Akademik Akif Əlizadə: Biotexnologiya, kök hüceyrələri, nüvə tibbi istiqamətləri üzrə laboratoriyaların yaradılması vacibdir

Fevralın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı və Səhiyyə Nazirliyinin kollegiyasının “İnsan sağlamlığı Azərbaycan cəmiyyətinin inkişafının əsasıdır” mövzusunda birgə elmi sessiyasında çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə elmi tədqiqatların gələcək inkişafının bilavasitə unikal elmi cihazlardan istifadə ilə bağlı olduğunu söyləyib.

AZƏRTAC xəbər verir ki, bunun tibb sahəsi üçün xüsusilə aktual olduğunu söyləyən akademik AMEA ilə Səhiyyə Nazirliyi institutları arasında cihaz və avadanlıqlardan istifadə sahəsində əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin zəruriliyini bildirib.

Onun dediyinə görə, elmi nəticələrin təcrübəyə tətbiqi sahəsində respublikada əlverişli şərait yaradılıb və birgə sessiyanın əsas qərarlarından biri startapların inkişafı üzrə müştərək layihələrin hazırlanması istiqamətində səylərin birləşdirilməsi olmalıdır. Akademik bildirib ki, AMEA-da yaradılan Yüksək Texnologiyalar Parkı nəzəri biotibbi nəticələrin praktiki tətbiq sahələrini tapdığı və biznes layihələrin yer aldığı poliqona çevrilməlidir. O, biotexnologiya, kök hüceyrələri və nüvə tibbi istiqamətləri üzrə birgə laboratoriyaların yaradılmasının vacib olduğunu söyləyib.

 

AZƏRTAC