Körpəmə hansı süni qidanı verməliyəm? (Valideynlər üçün elmi-publisistik bələdçi) Həkim Nərmin Əzizova
Nərmin Əzizova – K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Yenidoğulmuşların reanimasiya və intensiv terapiya şöbəsinin həkim-neonatoloqu; Azərbaycan Tibb Universitetinin I Uşaq xəstəlikləri kafedrasının əməkdaşı; Pediatriya.az portalının təsisçisi
Körpəmə hansı süni qidanı verməliyəm?
Valideynlərin biz həkim-pediatrlara ən çox verdiyi suallardan biri budur:
“Doktor, körpəm üçün hansı süni qida daha yaxşıdır?”
Əslində isə bu sualın hər körpə üçün eyni cavabı yoxdur. Çünki hər körpənin ehtiyacı fərqlidir. Bir körpəyə uyğun olan formula digərinə uyğun olmaya bilər. Süni qida seçimi körpənin yaşına, doğum həftəsinə, çəkisinə, allergiyasına, həzm sisteminə və bəzi tibbi vəziyyətlərinə görə dəyişir.
İlk və ən vacib məqam budur: ana südü körpə üçün ən ideal qidadır və mümkün olduğu qədər üstün seçim olaraq qalır. Lakin müxtəlif səbəblərlə əlavə qidalanmaya və ya süni qidaya ehtiyac yarandıqda, seçim körpəyə uyğun aparılmalıdır.
Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyəsi
Ümumdünya Səhiyyə Təşkilatı (WHO) və UNICEF körpələrin ilk 6 ay yalnız ana südü ilə qidalanmasını tövsiyə edir. 6 aydan sonra isə əlavə qidalara başlanmalı, mümkün olduqda ana südü 2 yaşa qədər və daha uzun müddət davam etdirilməlidir. Ana südü mümkün olmadıqda və ya kifayət qədər olmadıqda isə körpənin yaşına və tibbi vəziyyətinə uyğun qida seçimi pediatr nəzarətində aparılmalıdır. Mümkün olduğu qədər ilk 6 ay körpənin əsas qidası yalnız ana südü olmalıdır. Dünya üzrə aparılan tədqiqatlar göstərir ki:
• Körpələrin təxminən yalnız yarısı ilk 6 ay yalnız ana südü ilə qidalanır.
• Bir çox ölkədə süni qida istifadəsi həyatın ilk aylarından başlayır.
• Süni qida istifadəsinin əhəmiyyətli hissəsi tibbi göstərişdən çox valideyn narahatlığı, sosial media və reklam təsiri ilə bağlı ola bilir. Bu isə bəzən lazımsız süni qida dəyişikliklərinə və düzgün olmaya seçimlərə səbəb
olur.

Körpənin yaşına görə süni qida seçimi (formula)
1 nömrəli formulalar (0–6 ay)
Bu formulalar 0–6 aylıq körpələr üçün nəzərdə tutulur və həmin yaş dövründə körpənin enerji, protein, yağ, vitamin və mineral ehtiyaclarına uyğun hazırlanır.
2 nömrəli formulalar (6–12 ay)
6 aydan sonra körpə əlavə qidalara keçdiyi üçün qidalanma ehtiyacı dəyişir və bəzi hallarda 2 nömrəli formulalara keçid edilir.
3 nömrəli formulalar (1 yaşdan sonra)
Bəzi uşaqlarda 1 yaşdan sonra davam formulaları istifadə oluna bilər. Lakin bu hər uşaq üçün məcburi deyil və qidalanma vəziyyətinə uyğun qiymətləndirilməlidir. Formula nömrəsini yalnız yaşa görə deyil, körpənin ümumi qidalanma vəziyyətinə uyğun pediatr məsləhəti ilə dəyişmək daha doğrudur.
Vaxtından əvvəl doğulan körpələrə süni qida
Vaxtından əvvəl doğulan körpələrin enerji və protein ehtiyacı daha yüksək olur. Bu uşaqlarda:
• daha yüksək kalori,
• əlavə protein,
• vitamin və mineral dəstəyi vacib ola bilər.
Bu səbəbdən vaxtından əvvəl doğulan körpələrə formulalar istifadə edilir.
Məsələn:
• Pre tipli formulalar
• NeoSure tipli formulalar
Bu formulalar xüsusilə:
• aşağı doğum çəkili,
• yenidoğulan intensiv terapiya şöbəsindən yeni çıxmış,
• çəki artımı zəif olan körpələrdə istifadə oluna bilər.
Lakin bu formulaların istifadəsi mütləq pediatr nəzarəti ilə olmalıdır. Vaxtından əvvəl doğulmuş körpələrdə qidalanma planı standart körpələrdən fərqlənə bilər. Özbaşına formula dəyişdirilməməlidir.

1076596996
İnək südü zülalı allergiyası olan körpələr
Əgər körpədə:
• səpkilər,
• ekzema,
• qanlı və ya selikli nəcis,
• davamlı qarın ağrısı və narahatlıq,
• ciddi qaz və köp,
• süd qəbulundan sonra kəskin narahatlıq varsa, adi formula uyğun olmaya bilər.
Bu hallarda hidrolizə olunmuş (parçalanmış zülallı) formulalar və ya daha ağır hallarda amin turşusu əsaslı formulalar istifadə olunur. Bu formulalarda zülallar daha kiçik hissələrə parçalanmış olur və bəzi allergik körpələrdə daha yaxşı tolere edilə bilir.
Lakin vacib məqam budur: Hər qazı olan körpədə allergiya olmur. Bir çox valideyn körpədə qaz, ağlama və ya narahatlıq olduqda bunu birbaşa allergiya kimi qiymətləndirir. Halbuki bir çox halda bunlar körpəlik dövrünün fizioloji xüsusiyyətləri ola bilər. Süni qida özbaşına dəyişdirilməməlidir. Qanlı nəcis, davamlı ekzema, ciddi həzm problemi və ya allergiya şübhəsində pediatr və lazım olduqda uşaq allerqoloqu qiymətləndirməsi vacibdir.
Refluks və çox qusması olan körpələr
Bəzi körpələr qidalandıqdan sonra tez-tez süd qaytara, qusa və ya refluks əlamətləri göstərə bilər. Belə hallarda valideynlərin “Vom qarışıqları” kimi tanıdığı və ya anti-refluks (AR) formulaları istifadə oluna bilər. Bu formulalar daha qatı tərkibə malik olur və qidanın mədədən geri qayıtmasını azaltmağa kömək edə bilər.
Lakin unutmayaq: Hər qusma refluks demək deyil.
Əgər körpə:
• yaxşı çəki alırsa,
• inkişafı normaldırsa,
• az miqdarda süd qaytarırsa,
• ümumi vəziyyəti yaxşıdırsa,
bu çox vaxt fizioloji ola bilər.
Refluks diaqnozu və formula seçimi pediatr tərəfindən qiymətləndirilməlidir.
İshal və bağırsaq həssaslığı zamanı
Bəzi hallarda, xüsusilə bağırsaq infeksiyalarından sonra və ya keçici həzm problemlərində xüsusi formulalara ehtiyac ola bilər.
Məsələn:
• HN tipli formulalar
Bu formulalar bəzi hallarda bağırsağın bərpasına köməkçi ola bilər. Lakin bunlar hər uşağa lazım olmur və yalnız pediatr məsləhəti ilə istifadə edilməlidir.

Laktoza problemi və xüsusi həzm həssaslığı
Bəzi körpələrdə süd əsaslı formulalar uyğun olmaya bilər. Xüsusi hallarda soya əsaslı formulalar seçilə bilər.
Məsələn:
• Isomil tipli formulalar
Lakin bu formulalar:
• hər qazı olan körpəyə,
• hər allergiyası olan uşağa,
• səbəbsiz narahatlığı olan hər körpəyə uyğun deyil.
Formula seçimi tibbi göstərişə əsasən aparılmalıdır.
Qaz sancısı və həzm həssaslığı
Bəzi körpələrdə:
• qarında köp,
• qaz sancısı,
• narahatlıq,
• uzun müddətli ağlama ola bilər.
Bu hallarda bəzi formulalarda:
• prebiotiklər,
• probiotiklər,
• xüsusi yağ tərkibi,
• həzmi asanlaşdıran komponentlər mövcud ola bilər.
Məsələn:
• bəzi Gold seriyası formulaları
Lakin unutmayaq ki: Hər sancının səbəbi formula olmur.
Körpələrdə qaz sancısı xüsusilə ilk aylarda çox rast gəlinən vəziyyətdir və əksər hallarda zamanla azalır.
“Qazı var” deyə formulaları tez-tez dəyişmək əvəzinə əvvəlcə körpənin düzgün qiymətləndirilməsi daha vacibdir.
Metabolik xəstəliklərdə xüsusi formulalar
Bəzi körpələrdə doğuşdan gələn irsi metabolik xəstəliklər olur və bu zaman adi formula istifadə edilmir.
Belə hallarda xüsusi amin turşusu tərkibli tibbi formulalar istifadə olunur.
Fenilketonuriya (PKU)- Fenilalanini məhdudlaşdırılmış xüsusi formulalar istifadə olunur.
Ağcaqayın şirəsi xəstəliyi (MSUD)- Bəzi amin turşularının xüsusi tənzimləndiyi formulalara ehtiyac ola bilər.
Qalaktozemiya -Laktoza və süd tərkibli formulalar uyğun olmur.
Sidik cövhəri sikli pozğunluqları (Urea cycle disorders)- Zülal və amin turşusu balansı xüsusi şəkildə tənzimlənmiş formulalar istifadə olunur.
Bu formulalar yalnız metabolik xəstəlik üzrə mütəxəssis və pediatr nəzarəti ilə seçilməlidir. Metabolik xəstəliklərdə formula seçimi internet və ya valideyn tövsiyəsinə görə deyil, yalnız mütəxəssis nəzarəti ilə aparılmalıdır. Reklamlara aldanmayaq: hər “ən yaxşı formula” hər körpə üçün uyğun deyil. Bəzən süni qida istehsalçıları reklamlarında məhsullarını “ana südünə ən yaxın”, “həzmi ən rahat”, “immuniteti dəstəkləyən”, “körpəniz üçün ən yaxşı seçim” kimi təqdim edə bilirlər.
Lakin valideynlər bilməlidir ki, bu ifadələr hər zaman hər körpə üçün tibbi üstünlük demək deyil.
Bir körpəyə uyğun olan formula digər körpəyə uyğun olmaya bilər. Formula seçimi reklam, sosial media, qonşu və ya qohum məsləhəti ilə deyil, körpənin yaşı, çəkisi, doğum həftəsi, allergiya riski, həzm sistemi və tibbi ehtiyacına görə aparılmalıdır.
Bəzən valideynlər reklamları bilərəkdən və ya bilməyərəkdən yanlış başa düşürlər.
Nəticədə körpədə sadə qaz, bir neçə dəfə süd qaytarma və ya narahatlıq olduqda tez-tez formula dəyişdirilir. Halbuki bu yanaşma hər zaman doğru deyil.
Özbaşına formula dəyişmək:
• körpənin həzm sistemini daha da narahat edə bilər;
• uyğunlaşma prosesini çətinləşdirə bilər;
• lazımsız allergiya şübhəsi yarada bilər;
• bəzi hallarda düzgün diaqnozun gecikməsinə səbəb ola bilər.
Formula seçərkən reklama, qiymətə və məşhurluğa deyil, körpənin fərdi ehtiyacına əsaslanmaq lazımdır.
Formula seçərkən valideynlərin ən çox etdiyi səhvlər
Bir çox valideyn belə düşünür:
“Qazı var, dəyişək.”
