Uşaqlarda Dəmir Çatışmazlığı barədə. Həkim Nərmin Əzizova

Ümumi Məlumat
Dəmir çatışmazlığı dünyada ən çox rast gəlinən qida çatışmazlıqlarından biridir və bütün yaş qruplarına təsir edir. Xüsusilə 6–24 ay arası körpələrdə və yeniyetmələrdə daha yüksək yayılma tezliyi müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 5 yaşdan kiçik uşaqların təxminən 40%-i və yeniyetmələrin 30%-i dəmir çatışmazlığı anemiyasından əziyyət çəkir.
Doğuş zamanı, əgər anada hamiləlik boyu ciddi anemiya müşahidə olunmayıbsa, yenidoğulmuşların kifayət qədər dəmir ehtiyatı olur. Ana südü ilə qidalanan körpələr ilk 6 ay ərzində dəmir çatışmazlığından qorunurlar, çünki ana südündəki dəmirin bioloji əlçatanlığı yüksəkdir. Lakin, körpə böyüdükcə dəmirə olan ehtiyac artır və qida rasionunda dəmir çatışmazlığı inkişaf edə bilər.
Səbəblər
Uşaqlarda dəmir çatışmazlığı aşağıdakı amillərlə əlaqəli ola bilər:
- Yetərsiz dəmir tərkibli qidalanma: Dəmir baxımından kasad pəhriz və ya həddindən artıq inək südü istehlakı (>500 ml/gün) dəmirin mənimsənilməsini azaldır.
- Sürətli böyümə dövrləri: Körpəlik və yeniyetməlikdə orqanizmin artan dəmir tələbatı.
- Tez-tez infeksiyalar: Xroniki infeksiyalar dəmir ehtiyatlarının azalmasına səbəb ola bilər.
- Xroniki ishal və həzm pozğunluqları: Çölyak xəstəliyi və iltihabi bağırsaq xəstəlikləri dəmir mənimsənilməsini pozur.
- Parazitar infeksiyalar: Qancıq qurdu kimi parazitlər qan itkilərinə yol aça bilər.
- Yeniyetmə qızlarda menstruasiya: Daimi qan itkiləri səbəbindən dəmir ehtiyacının artması.
- Gizli qan itkiləri: Mədə xorası, Meckel divertikulu və digər həzm sistemi xəstəlikləri nəticəsində.
Klinik əlamətlər
Dəmir çatışmazlığı anemiyası zamanı aşağıdakı simptomlar müşahidə oluna bilər:
- Yorğunluq, əsəbilik, halsızlıq
- Diqqət pozuntusu və öyrənmə çətinliyi
- İştaahsızlıq
- Dərinin solğunluğu (xüsusilə göz qapaqları içi və ovuc içində)
- Başgicəllənmə və baş ağrısı
- Saçların və dırnaqların kövrəkləşməsi
- Qeyri-adi maddələr yeməyə meyl (Pika sindromu)
- Fiziki və əqli inkişafın ləngiməsi
- Tez-tez xəstələnmə
- Katılma nöbetləri (ağlama zamanı nəfəsin tutulması və göyərmə)
Diaqnoz
Dəmir çatışmazlığının diaqnozu üçün əsas laborator testlər:
- Hemoqlobin və hematokrit səviyyələri
- Serum ferritin səviyyəsi (dəmir ehtiyatını göstərir)
- Serum dəmir və ümumi dəmir bağlama qabiliyyəti (TIBC)
- Retikulosit sayı və periferik qan yayması
Müalicə
Dəmir çatışmazlığı adətən aşağıdakı üsullarla müalicə edilir:
- Dəmir preparatları:
- Körpələr və kiçik uşaqlar üçün sirop və damcı şəklində
- Böyük uşaqlar və yeniyetmələr üçün kapsul və ya tablet formasında
- Ağır hallarda venadaxili dəmir preparatları tətbiq oluna bilər.
Ən çox istifadə edilən dəmir birləşmələri:
- Ferroz sulfat
- Ferroz glukonat
- Ferroz fumarat
- Ferroz suksinat
İstifadə qaydası: Dəmir preparatları acqarına və C vitamini ilə birlikdə qəbul olunmalıdır.
Vacib məqamlar:
- Dəmir preparatları südlə verilməməlidir (kalsium mənimsənilməni azaldır).
- Qəbizlik, ishal və qarın ağrısı kimi yan təsirlər müvəqqətidir.
- Nəcisin qara rəng alması normal haldır.
- Diş ləkələnməsinin qarşısını almaq üçün dərmanı şirə və ya su ilə vermək tövsiyə olunur.
- Müalicə adətən 3 ay davam edir və sonrasında qan analizləri ilə nəticələr qiymətləndirilməlidir.
Fəsadlar
Müalicə olunmamış dəmir çatışmazlığı aşağıdakı problemlərə səbəb ola bilər:
- Beyin inkişafının ləngiməsi
- Öyrənmə çətinlikləri və məktəbdə zəif nəticələr
- İmmunitetin zəifləməsi
- Halsızlıq və iştahsızlıq
- Ağır hallarda ürək çatışmazlığı
Qarşısının Alınması
Dəmir çatışmazlığının qarşısını almaq üçün:
- Dəmir baxımından zəngin qidaların (qırmızı ət, qaraciyər, yumurta, mərcimək, noxud və dəmirlə zənginləşdirilmiş dənli məhsullar) qəbulunun təşviq olunması.
- Prematüre körpələrə 1-ci aydan, vaxtında doğulanlara 4-cü aydan başlayaraq dəmir əlavəsinin verilməsi (ÜST tövsiyəsinə əsasən).
- Yeniyetmə qızlarda menstrual sağlamlığın izlənilməsi və qida rasionunun dəmirlə zənginləşdirilməsi.
- Xroniki infeksiyaların və zəif inkişafın müntəzəm müayinəsi.
Nərmin Əzizova,
Pediatriya.az saytının təsisçisi