“Autizmdə bütöv yanaşma” - II Autizm Maarifləndirmə Forumu

Baxış
72

Bakı, 20 aprel, AZƏRTAC

İDDO Psixi Sağlamlıq Proqramının təşkilatçılığı ilə II Autizm Maarifləndirmə Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Autizmdə bütöv yanaşma” mövzusuna həsr olunan forumun əsas məqsədi valideynlərin maarifləndirilməsi, mütəxəssislərin daha məsuliyyətli fəaliyyətə təşviq olunması və autizmli uşaqların cəmiyyətə inteqrasiyasının vacibliyinin vurğulanması olub.

Tədbir çərçivəsində autizm sahəsində mövcud problemlər, həll yolları və bu sahənin strukturlaşdırılması istiqamətləri müzakirə edilib.

Forum çərçivəsində Azərbaycan və Türkiyə arasında autizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mühüm fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, iki qardaş ölkə arasında bu istiqamətdə bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, mütəxəssislərin birgə fəaliyyəti və beynəlxalq standartların tətbiqi gələcək dövrdə daha sistemli və effektiv nəticələrin əldə olunmasına şərait yaradacaq.

İDDO Psixi Sağlamlıq Proqramının rəhbəri Jalə Əhmədova çıxışında psixologiya mərkəzləri və psixoloji xidmətlərin fəaliyyətinin tənzimlənməsi istiqamətində görülən işlər barədə məlumat verib. O bildirib ki, bu məqsədlə standartlaşdırma komitəsi yaradılıb və 2026-cı il ərzində multidisiplinar komandanın iştirakı ilə etik kodeksin, diaqnostika və reabilitasiya standartlarının hazırlanması planlaşdırılır. Bu standartların tətbiqi erkən diaqnostikanın keyfiyyətinin artırılmasına və qeyri-peşəkar fəaliyyətlərin qarşısının alınmasına xidmət edəcək.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı autizm sahəsində dövlət siyasətinin gücləndirilməsinin vacibliyini vurğulayıb. O, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində işlərin davam etdiyini bildirib.

İDDO Psixi Sağlamlıq Proqramının baş psixoloqu Rövşən Nəzərli çıxışında autizm spektr pozuntusunun erkən diaqnostikasının 6–9 aylıq dövrdən başlanmasının vacibliyini diqqətə çatdırıb. Psixoloq diaqnozların gec qoyulmasının geniş yayılmış problem olduğunu deyib.

Forum çərçivəsində Türkiyədən dəvət olunmuş mütəxəssislər QEEG ilə beyin xəritələmə, autizmdə tez-tez rast gəlinən həzm sistemi problemləri, mikrobiota ilə davranış arasındakı əlaqə və sistemik iltihabın təsiri barədə çıxış ediblər.

Qeyd olunub ki, bu cür təşəbbüslər inklüziv cəmiyyətin formalaşmasına, xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial inteqrasiyasına və onların inkişaf imkanlarının genişləndirilməsinə mühüm töhfə verir.

 

 

 

 

Mənbə: https://azertag.az/xeber/autizmde_butov_yanasma___ii_autizm_maariflendirme_forumu-4137271

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin