19 Sentyabr 2020

İştahsız uşaq

Bir çox ailə uşaqlarının az yemək yediyindən, iştahsız olduğundan və ona görə də sağlam böyüməyəcəyindən narahat olurlar.  Uşağın az yeməsi, seçici qidalanması ya da arıq olması onun sağlam olmadığı demək deyildir. Amma nəzərə alınmalıdır ki, bir çox ciddi xəstəliklər də iştahsızlığa səbəb ola bilər. Ona görə iştahsız uşaqlar həkim tərəfindən müayinə olunmalı və ciddi xəstəliklər inkar olunmalıdır.

Bir çox valideyn uşağının iştahsız olduğunu qeyd edir. İştahsızlıq valideynlər tərəfindən ən çox aşağıdakı kimi təsəvvür edilir:

  • Uşaqlarının çox az yeməsi;
  • Seçici qidalanması;
  • Özü yemək yemədə çətinlik çəkməsi və ya yavaş yeməsi;
  • Yeməkdən imtina etmə;
  • Qəribə yemə adətlərinin olması.

Bu cür problemlər uşaqların 25-50% də müşahidə edilir. Fiziolojik ehtiyacların normal olan, normal böyüyən və qida çatışmazlığı əlamətləri olmayan hər bir uşaq normal iştahı olan uşaq qəbul edilə bilinər. İştahsız qəbul edilən uşaqların az qismində  ciddi olaraq yemədən imtina, qusma, çəki itkisi və ya çox az çəki artımı kimi əlamətlərlə müşahidə edilir. Belə yemə pozğunluqları sonrakı illərdə davranış pozuntularına, anoreksiyaya (iştahın olmaması), mental geriliyə (əqli gerilik), nevroza və bulimiyaya (öküz iştahası) səbəb olur.

 

İştahsızlığın səbəbləri hansılardır?

Valideynlər uşaqları yaxşı qidalanmadıqda, böyümə inkişafda ləngimə olduqda və ya kifayət qədər yemədiyini hiss etdikdə həkimə müraciət edirlər.  Normal böyümə inkişafı olan uşaqların 30%-də, böyümə inkişaf problemi olan uşaqların isə 80% də iştah problemləri rastlanır.  İştahsızlığın səbəbləri əsasən orqanik, və ya non orqanik yəni psixolojik olmaqla 2 qrupa bölünür. Orqanik xəstəliklər dedikdə anadangəlmə ürək anomaliyaları, nevrolojik problemlər,endokrin xəstəlikləri,  xronik infeksion (yoluxucu) xəstəliklər, sidik yolu infeksiyaları, qastroezofagial refluks, malabsorbsiya problemləri, kistik fibroz, qan azlığı/dəmir çatışmazlığı, sink çatışmazlığı, udma problemləri, allergik xəstəliklər (qida allergiyaları) xəstəliyi kimi səbəblər buna aiddir. Bu səbəblər iştahsızlıq uşaqların çox az qismində müşahidə edilir. İştahsızlıq olan uşaqların yalnız 25%- də görülür.  Psixolojik olaraq müşahidə edilən iştahsızlıqlarda isə çox vaxt ailədə və ya ana-övlad arasında münasibət problemlərinə, məcburi qidalandırılma, gecə yemək vermə, təzyiq göstərmək, mexanik qidalandma (yemək saatındır yeməlisən),  stressli mühütə problemlərə bağlıdır. Bəzən yaşa uyğun olmayan diet iştah itkisinə (iştahsızlıq) səbəb ola bilər. İştahsızlıq hər yaş qrupunda xüsusən 1-6 yaş arası daha sıx müşahidə edilir. 6-36 ay arası körpələrdə görülən orqanik səbəbi olmayan qida rəddi infantil anoreksiyadır. Qidalanma zamanı boğulma təhlükəsinin olması uşaq üçün sarsıcı ola bilər və kəskin olaraq qidadan imtina edə bilər. Bu hal valideynlərədə neqativ təsir göstərə bilər. Yemək yedizdirmək çox stressli bir hal ala bilər.

İştahsız olan körpə və uşaqlarda əlamət və şikayətlər hansılardır?

