01 İyun 2020

Uşaqlarda zərərli vərdişlər

Bakı, 1 iyun, AZƏRTAC

Saç və dırnaq yemək, barmağını sormaq uşaqların zərərli vərdişləri sırasına daxildir. Bu vərdişlər bir sıra fiziki və psixoloji səbəblərdən irəli gəlir.

Bakıdakı 20 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Hafizə Məmmədova AZƏRTAC-a deyib: “Dırnaq yemək, barmaq sormaq vərdişi uşaqlarda ən kobud gigiyena pozğunluğuna səbəb olur və onlarda parazitar xəstəliklərin, mədə-bağırsaq infeksiyalarının yaranmasına aparıb çıxarır”.

Onun dediyinə görə, barmaq sorma vərdişinə 1 yaşına qədər uşaqlarda rast gəlmək olar. Bunun qarşısını almaq üçün gecə uşaq yatan zaman əlinə əlcək keçirmək, yaxud da belə məqamda ona mane olmaq, diqqətini yayındırmaq lazımdır.

Digər zərərli vərdişlər barədə məlumat verən həkim-pediatr deyib: “Saç qoparıb yemək uşaqların mədə-bağırsağında toplanıb kütləyə çevrilməsi bağırsaq keçməzliyi, mədə tıxanmasına aparıb çıxara bilər və hətta əməliyyata səbəb olan təhlükəli vərdişlərdəndir”.

Uşaqların zərərli vərdişlərindən biri də dırnaq yeməkdir. Onun kökündə isə stress və həyəcan dayanır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Çimnaz Verdiyeva deyib: “Qorxulu filmləri izləmək, ailədaxili münaqişələr, valideynlər arasında gərgin münasibətlər, uşağa qarşı aqressiya, tənqidi yanaşma olduqda, uşağın digər yaşıdları və ya bacı-qardaşı ilə müqayisə edildiyi halda, valideynlər bir-birindən ayrıldıqda və s. hallarda uşaqlarda dırnaqyemə yarana bilər”.

Bəzən uşaqlar ailədə kifayət qədər diqqət və qayğı görmədikdə dırnaq yeyir, özlərini bu şəkildə ifadə etməklə diqqət çəkməyə çalışırlar. Belə məqamda uşaqla göz təması qurulmamalı, uyğun zamanda bunun zərərli olmasının səbəbi izah edilməlidir.

Psixoloq deyib: “Bəzi uşaqlar qorxanda və həyəcan keçirəndə öz düşüncələrini sözlə ifadə edə bilmirlər və bu zaman digər davranışlara əl atırlar. Bunlara saç qırmaq, saç yemək kimi vərdişlər aiddir. Valideynlər həmin vərdişləri aradan qaldırmaq istəyirlərsə, ilk növbədə onun səbəbini araşdırmalı və bundan sonra onu aradan qaldırmalıdırlar”.

26 İyun 2020
Parasetamol (asetaminofen) dünyada ən çox reseptsiz qəbul edilən dərmandır. Ağrıkəsici və qızdırmasalıcı təsirə malikdir. Ağrıkəsici…
24 İyun 2020
Körpələrlə bağlı ən aktual suallar: Nəyi etmək olar, nəyi yox? -Pediatrdan CAVAB Uşağın doğulması ilə…
24 İyun 2020
Bakı İlhamə İsabalayeva - Trend: "103" Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti və ambulator yardım…