Şəhid övladları Respublika Kliniki Xəstəxanasında əməliyyat olunub

Bakı, 11 aprel, AZƏRTAC

Azərbaycan Ordusunun mayoru, şəhid Məmmədov Əlövsət Əli oğlunun qızı Aysun Məmmədzadə və oğlu Sənan Məmmədzadə Respublika Kliniki Xəstəxanasında LOR həkimi Könül Bayramova tərəfindən müayinə olunub. Hər iki uşağa həkim tərəfindən xroniki tonzillit dekompensasiya olmuş forma, Adenoid üçüncü dərəcəli diaqnozu qoyulub və Adenotonzillektomiya əməliyyatı həyata keçirilib.

Respublika Kliniki Xəstəxanasından AZƏRTAC-a verilən məlumata görə, əməliyyatdan sonra həkim tərəfindən hər iki uşağın vəziyyəti normal olaraq qiymətləndirilir.

Xatırladaq ki, Azərbaycan Ordusunun mayoru Əlövsət Məmmədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. Əlövsət Məmmədov noyabrın 8-də Xocavənd döyüşləri zamanı şəhid olub. Ölümündən sonra o, Prezident İlham Əliyevin Sərəncamlarına əsasən “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.