Körpələrdə

  • Zəif və qısa müddətli əmmə;
  • Əmmədən imtina və ağlama;
  • Başını arxaya atma, narahatlıq və yuxu problemləri;
  • Üzünü büzmə, öyürmə, qusma;
  • Kifayət qədər çəki ala bilməmə və ya çəki itkisi.

Böyük uşaqlarda

  • Az yemək yeyərək, yemək masasından tez qalxmaq;
  • Yeməmək üçün başını çevirmək və ya ağzını bərk sıxmaq;
  • Ağlamaq, yeməyi tökmək, qaşığı -çəngəli atmaq;
  • Yeməyi ağızda saxlamaq, öyürmə və ya qusma;
  • Maye, püre və ya qatı qidalardan imtina;
  • Tərəvəz yeməmək;
  • Bəlli rəngdə, qoxuda və ya qatılıqda qidaları yeməmək;
  • Aclıq hiss etməmək və yalnız bəlli qidaları yeməkdə israr etmək;
  • Kifayət qədər çəki ala bilməmək və ya çəki itkisi.

İştah yemə problemləri ehtiyac olarsa uşaq qastro enteroloqu, dietoloq, psixoloq-psixiatrist və fizioterapevt birgə xəstəni müayinə etməli və müalicə təyin olunmalıdır.

İştahsız, yemə problemləri olan uşaqlar 6 kateqoriyada sinifləndirilir:

  1. Yemək seçən uşaq;
  2. İştahsız kimi olan normal uşaq;
  3. İştahsız və hərəkətli uşaq;
  4. Yeməkdən qorxan uşaq;
  5. İştahsız və qapalı uşaq;
  6. Xəstəliyə görə iştahsız olan uşaq.

Yemək seçən uşaq- müəyyən qidaları yemir. Əgər yemək üçün məcbur edilsə ağlayır və qışqırır.  Belə uşaqlar məcbur edilməməli, onların bu cür yeməklərə marağı yaradılmalıdır. Əgər yeməyi təkrarən uşaq sevmirsə müxtəlif aralıqlarla və formada təkrar verilməlidir.

İştahsız kimi görünən normal uşaq- ehtiyac olduğu qədər yemək yeyən sağlam uşaqdır. Sevdiyi və sevmədiyi yeməklər olan bu uşaq tipi valideyni tərəfindən yeməyə məcbur edilir və başqa uşaqlarla müqayisə edilərək iştahsız kimi dəyərləndirilir.

İştahsız və hərəkətli uşaq yeməyə qarşı maraq göstərmir və çox tez doyurlar. Diqqət defisiti olan bu uşaqlar yemək yeməyi tez qurtarmaq və başqa fəaliyyətləri ilə məşğul olmaq istəyirlər. Bu uşaqlarda əsas olaraq yemək ritualını inkişaf etdirilməli və diqqət defisiti müalicə edilməlidir.

Yemək yeməkdən qorxan uşaq yemək yeməyə müqavimət göstərir , ağlayır və ağzını açmır. Bu uşaqlarla mərhələli şəkildə məşğul olunaraq yemək vərdişi öyrədilməlidir.

Xəstəliyə görə iştahı olmayan uşaq xəstəlik aradan qalxdıqdan sonra yemək yemə problemi də avtomatik ortadan qalxmış olur.

İştahsız və qapalı (daxilinə qapalı) olan əsas səbəb psixolojidir. Bura ana- ata ayrılığı və ya uşağa vaxt ayırılmamağı, ona maraq göstərilməməyi aiddir. Yeməyin forması, yemək saatı da iştaha təsir göstərən amillərdəndir.

İştahsız uşağa yanaşma necə olmalıdır?

Uşağın sevmədiyi qidaları ona yeməyə məcbur etməyin. Bu yeməkləri müəyyən aralıqlarla yedirməyi sınayın. Uşaqların yemək porsiyalarını uşaqlarda olduğu kimi götürməyin. Mədə ölçüləri kiçik olduğu üçün hətta 7- 10 qaşıqdan sonra doya da bilərlər. Uşaqlarınızı başqa uşaqlarla müqayisə etməyin. Heç vaxt yemək üçün təhdid etməyin və ya qorxuzmayın. Yeməkdən əvvəl uşağa nəsə əlavə qida verməməyə çalışın. Təmiz havada oynamaq, yuxu rejiminin olması uşaqların iştahını açır və yeməsini yaxşılaşdırır. Uşaqlarda müşahidə edilən narahatlıq, qısqanlıq, kədər da iştahı azaldan amillər arasındadır. Məktəb dövründə uşaqların iştahın az olmasına təsir edən amillərdən isə ağır dərs tempinin olması, ayaq üstə qidalanmaq, məktəb stressi ola bilər. Uşağınız ola bilər ki 1 yaşından etibarən iştahında azalma hiss edə bilərsiz. Çünki, uşağınız körpəlikdən 1 yaşına kimi sürətlə inkişaf etmişdir. Ancaq artıq sürətli böyümə dövrü keçmiş və kalori ehtiyacı azalmışdır. Ona görədə əvvəlki kimi yeməyə ehtiyacı olmaya bilər. Bu dövr valideynləri həyəcanlandıra bilər. Uşağın yaxşı qidalanaraq normal böyüdüyünün göstəricisi: 6-8 ay arası 100 qr/həftəyə, 9- 12 ay arası 50-75 qr/həftəyə,, > 1yaşdan yuxarı uşaqlarda isə50 qr/həftə yə çəki alımı kifayətdir.

Uşaqların qidalanmasında edilən ən böyük səhvlər hansılardır?

  1. Ac olmasa da uşağı yemək yeməyə məcbur etmək: uşaqları fərdi şəxs kimi qəbul edilməli və acdığını, doyduğunu hiss etməlidir. Onu məcbur etdirsək, normal aclıq və ya toxluq hissini başa düşə bilməz. Gələcəkdə səhv qidalanmaya bağlı olaraq problemlər yaşaya bilər.
  2. İstəmədiyi və ya sevmədiyi yeməkləri məcbur edərək yedirməyə çalışmaq: böyüklərdə olduğu kimi uşaqlarında sevmədiyi yeməklər ola bilər. Onlara bu barədə hörmət edilməlidir.Əsas qida məhsullarını yeyə bilsə kifayətdir. (məsələn: pendir sevmirsə əvəzində süd və ya qatıq verilə bilinər).
  3. Uşaqlar hər gün eyni cür yeməzlər. Bir gün çox yaxşı yeyə bilər, bəzən isə əksinə. əgər bir uşaq normal böyüyürsə və gün ərzində oynayıb qaçırsa deməli həyəcanlanmağa əsas yoxdur.
  4. Uşağa səhv nümunə göstərmək: Uşaqlar yemək yemədə həmişə valideynlərinə oxşayırlar. Məsələn: süd içməyən valideynlərin uşağı məcbur etməsi və ya özləri misal üçün “Coca Cola” içən valideynlərin uşağa qadağa etməsi səhv nümunədir.
  5. Çoxlu süd və ya meyvə şirəsi içməkdə iştahsızlığa səbəb ola bilər: xüsusən yeməkdən əvvəl qəbulu iştahı azaldacaqdır. Həmçinin çoxlu süd qəbulu nəticədə anemiya inkişaf edə bilər və iştahsızlığa səbəb ola bilər.
  6. Uşağa da böyüklər kimi yemək porsiyası vermək: uşaqların yemək yeyə biləcəyi posiya məhduddur, böyüklər kimi porsiyaları olmaz. Ona doydum dedikdə hörmət edilməlidir.
  7. Yeməyi mükafat və ya cəza kimi istifadə etmək: əgər uşağa “ tərəvəzini yeməsən şirniyyat yoxdur” deyə cəza desəniz o tərəvəz yeməklərinə bundan sonra cəza yeməyi kimi baxacaqdır. Şirniyyat yeməklərinə isə mükafat kimi düşünəcəkdir.
  8. Diqqəti özünə cəlb etmək: çünki iştahsızlıq həmişə valideynləri cəlb etdirən bir nüansdır. Çalışmaq lazımdır ki, bu barədə xüsusən yemək vaxtı danışmayasınız. Uşaq bunu eşitdikcə daha da şişirtməyə çalışacaqdır.

