Bakı məktəblərində şagirdlər arasında virus yayılıb? - RƏSMİ CAVAB

Məktəblər uşaqlar arasında xəstələnmə halları çoxalıb. Şagirdlər əsasən ürəkbulanma, qarın ağrısı və ishal (diareya) kimi narahatlıq halları artıb.

Bu barədə vətəndaşlar BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər. Bildirilir ki, hətta elə olur ki, bir sinifdə 3-4 uşaq analoji problemlərdən əziyyət çəkir. Hətta bəzilərinin tempraturu da yüksək olur.

Uşaqlar arasınında yeni virus yayılır?

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutundan Allahverdi Musayevlə əlaqə saxladıq.

Həkim BAKU.WS-ə açıqlamasında valideynlərə məsləhət bildi ki, ilboyu belə hallar qeydə alınır.

“Əsasən soyuq havalarda uşaqlar arasında bu tipli xəstəliklər yayılır. Qarında əzələ ağrıları, bəzilərində ishal olur, bəzilərində isə ishalsız qeydə alınır. Ağrılar əsasən qarında linfa düyünlərinin böyüməsilə bağlı arğılardır. Bunlar çox vaxt virusxarakterli olduğu üçün yoluxucu da olur.

Bizim də xəstəxanaya bununla bağlı müraciətlər var. Lakin ciddi artım deyil. Biz adətən belə xəstələri xəstəxanada yatırmırıq. Onlara müalicə tətbiq edib evə buraxırıq. Lakin xəstə çox su itiribsə və vəziyyəti nisbətən ağır olarsa, o zaman xəstəxanada yatırırıq.

Valideynlər uşaqlarını soyuq havada qalın geyindirsinlər. İsti maye çox qəbul etsinlər”, – deyə Allahverdi Musayev bildirib.

Təhsil Nazirliyindən bildirilib ki, şagirdlər arasında kütləvi virusa yoluxma ilə bağlı faktlar qeydə alınmayıb.

Təhsil Nazirlyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov BAKU.WS-ə açıqlamasında bildirib ki, Təhsil Nazirliyində narahat doğuracaq elə bir məlumat yoxdur:

“Nazirlik əməkdaşları mütəmadi olaraq məktəblərlə əlaqə saxlayır. Monitorinqlər aparır. Soyuq havadır. İndi hansısa sinifdə bir neçə uşağı xəstələnəsi qeydə alına bilər. Lakin bu kütləvi hal daşımır. Xüsusi narahatdoğrucu hal yoxdur”.