Talassemiya Mərkəzində indiyədək 55 sümük iliyi köçürülməsi əməliyyatı aparılıb

Talassemiya – valideynlərdən övladlarına genlə keçən ağır irsi qan xəstəliyidir. Bu gün Respublika Talassemiya mərkəzində (RTM) 8 may – Beynəlxalq Talassemiya Gününə həsr edilmiş mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, RTM-in direktoru Valeh Hüseynov tədbirdə çıxış edərək, son illər talassemiyanın müalicəsi və diaqnostikası istiqamətində mühüm tədbirlər görüldüyünü bildirib. Prezident İlham Əliyevin 10 fevral 2015-ci il tarixli Sərəncamı ilə talassemiyanın profilaktikasının gücləndirilməsi, əhali arasında maarifləndirmə işinin genişləndirilməsi, bütövlükdə, talassemiya xəstələrinə göstərilən tibbi köməyin təkmilləşdirilməsini nəzərdə tutan “Talassemiya ilə mübarizəyə dair 2015–2020-ci illər üçün Dövlət Proqramı” təsdiq olunub. Bununla yanaşı, bəzi qeyri-hökumət təşkilatlarının iştirakı ilə talassemiyaya qarşı mübarizəyə istiqamətlənən tədbirlər icra olunub. Belə ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva hələ 2005-ci il fevralın 8-də Azərbaycanda “Talassemiyasız həyat naminə” layihəsinin həyata keçirilməyə başlanmasını elan edib. Həmin proqram Azərbaycanda bu xəstəliklə mübarizədə dönüş anı oldu. Proqramın icrası çərçivəsində 2009-cu ilin mayında Bakıda Respublika Talassemiya Mərkəzi açıldı. Mərkəzdə bu xəstəlikdən əziyyət çəkən pasiyentlər lazımi dərmanları və ixtisaslaşmış tibbi köməyi pulsuz əldə etməyə, ölkə ictimaiyyəti isə mühüm problem olan qan donorluğuna fəal qoşulmağa başladı.

V.Hüseynov xatırladıb ki, talassemiyanın geniş yayıldığı ölkələrdən biri də Azərbaycandır. Hazırda ölkəmizdə 3000-dən artıq talassemiya xəstəsi və 1 milyona yaxın bu xəstəliyin daşıyıcısı var. Onun sözlərinə görə, əgər iki daşıyıcı ailə qurarsa, onların uşağının xəstə doğulacağı ehtimalı çox yüksəkdir. Bununla əlaqədar Ailə Məcəlləsinə edilən dəyişikliklər və digər normativ aktlarla bağlı qəbul edilən Qanuna görə 2015-ci il iyunun 1-dən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar tibbi müayinədən keçməlidirlər. Bu da, öz növbəsində, talassemiya xəstəliyi ilə doğulan uşaqların sayının kəskin azalmasına imkan verir.

RTM-in direktoru, həmçinin qeyd edib ki, talassemiya xəstələrinin müasir və radikal müalicə üsulu sümük iliyinin köçürülməsidir. Bu, ağır əməliyyatdır və pasiyentin hazırlaşması üçün xeyli müddət tələb olunur. Diqqətə çatdırılıb ki, 2014-cü ilin mayında Talassemiya Mərkəzində ölkə tarixində ilk dəfə olaraq, sümük iliyinin köçürülməsinə dair üç mürəkkəb əməliyyat aparılıb. Bütövlükdə, Talassemiya Mərkəzində indiyədək 55 sümük iliyi köçürülməsi əməliyyatı həyata keçirilib.

Tədbirin sonunda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

 

AZƏRTAC