“Bir dəfə qusdu, deməli formula uyğun deyil.”
“Başqasının uşağına yaxşı gəlib, biz də onu alaq.”
“Bahalıdırsa, deməli daha yaxşıdır.”
Əslində isə bu yanaşmalar hər zaman doğru deyil. Körpənin yeni formulaya uyğunlaşması üçün müəyyən vaxt lazım ola bilər. Tez-tez formula dəyişmək bəzən vəziyyəti daha da pisləşdirə bilər. Ən bahalı formula hər zaman ən yaxşı formula demək deyil. Ən doğru formula — körpənizin yaşına və tibbi ehtiyacına uyğun olan formuladır.
Nə zaman mütləq həkimə müraciət edilməlidir?
Əgər körpənizdə:
• davamlı və güclü qusma,
• zəif çəki artımı,
• qanlı və ya selikli nəcis,
• davamlı səpki və ekzema,
• ciddi allergiya əlamətləri,
• uzunmüddətli narahatlıq,
• qidalanmadan imtina,
• ishal və ya qəbizlik problemi varsa,
formula seçimini mütləq pediatr ilə birlikdə etmək lazımdır.
Körpədə ciddi əlamətlər varsa, formulaları özbaşına dəyişmək əvəzinə pediatr müayinəsi daha doğru seçimdir.
Yekun
Körpə formulası seçimi “ən yaxşı marka” seçmək deyil — körpənin ehtiyacına uyğun seçim etməkdir.
Ana südü körpə üçün ən ideal qidadır və mümkün olduqca üstün seçim olaraq qalmalıdır. Lakin əlavə qidalanmaya və ya süni qidaya ehtiyac yaranarsa, seçim körpənin yaşına, doğum həftəsinə, çəkisinə, allergiyasına, həzm sistemi xüsusiyyətlərinə və tibbi vəziyyətinə uyğun aparılmalıdır. Reklamlar, sosial media paylaşımları və yaxın çevrənin məsləhətləri valideynləri bəzən çaşdıra bilər. Buna görə də ən doğru qərar körpəni izləyən pediatrla birlikdə verilməlidir.
Unutmayaq:
Hər körpə fərqlidir. Ən doğru formula — məhz sizin körpənizin ehtiyacına uyğun
olan formuladır.
Ədəbiyyat
1. World Health Organization. Infant and young child feeding. https://www.who.int/news-room/fact-sheets/detail/infant-and-young-child-feeding
2. World Health Organization & UNICEF. How the marketing of formula milk
influences our decisions on infant feeding. 2022. https://www.who.int/publications/i/item/9789240044609
3. UNICEF. How the marketing of formula milk influences our decisions on infant
feeding. https://www.unicef.org/documents/impact-bms-marketing
4. American Academy of Pediatrics. Breastfeeding and the use of human milk.
Pediatrics. 2022. https://pubmed.ncbi.nlm.nih.gov/35921640/
5. ESPGHAN Committee on Nutrition. Complementary feeding: a position paper. https://pubmed.ncbi.nlm.nih.gov/28027215/
6. Vandenplas Y, et al. Guidelines for the diagnosis and management of cow’s milk
protein allergy in infants. Archives of Disease in Childhood. https://pubmed.ncbi.nlm.nih.gov/17895338/
7. Isolauri E, et al. Efficacy and safety of hydrolyzed cow milk and amino acid-
derived formulas in infants with cow milk allergy. https://pubmed.ncbi.nlm.nih.gov/7562275/
8. Ng DH, et al. Protein hydrolysate versus standard formula for preterm infants.
Cochrane Review. https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC6485330/
9. Horvath A, et al. The effect of thickened-feed interventions on gastroesophageal
reflux in infants. Pediatrics. https://pubmed.ncbi.nlm.nih.gov/19001038/
10. Nelson Textbook of Pediatrics. Infant nutrition and feeding disorders bölməsi.