Süd verən analar necə qidalanmalıdır?

“Əminəm ki, bütün analar və analığa namizədlər artıq ana südünün körpənin sağlam böyüməsində ən düzgün və ən təbii qidalanma üsulu olduğu barədə yetərincə məlumatlıdırlar. Bəs əmizdirmənin ananın özünə hansı faydaları var? Bu, uşaqlığın bərpa müddətini qısaldır, qanaxma riskini azaldır. Doğuşdan sonra hamilə qalma ehtimalını minimuma endirir. Anaların çoxu əmizdirmə dövründə aybaşı görmürlər. Buna səbəb süd ifrazına cavabdeh prolaktin hormonu və menstrual tsiklə cavabdeh estrogen və progesteron hormonlarıdır”.

Bunu ginekoloq, uzman həkim Rəxşəndə Aslanova açıqlayıb. Həkim bildirib ki, əmizdirmə hamiləlikdə alınan artıq çəkidən qurtulmağa da kömək edir. Süd vəzi və yumurtalıqların xərçənginə, menapauza dövründə osteoporoz xəstəliyinə tutulma riskini aşağı salır.

Mütəxəssis, həmçinin süd artıran qidalarla bağlı tövsiyələr də verib:

Laktasiya dövründə bol su için. Bədənin susuz qalması süd ifrazına da mənfi təsir göstərir. Ona görə günə 3 litrədək su içməyə diqqət edin.

Yaşıl tərəvəzlər, göyərtilər tərkiblərindəki fitoestrogen hesabına süd artımına səbəb olan hormonların istehsalına kömək edir.

Yulaf – xolesterol səviyyəsini azaldan və qan təzyiqini normallaşdıran yulaf həm də süd artırma özəlliyinə sahibdir. Yulaf həm də gün boyu enerjini yüksəkdə tutur və stressi azaldır. Oksitosin, prolaktin ifrazında da yaxından iştirak edir.

Kök – yaşıl tərəvəzlər kimi fitoestrogen mənbəyi olan kök həm də bütün və A, C vitaminləri ilə zəngindir. Bu da ana südünün keyfiyyətinin artırılmasına kömək edir.

Qaysı, əncir, xurma-həm təzə, həm qurudulmuş halda qəbul edə bilərsiniz. Lif, potasium və kalsiumla zəngin bu meyvələr süd artımında əvəzedilməz rol oynayırlar. Qaysı həm də triptofanla zəngindir. Bu da yenə prolaktin ifrazında yaxından iştirak edir.

Razyana – fitoestrogen tərkibli bu bitki analara süd artımında 1 nömrəli yardımçıdır. İstər təzə razyana yarpaqlarını yeməklərinizə qatın, istər toxumunu dəmləyib için, bu, həm süd artımına kömək edəcək, həm də körpənin həzm sisteminə faydalı olacaq.

Çərəzlər kalsiumla zəngindirlər və süd keyfiyyətini yüksəldirlər.

Ginekoloq analara gecə əmizdirməsini ötürməməyi də tövsiyə edib: “Süd istehsalına cavabdeh prolaktin gecələr ifraz olunur”.