik müalicəsi fayda vermir. Xəstəlik əlamətləri 3 həftədən daha uzun müddət davam edirsə, bu zaman xəstəyə dəstək müalicə aparılmalıdır. İstirahət, bol maye qəbulu və yüksək temperatur zamanı qızdırmasalıcı dərmanlar verilir. Göyöskürəkdə öskürək əleyhinə preparatların verilməsi faydalı deyil. Bu dərmanların ağır yan təsirləri ola bilər və bu səbəbdən xüsusən kiçik yaşlı uşaqların istifadəsi məsləhət görülmür.
Göyöskürəkdən qorunmaq üçün profilaktik olaraq peyvəndlənmə aparılmalıdır. Göyöskürəklə təmas edən hamilələr, tibb işçiləri, 12 aydan kiçik körpələr, immun sistemi çatışmazlığı olanlar, astma kimi tənəffüs problemi olan xəstələr, göyöskürəyə tutulmuş xəstə ilə eyni evdə yaşayanların həkimə müraciət edərək antibiotik istifadəsinə başlamağı məsləhət görülür. Xüsusilə, göyöskürəyə tutulan xəstə ilə eyni evdə yaşayanların yoluxma ehtimalı 90 faizdir”.