Uşaqlarda Qızdırma Haqqında Vacib Məlumatlar. Həkim Nərmin Əzizova

Təcili yardıma müraciət edən uşaqların böyük əksəriyyətində əsas şikayət qızdırmadır. Bu səbəbdən valideynlərin qızdırma haqqında baza biliklərə sahib olması son dərəcə vacibdir. Məqaləmizin məqsədi – qızdırma ilə bağlı məlumatların ailələrə aydın və faydalı şəkildə çatdırılmasıdır.
Qızdırma nədir?
Qızdırma – bədənin infeksiyaya və digər xəstəliklərə qarşı verdiyi müdafiə reaksiyasıdır. Bu hal özü bir xəstəlik deyil, daha çox bir əlamət kimi qiymətləndirilir. Yəni, bədən temperaturunun yüksəlməsi, altda yatan problemin xəbərçisi ola bilər.
Qızdırmaya səbəb olan xəstəliklər hansılardır?
Qızdırmaya səbəb olan xəstəliklər müxtəlifdir.
Yüngül və tez sağalan xəstəliklər:
- Yuxarı tənəffüs yolu infeksiyaları (soyuqdəymə, faringit və s.)
- Sinuzit
- Orta qulaq iltihabı (otit)
Daha ciddi xəstəliklər:
- Sidik yolu infeksiyası
- Aşağı tənəffüs yolu infeksiyası (bronxit, pnevmoniya)
- Menenjit
- Qan infeksiyaları (bakteremiya, sepsis)
Qeyd: Qızdırma yalnız infeksiyalarla əlaqədar olmaya da bilər. Məsələn, revmatik xəstəliklər və bəzi allergik reaksiyalar da temperatur artışı ilə müşayiət oluna bilər.
Qızdırma necə ölçülür?
Qızdırma bu üsullarla ölçülə bilər:
- Qoltuq altı
- Ağız
- Qulaq
- Alın (kontaktsız termometr)
- Anal bölgə
Normal dəyərlər və qızdırma həddi:
Ölçmə Yeri | Qızdırma həddi |
Qoltuq altı | ≥ 37.5°C |
Ağız | ≥ 38.0°C |
Anal | ≥ 38.5°C |
Diqqət: Qoltuq altından ölçmədə termometr 3-5 dəqiqə saxlanmalı və dəri quru olmalıdır. Kontaktsız termometrlər sürətli və gigiyenikdir, lakin bəzən qeyri-dəqiq nəticələr verə bilər.
Ev şəraitində görüləcək tədbirlər
3 aydan kiçik uşaqlar: Qızdırma halında dərhal həkimə müraciət edilməlidir. Özbaşına dərman verməyin.
3 aydan yuxarı uşaqlar üçün tövsiyələr:
- Qalın geyimləri çıxarın, uşağın bədəni nəfəs alsın.
- Bol maye verin – su, kompot, ana südü və s.
- Qızdırma 38°C və yuxarıdırsa, qızdırmasalıcı verin:
- Parasetamol: 10–15 mq/kq, 4-6 saatdan bir
- İbuprofen: 5–10 mq/kq, 6-8 saatdan bir
- Əvəzləmə ilə istifadə (yalnız həkim tövsiyəsi ilə)
- İlıq duş və ya isladılmış bezlər – dərman təsir edənədək istifadə edilə bilər.
Ən çox rast gəlinən səhvlər
- Qalın geyindirmək və ya paltar çıxarmamaq
- Aspirin vermək (uşaqlarda təhlükəlidir)
- Buzlu su ilə çimizdirmək
- Sirkə və ya alkoqolla bədəni silmək
- Çox isti və ya çox soyuq içkilər vermək
- Müxtəlif dərmanları birləşdirmək (xüsusilə eyni tərkibli maddələri olanlar)
Təcili yardım tələb edən hallar
Vəziyyət | Tətbiq |
3 aydan kiçik körpədə qızdırma | Təcili həkimə müraciət |
Qıcolma keçirilməsi | Təcili yardım çağırmaq |
Huş pozğunluğu, yuxulu hal | Təcili qiymətləndirmə |
İshal, qusma, susuzluq əlamətləri | Həkim nəzarəti |
40°C və üzəri temperatur | Təcili tibbi yardım |
Dərinin solğun və ya bənövşəyi görünməsi | Təcili tibbi qiymətləndirmə |
Təngnəfəslik, intensiv ağlama, narahatlıq | Mütləq həkim müayinəsi |
Səpkilərin olması və solmaması | Təcili dəyərləndirmə |
Antibiotik nə vaxt istifadə olunmalıdır?
Qızdırmanın əksər səbəbi viruslardır və viruslara qarşı antibiotik təsirsizdir. Antibiotik yalnız həkim tövsiyəsi ilə başlanmalıdır. Əgər başlanılıbsa, 48-72 saat ərzində qızdırmanın düşməsi gözləniləndir. Bu dövrdə qızdırma davam edərsə, qızdırmasalıcı istifadəsi davam etdirilə bilər.
Yadda saxlayın!
- Qızdırma həmişə ciddi xəstəlik əlaməti olmaya da bilər.
- Qızdırmasalıcı ilə çətin düşən temperatur xəstəliyin ağırlığını göstərməyə bilər.
- Antibiotiklərin qızdırmasalıcı təsiri yoxdur.
- Qapağı açılıb 1 aydan çox qalan sirop dərmanlar təsirsiz ola bilər.
- Ana südü və peyvəndlər uşağın immunitetini gücləndirir.
Həkim Nərmin Əzizova, Pediatriya.az saytının təsisçisi