Ümumi məsləhətlər

  • 1 yaşından sonra uşaqlarda iştah azalması müşahidə edilə bilinər. Bu daha çox böyümənin yavaşlaması ilə əlaqədardır.
  • Yeməyə uyğun forma vermək, dad, qoxu, qida dəyərinin yüksək olması vacibdir. Amma yeməyin nə qədər yeyilib nə qədəri qalacağı isə uşaqdan aslıdır. Başlanğıcda kiçik porsiyalar şəklində verilməlidir, uşağın istəyinə və iştahına gərə əlavələr oluna bilinər.
  • Uşağın gün boyu əlavə qidalar yeməsinə, çox süd və meyvə şirəsi içməsinə imkan verilməməlidir.
  • Yemə vaxtı uşağın əyləncəli dövrləri olmalıdır, uşaq qətiyyən məcbur edilməməli, fiziki və mənəvi təzyiq altında olmamalıdır. Təhdid, rüşvət və cəzalandırılma qətiyyən edilməməlidir. Ağlayan və ya qəmgin bir uşaqdan kifayət qədər yeməsi gözlənilmir.
  • İştahsızlığı olan uşaqlarda yemə proqramı hazırlana bilinər. əsas və əlavə qidalanma rejimi ilə birgə 5 dövrə bölünməlidir. Yemək aralığı ən azından 3-4 saat olmalıdır.
  • Yemə müddəti 20-30 dəqiqə arasında olmalı, daha uzun müddət stol arxasında oturulmamalıdır.
  • Yeməklərdən 10-15 dəqiqə əvvəl uşağın sakit dincəlməsi lazımdır.
  • Yemək yemə vaxtı uşağın diqqətinin yeməkdən ayrılmamalıdır, ona görə kitab, oyuncaqlar yığışdırılmalı, televizor söndürülməlidir.
  • Bütün ailə hamısı stol arxasında oturmalı, çünki uşaqlar böyüklərə oxşamağa istəyirlər. Ailə ilə birlikdə uşaqlar stol arxasında əyləşdikdə xoşbəxt olurlar. Bu da uşağın daha yaxşı qidalanmasına səbəb olur.
  • Uşaqlar valideynlərin istədiyi qədər deyil, toxluq hiss edənə qədər yeməlidir. Ancaq hamı yeməyini qurtaranadək stolda oturulmalı qanunu olmalıdır. Uşaqlar toxluq hiss edəcək qədər süfrədə qalmalıdırlar.
  • Uşaqlar başlanğıcda az yeyə bilər, 1 saat sonra butulka ya da ana süd istəyə bilər. Amma tədricən sonrakı yemək vaxtına qədər gözləməli olduğu başa salınmalıdır.
  • Qaytarma, qusma və tüpürmə kimi reaksiyalara səbəb olacaq bütün yeməklərin verilməsi dayandırılmalıdır. Əgər uşaq yalnız üzünü büzürsə onu bir azdan təkrar verilməli və yoxlanmalıdır.
  • Yuxulu vəziyyətdə və ya yuxudan duran kimi yedizdirmək məsləhət görülmür.
  • Uşaqlar şiriniyyatı və un məmulatlarını sevirlər. Günün planlanmış vaxtlarında bu kimi qida məhsullarının istifadəsinə icazə verilə bilinər.

Mütəxəssis pediatr Dr.Nərmin Əzizova

 

 

 

 

 

15 Oktyabr 2020
Əgər kiçik yaşlı uşağınız ağlama dövründə ani yaranan və ya narahatlıq sonrasında nəfəs ala bilməməyə…
02 Oktyabr 2020
İshal – 1 sutkada üçdən artıq həmişəkindən tez-tez və ya daha sulu nəcis ifrazatının olmasıdır.…
04 Sentyabr 2020
Oma batığı, onurğanın qurtaracağında, beldən aşağıda, qalça qıvrımında və ya  üstündə yerləşən çuxur formasında olan…