Respublika Müalicəvi Diaqnostika Mərkəzinin keçirdiyi aksiyada ürək qüsuru olan 6 yaşınadək uşaqlar əməliyyat olunublar

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində fəaliyyət göstərən Bakı Ürək Mərkəzində keçirilən xeyriyyə aksiyasında anadangəlmə ürək qüsuru olan 6 yaşınadək uşaqlar əməliyyat olunublar.

Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, əməliyyatın mürəkkəbliyi həmin uşaqlarda kombinə olunmuş anadangəlmə ürək qüsurunun, eləcə də həmin uşaqlarda bir deyil, bir neçə ürək probleminin mövcudluğunda idi. Bakı Ürək Mərkəzinin kardiocərrahı Elnur Həsənovun rəhbərlik etdiyi həkim komandasının apardığı əməliyyatlar uğurla nəticələnib və uşaqlarda olan həmin qüsurlar tam aradan qaldırılıb.

Anadangəlmə ürək qüsurlarının 5-7 faizini təşkil edən kombinə olunmuş qüsurlar zamanı qapaqlardan birinin üzərində həm sistolik, həm də diastolik küy eşidilir, yəni həm qapaq çatışmazlığı, həm dəliyin daralması mövcud olur. Həmin uşaqlarda təngnəfəslik, tez-tez göyərmələr və çəkinin itirilməsi müşahidə olunur, daha sonra ürək çatmazlığı inkişaf edir və bütün bunlar həyat keyfiyyətinə öz mənfi təsirini göstərir. Əməliyyat olunan uşaqların valideynləri Bakı Ürək Mərkəzində yaradılmış şəraitdən razı qaldıqlarını bildirib, mərkəzin həkim və tibb işçilərinə minnətdarlıq hissi ifadə ediblər. Mərkəzdən valideynlərə tapşırılıb ki, əməliyyatdan sonrakı mərhələdə uşaqları kontrol müayinələrə gətirsinlər.

Əməliyyatdan iki gün sonra uşaqlar evə yazılıb və tam sağlam şəkildə həyatlarını davam edirlər.