Azərbaycan və Türkiyə alimlərinin birgə layihəsi çərçivəsində növbəti görüş baş tutub
Pediatriya Mərkəzindən verilən məlumata əsasən, Azərbaycan və Türkiyə tərəfləri arasında “Vaxtından əvvəl doğulmuş körpələr üçün optimal qulluq və müalicə növləri: OCTOPUS layihəsi” çərçivəsində görüş keçirilib.
Bildirilib ki, Ankara Universiteti Xəstəxanalarının baş həkim müavini, professor Ömər Erdeve, Neonatologiya kafedrasının əməkdaşları professor Emel Okulu və doktor Ezgi Köstekçi layihə çərçivəsində Azərbaycana səfər ediblər. Səfər zamanı Azərbaycan tərəfdən layihənin rəhbəri Azər Əhmədov və doktor Nərmin Əzizova Türkiyə nümayəndə heyəti ilə görüş keçirərək layihə ilə bağlı geniş fikir mübadiləsi aparıblar.
Qeyd olunub ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) tərəfindən elan edilmiş layihə qalibləri arasında təşkil olunan görüşdə layihə üzrə görüləcək işlər müzakirə edilib, vaxtından əvvəl doğulmuş körpələrə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində gələcək əməkdaşlıq perspektivləri dəyərləndirilib.
Məlumata görə, layihənin Azərbaycan tərəfdən rəhbəri Respublika Pediatriya Mərkəzinin direktoru Azər Əhmədov, Türkiyə tərəfdən isə Ankara Universiteti Xəstəxanalarının baş həkim müavini professor Ömər Erdevedir.
Tərəflər layihə çərçivəsində elmi-tibbi təcrübə mübadiləsinin aparılması, müasir müalicə və qulluq protokollarının tətbiqi, həmçinin neonatologiya sahəsində mütəxəssislərin bilik və bacarıqlarının artırılması istiqamətində birgə fəaliyyətin davam etdirilməsinin vacibliyini vurğulayıblar.



