Uşaq nikahı olmayan anadan olduqda sənədləşdirmə

Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda sənədləşdirmə necə həyata keçirilir?
– Bu halda doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır.
Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır.
Süni mayalanma və ya embrionun implantasiyasının tətbiqi barədə yazılı razılığı olan valideynlərin həmin metodlar nəticəsində uşağı olduqda məsələ necə tənzimlənir?
– Öz aralarında nikahda olan və süni mayalanma və ya embrionun implantasiyasının tətbiqi barədə yazılı razılığı olan valideynlərin həmin metodlar nəticəsində uşağı olduqda, uşağı doğan qadının (surroqat ananın) razılığı ilə doğum haqqında şəhadətnamədə onlar uşağın valideynləri kimi qeydə alınırlar.
Öz aralarında nikaha daxil olan və başqa qadına embrionun implantasiyasına yazılı şəkildə razılıq verən şəxslər yalnız uşağı doğan qadının razılığı ilə uşağın valideynləri kimi yazıla bilərlər.
Atalıq müəyyən olunduqdan sonra nikahda olmayan şəxslərdən olmuş uşaqların nə kimi hüquq və vəzifələri vardır?
– Atalıq məhkəmə qaydasında müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar.