Uşağın kobud davranışının arxasında nə dayanır? - Psixoloqdan izah
Uşaqlarda kobudluq çox vaxt pis tərbiyənin göstəricisi deyil. Bu, azyaşlının daxili narahatlığından və böyüklərlə münasibətlərindəki problemlərdən xəbər verən bir siqnaldır. Belə davranışlar stres və ya keçid dövrü ilə bağlı ola bilər, bəzən isə uşaqlar sadəcə böyükləri təqlid edirlər.
Oxu.Az xəbər verir ki, bu barədə Moskva Təhsil və Elm Departamentinə tabe olan Şəhər Psixoloji-Pedaqoji Mərkəzinin mütəxəssisi İrina Loxmatova Gazeta.ru-ya açıqlamasında bildirib.
“Uşağın kobudluğu və ya nəzakətsizliyi çox vaxt yaş böhranları – xüsusilə 3, 7 yaş dövrü və ya yeniyetməlik mərhələsi ilə bağlı olur. Bu dövrlərdə uşaq həmyaşıdları və ya valideynləri ilə münasibətlərdə yarana biləcək çətinliklərə, eləcə də dərslərdəki uğursuzluqlara daha həssas yanaşır. Unutmaq olmaz ki, uşaq orqanizmi inkişaf mərhələsindədir və onlar psixoloji gərginliyi hər zaman təkbaşına, sakit şəkildə dəf edə bilmirlər. Nəticədə, böyüklərlə sərt rəftar etmək meyli yaranır. Onlar bəzən bu davranışı dayandırmaq istəsələr də, bunu necə edəcəklərini bilmirlər”, – deyə mütəxəssis vurğulayır.
İ.Loxmatova uşağın pis davranışının digər səbəbi kimi böyüklərin davranışlarını təqlid etməyini göstərir.
“Bu cür böhran halları valideynlərin tərbiyədəki qüsuru kimi qiymətləndirilməməlidir, çünki bu, inkişafın təbii mərhələsidir. Kənardan “nəzarətsizlik” təsiri bağışlayan hallar əslində daxili inamsızlığın təzahürüdür: azyaşlı əvvəlki qaydaların onu sıxdığını dərk edir, lakin yeni şəraitə necə uyğunlaşacağını hələ bilmir”, – deyə psixoloq bildirib.
Mütəxəssis məsləhət görür ki, belə vəziyyətlərdə uşağın üstünə qışqırmaqdan, onu cəzalandırmaqdan və ya nəyisə qadağan etməklə hədələməkdən çəkinmək lazımdır. Həmçinin onun yorğunluğunu görməzdən gəlmək və ya göstərdiyi sərtliyə görə ondan incimək yanlışdır. Davranışlarda sabitlik mühüm şərtdir: əgər ana bir gün övladını kəskin sözünə görə cəzalandırır, digər gün eyni hərəkətə gülümsəyir, növbəti gün isə özü sərt cavab verirsə, bu zaman uşaq düzgün istiqaməti müəyyən edə bilmir.
“Ən yaxşı çıxış yolu səmimi söhbətlərə və ortaq məşğuliyyətlərə vaxt ayırmaq, bir-birini dinləməyi bacarmaqdır. Bu cür yanaşma mənəvi bağı möhkəmləndirir və uşaqda təhlükəsizlik hissəsini formalaşdırır. Təkcə xasiyyəti dəyişdirməyə çalışmaq deyil, onu yaradan səbəbləri dərk etmək əsas şərtdir”, – deyə İ.Loxmatova əlavə edib.