Psixiatrik diaqnozlar nə qədər etibarlıdır? - Araşdırma
Psixiatrik diaqnozlar nə qədər etibarlıdır? – Araşdırma
Bakı, 10 sentyabr, AZƏRTAC
Kopenhagen Universitetinin alimlərinin apardıqları yeni araşdırma psixiatrik diaqnostikada ciddi fikir ayrılıqlarının davam etdiyini göstərib.
AZƏRTAC xəbər verir ki, “XXI əsrdə psixiatrik diaqnozların etibarlılığı” adlı araşdırma barədə məlumat “Frontiers in Psychiatry” jurnalında dərc olunub.
Araşdırmada 19 ölkədən olan və psixiatriya sahəsində çalışan 1038 həkim iştirak edib. Onlara müxtəlif pasiyentlərin klinik vəziyyətlərini əks etdirən yazılı təsvirlər təqdim olunub və diaqnozun müəyyənləşdirilməsi istənilib. Eyni pasiyentlərlə bağlı diaqnozun təyin edilməsi zamanı isə onların arasında yalnız 55 faiz hallarda razılaşma qeydə alınıb. Xüsusilə şizofreniya və şizotipal pozuntu arasında fərqləndirmə zamanı fikir ayrılıqları yüksək olub.
Tədqiqatçılar bildiriblər ki, simptomların müxtəlif psixi pozuntularda üst-üstə düşməsi diaqnostikanı çətinləşdirir. Onların fikrincə, bu vəziyyət həm pasiyentlərin fərqli diaqnoz və müalicə alması riskini artırır, həm də psixiatrik tədqiqatların nəticələrinin etibarlılığına təsir göstərə bilər.
Alimlər psixi pozuntuların daha dəqiq təsvir olunmasını və zərurət yaranarsa, diaqnostik kateqoriyaların sayının azaldılmasını təklif edirlər.
Müxbir – Günel Türksoy