Anadan olmuş uşağın qeydiyyatı barədə - Doğum haqqında ŞƏHADƏTNAMƏ

Övladınız anadan olduqdan sonra, onun doğumunu rəsmi qaydada qeydə aldırmaq üçün müəyyən sənədləri təqdim etməlisiniz. Bu proses, uşağınızın hüquqi şəxsiyyətini təsdiqləyən və gələcəkdə ona aid olan vacib hüquqi sənədlərin əldə edilməsi üçün mühüm addımdır.

Zəruri olan sənədlərin siyahısı

  • Valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər;
  • Valideynlərin nikah haqqında şəhadətnaməsi;
  • Valideynlərin doğum haqqında şəhadətnaməsi;
  • Doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd (Forma 103);
  • Uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd;
  • Uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd;
  • Uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd;
  • Tapılmış uşaqlar haqqında onların tapılması vaxtını, yerini və şəraitini göstərən sənəd (akt, protokol, arayış və uşağın yaşı haqqında tibb müəssisəsindən sənəd);
  • Doğum faktının müəyyən olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi;
  • Doğumun qeydə alınması üçün müəyyən olunmuş 1 aylıq müddət keçdikdə uşağın sağlamlığı barədə həkim arayışı.

İştirak etməli olan şəxslərin siyahısı

Valideynlər və ya onlardan biri;

Valideynlər müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və s.) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər;

Doğumun qeydə alınması üçün nəzərdə tutulmuş müddət (1 ay) keçdikdə, doğumun qeydə alınması üçün valideynlər müraciət etməlidirlər.

Dövlət rüsumunun məbləği

Doğumun qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.