Valideynlərin NƏZƏRİNƏ - Xarici dillərdə tədris üzrə birinci sinfə qəbul qaydası BİLİNDİ
Mayın 18-də saat 18:00-da dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılma mərhələsi bitir.
Oxu.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, 12-26 may tarixlərində dövlət ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələr təşkil ediləcək.
Həmçinin mayın 6-da saat 11:00-dan tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunmuş və olunmamış uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat başlanacaq.
Mayın 14-dən iyunun 3-ə qədər dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibədə övladlarının qiymətləndirilməsindən narazı olan valideynlərin müraciətlərinə baxılacaq.
İyunun 17-də saat 11:00-dan dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbul məqsədilə müsahibədən uğurla keçən uşaqlar üçün valideynləri tərəfindən məktəb və müəllim seçimi ilə bağlı sorğuların yerləşdirilməsinə start veriləcək.
Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbul uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə təşkil olunan müsahibə komissiyalarının rəyi əsasında həyata keçirilir.
Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbinin həm Azərbaycan, həm də rus bölməsi üzrə 1-ci siniflərinə uşaqların qəbulu müsabiqə yolu ilə aparılır. Uşaqların qəbulu zamanı heç bir prioritet üzrə üstünlük nəzərə alınmır. İ.Əfəndiyev adına Elitar gimnaziya, Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi, T.Həsənov adına 23 nömrəli tam orta məktəb, 132-134 nömrəli Təhsil Kompleksi, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, “Zəngi” liseyinin rus bölməsinin 1-ci siniflərinə prioritetlər üzrə üstünlüyü olmayan uşaqların qəbulu müsabiqə yolu ilə reallaşır.