Azərbaycanda növbəti Beynəlxalq pediatriya konqresi uğurla keçirilmişdir
27–28 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı və Tibbi Ərazi Birliklərini İdarəetmə Birliyi-nin birgə təşkilatçılığı ilə “Pediatriyada elmi irs və innovasiyalar: Hibrid dünyada uşaq olmaq” mövzusunda, pediatriya sahəsində görkəmli alimlərin yubileylərinə həsr olunmuş Beynəlxalq konqres keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, iştirakçılar Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Rəsmi açılış mərasimində çıxış edənlər Azərbaycanda pediatriya sahəsinin davamlı inkişafının dövlət siyasətinin prioritet istiqaməti olduğunu, bu strateji xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışlar.
Plenar sessiyada prof. Rauf Bəylərov, prof. Metin Çetinkaya, akademik Qorelov Aleksandr Vasilyeviç və prof. Lalə Allahverdiyeva pediatriyanın tarixi inkişafı, rəqəmsal transformasiya, respirator infeksiyaların müalicəsi və xroniki öskürəyə dair aktual məruzələrlə çıxış etmişlər.
Konqres çərçivəsində Pediatriya.az portalının təsisçisi Nərmin Əzizova məruzə ilə çıxış etmişdir.
Tədbir yubileylərə həsr olunmuş seksiyalarla davam etmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya edilərək 10 DTT balı ilə qiymətləndirilmişdir.











