Pediatriya.az sorğusu açıqladı: Hər 4 valideyndən biri “çöpçü”yə inanır
Pediatriya.az portalında həyata keçirilən silsilə sorğular çərçivəsində valideynlər arasında “Uşağınızı çöpçüyə aparırsız?” sualı ilə bağlı növbəti sorğu keçirilib.
Sorğunun nəticələrinə əsasən, valideynlərin 24%-i “çöpçü”yə inandığını və övladını bu məqsədlə apardığını bildirib. Respondentlərin 65%-i uşağını belə üsullara aparmadığını qeyd edib. 11% isə tərəddüd etdiyini ifadə edib.
Nəticələr göstərir ki, valideynlərin əksəriyyəti uşaqlarının sağlamlığı ilə bağlı məsələlərdə elmi və tibbi yanaşmaya üstünlük verir. Bununla yanaşı, hər dörd valideyndən birinin alternativ üsullara inanması və müəyyən bir qismin tərəddüd içində olması cəmiyyətdə səhiyyə savadlılığının artırılmasının vacibliyini bir daha gündəmə gətirir.
Sorğu bir daha sübut edir ki, uşaqların sağlamlığı ilə bağlı qərarların elmi əsaslara söykənməsi istiqamətində maarifləndirmə işləri davamlı və sistemli şəkildə aparılmalıdır. Valideynlərin düzgün və etibarlı tibbi məlumatlara çıxış imkanlarının genişləndirilməsi isə prioritet məsələlərdən biri olaraq qalır.
Yekunda xatırladaq ki, 2017-ci ilin noyabr ayından fəaliyyət göstərən Pediatriya.az uşaqlarımızın sağlam gələcəyi naminə ailələrin tibbi maarifləndirilməsi, həmçinin vacib tibbi xəbərlərin ictimaiyyətə çatdırılması məqsədilə çalışır. Portal Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun şəkildə və sırf maarifləndirmə istiqamətində fəaliyyətini davam etdirir.
