İslam ölkələrində uşaqların müdafiəsi üzrə yeni sənəd qəbul edilə bilər

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) Uşaq Məsələləri Nazirlərinin 5-ci İslam Konfransında islam ölkələrində uşaqların zorakılıqdan müdafiəsi mövzusu sahəsində yeni Fəaliyyət Planının qəbul edilməsi müzakirə edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Mərakeşin paytaxtı Rabat şəhərində keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) Uşaq Məsələləri Nazirlərinin 5-ci İslam Konfransında ölkəmizi Dövlət Komitəsinin sədri Hicran Hüseynova təmsil edir.

Konfransdan öncə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) Uşaq Məsələləri Nazirlərinin 5-ci İslam Konfransı çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və İSESCO-nun baş direktoru Əbdüləziz Əl Tüveycrinin İSESCO-nun Baş Qərərgahında ikitərəfli görüşü keçirilib.

Görüş zamanı ikitərəfli əməkdaşlığın gücləndirilməsi, eyni zamanda, Təşkilata üzv ölkələrin uşaq hüquqları sahəsində gördüyü işlər, dövlətlərin müsbət təcrübəsinin təbliği, bu istiqamətdə qarşıda duran vəzifələr müzakirə edilib.

Konfransda çıxış edən İSESCO-nun baş direktoru bildirib ki, uşaqların qorunması şəriət prinsiplərinə (İslam Qanununa), Beynəlxalq Uşaq hüquqlarına, xüsusilə də Uşaq Hüquqları haqqında Konvensiyaya uyğun olaraq həyata keçirilməlidir: “Əminəm ki, bu konfransda uşaq məsələləri ilə bağlı problemlərin həlli üçün birgə yollar axtarıb tapacağıq. Mən bütün dövlətləri bu problemlərin həlli üçün birgə səy göstərməyə çağırıram”.

H.Hüseynova Azərbaycanda dövlət uşaq siyasətinin əsas istiqamətləri, uşaq hüquqlarının müdafiəsi, zorakılıqla mübarizə, bu sahədə əldə olunmuş nailiyyətlər, müsbət təcrübə və digər sahələr üzrə çıxış edib.

Uşaq məsələləri ilə əlaqədar dövlət qurumları arasında koordinasiya və nəzarət sistemi təkmilləşdirilməsinin vacibliyini qeyd edən H.Hüseynova bildirib ki, 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilib. Eyni zamanda, uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı yaradılıb: “Məlumat bankına daxil edilən məlumatlar əsasında biz uşaq problemlərinin dəqiq statistikasını biləcəyik ki, bu da həmin sahədə daha effektiv perventiv tədbirlərin həyata keçirilməsinə səbəb olacaq”.

Konfrans çərçivəsində 5-ci Büro yaradılıb və Dövlət Komitəsinin sədri xanım H.Hüseynova Konfransın məruzəçisi seçilib.

 

Trend