Yaponiyanın “Digital Knowledge” şirkətinin nümayəndələri Pediatriya İnstitutunda səfərdə olublar
Azərbaycanda səfərdə olan Yaponiyanın “Digital Knowledge” şirkətinin nümayəndə heyəti Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda qonaq olub. Görüşdə Səhiyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Amaliya İsmayılova, şirkətin Beynəlxalq İnkişaf Ofisinin rəis müavini Yoşihiro Giyoda, Xidmətlərin Təşviqi şöbəsinin rəhbəri Masayuki Nohara və Beynəlxalq Biznes şöbəsinin rəhbəri Kendzi İçimura iştirak ediblər.
İnstitutun direktoru Aynur Poluxova təqdimatla çıxış edərək müəssisədə tətbiq olunan rəqəmsal sistemlər, elektron tibbi qeydiyyat, telemedisin imkanları və xüsusilə tibb bacılarının rəqəmsal təhsili istiqamətində görülən işlər barədə məlumat verib. O, məlumat bazalarının yaradılmasının xəstə axınının təhlili və səhiyyə sahəsində proqnozlaşdırma üçün əhəmiyyətini vurğulayıb.
Yaponiyalı mütəxəssislər öz növbəsində innovativ elektron platformaların tətbiqi, tibb bacılarının davamlı təhsili, xəstə və yenidoğulmuşlar üçün rəqəmsal sağlamlıq kartlarının hazırlanması, kağızsız tibbi idarəetmə sisteminə keçid və rəqəmsal tibbi xidmətlərin genişləndirilməsi istiqamətində təqdimatlar ediblər.
Görüşdə səhiyyədə rəqəmsal transformasiyanın prioritetləri, EMR, HİS və digər elektron sistemlər, pasiyent məlumatlarının idarə olunması, klinik proseslərin rəqəmsallaşdırılması və İKT əsaslı əməkdaşlıq imkanları müzakirə olunub.
Səfər çərçivəsində qonaqlar Yenidoğulanların reanimasiya və intensiv terapiya şöbəsi ilə tanış olub, yaradılan şəraiti yüksək qiymətləndiriblər. Tərəflər gələcək əməkdaşlıq və qarşılıqlı anlaşma memorandumu imzalanması imkanlarını nəzərdən keçirmək barədə razılığa gəliblər.



















