Erkən Yaşlı Uşaqlarda Diş Çürükləri - "Butulka Çürüyü" Nədir? Həkim Nərmin Əzizova

Erkən Yaşlı Uşaqlarda Diş Çürükləri – “Butulka Çürüyü” Nədir? Həkim Nərmin Əzizova
Bir qayda olaraq uşaqlar ilk dişlərini təxminən 6 aylıq yaşda çıxarırlar. Bu dövrdən etibarən, onlar diş çürüklərinin baş verməsi riski altına düşürlər. Körpələrdə və 12-18 aylıq uşaqlarda diş çürükləri adətən “butulka çürüyü” və ya “erkən uşaqlıq dövrü çürüyü” adlanır. Bu çürük xüsusilə üst qabaq dişlərə təsir edir, lakin ağızdakı digər dişlər də çürüyə bilər. Bəzən çürük sürətlə inkişaf edərək müalicə tədbirlərinin təsirsiz olmasına və dişlərin çəkilməsinə səbəb ola bilər. Lakin, unutmaq olmaz ki, diş çürüyü qarşısı alına bilən bir xəstəlikdir.
Diş çürüyü, çürüməyə səbəb olan bakteriyaların anadan və ya uşağa yaxın olan başqa bir şəxsdən keçirilməsi ilə yaranan yoluxucu bir xəstəlikdir. Bu bakteriyalar adətən tüpürcək vasitəsilə yayılır və ən çox, ananın uşağın yeməyinin istiliyini və ya dadını yoxlamaq üçün qaşıq istifadə etməsi və ya əmziyi təmizləmək məqsədilə öz ağzına sürtərək uşağa verməsi nəticəsində keçir.
Eyni zamanda, uzun müddət və tez-tez şəkərli qidaların, məsələn, bəhməz, ballı süd, meyvə şirələri və süni qidaların istifadəsi diş çürüməsinə səbəb ola bilər. Əgər körpə axşamlar yatarkən şəkərli maye içərək yuxuya gedirsə və ya butulka yalançı əmzik kimi istifadə edilərək yuxuya getməsini asanlaşdırılırsa, bu diş çürüklərinin yaranmasına əlverişli şərait yaradır. Şəkərli maye dişlər arasında toplanır və ağızda olan bakteriyalar bu şəkəri qida kimi istifadə edərək asidlər yaradırlar. Körpəniz hər dəfə şəkərli mayeləri içdikdə dişlər 20 dəqiqə və ya daha uzun müddət asid qalıqlarına məruz qalır. Bu prosesin təkrarlanması ilə çürümə başlayır. Şəkər və ya bala batırılan əmziklər də diş çürüklərinin yaranmasına səbəb ola bilər.
Bəzi ailələr düşünürlər ki, süd dişləri daimi olmayacaq və zamanla dəyişəcəkdir, buna görə də bu məsələyə məsuliyyətlə yanaşmırlar. Lakin, bu çox böyük bir səhvdir. Çünki süd dişləri çeynəmək və düzgün qidalanmaq üçün çox vacibdir. Süd dişlərində yaranan problemlər böyümə və inkişafa ciddi təsir göstərir. Süd dişləri həmçinin çənə sümüyünün formalaşmasında və daimi dişlərin yerinin hazırlanmasında böyük rol oynayır. Bu dişlər nitqin düzgün formalaşmasında da mühüm rol oynayır. Xüsusən, qabaq dişlərin düzgün inkişaf etməməsi və ya olmaması bir çox səsin düzgün çıxmamasına səbəb olur. Həmçinin, qabaq dişlərin düzgün formalaşmaması estetik baxımdan da narahatlıq yaradır və uşaqlarda psixoloji problemlər də yarada bilər.
Butulka çürüyünün qarşısı necə alına bilər?
Aşağıdakı qaydalara əməl edərək uşağınızın diş çürüməsinin qarşısını ala bilərsiniz:
- İlk diş çıxdıqda stomatoloqa müraciət edin: Uşağınızın ilk dişi çıxdıqdan sonra, ən gec 1 yaşına qədər, uşaq stomatoloquna müraciət edin. Bu, diş sağlamlığının erkən nəzarət altına alınmasına kömək edər.
- Bakteriyanın uşağınıza necə keçdiyini düşünün: Əsasən iki yol var: 1. Ana və ya uşağın əsas vaxt keçirdiyi şəxsin ağız gigiyenasına diqqət etmək və bakteriyaların inkişafını dayandırmaq. 2. Uşağın istifadə etdiyi qaşıq və əmzikləri öz ağzınıza aparmamaqla, tüpürcək yolu ilə bakteriyanın yayılmasını qarşısını alabilirsiniz.
- Hər yeməkdən sonra ağzınızı təmizləyin: Uşağınızın ağzını hər yeməkdən sonra təmiz bir parça ilə silin. Bu, dişləri yemək qırıntılarından və diş ərpindən qorumağa kömək edər. Dişlər tam göründükdən sonra, diş fırçası ilə fırçalamağa başlayın və su ilə yaxalayın.
- Florlu diş pastasından istifadə edin: Körpəniz artıq diş pastasını udmayıb tüpürə bildikdə (xüsusən 2 yaşından sonra), florlu diş pastalarından istifadə etməyə başlaya bilərsiniz.
- Diş fırçalamağa nəzarət edin: Uşağınızın dişlərini təxminən 8 yaşına qədər siz fırçalamalısınız. Bu yaşda uşaqlar diş fırçalamağı vərdiş halına gətirə bilərlər.
- Butulkada şəkərli mayelərdən çəkinin: Əgər körpənizi butulkadan yedizdirirsinizsə, onun içində süni qida, süd və ya ana südü xaricində heç bir şey əlavə etməyin. Şəkər, bəhməz və ya bal ilə şəkərlənmiş süd və ya su, meyvə şirələrindən istifadə etməməyə çalışın.
- Butulkadan sonra dişləri təmizləyin: Körpənizi yedizdirdikdən sonra dişlərini təmizləyin və sonra yatmağa qoyun. Əgər körpə butulkaya öyrəşibsə, yalnız su verin.
- Şəkər və bala batırılmış əmziklərdən çəkinin: Körpənizin əmziyi şəkər və ya bala batırmamaqla, ağız yoluyla diş çürüməsinin qarşısını ala bilərsiniz. Eyni zamanda əmziyi öz ağzınıza da sürtməyin.
- 1 yaşından etibarən körpənizi stəkana uyğunlaşdırın: 1 yaşından etibarən körpənizi stəkana uyğunlaşdırın. 12-14 ay arasında butulkadan imtina etməyə çalışın.
- Sağlam qidalanma adətləri təsis edin: Körpənizi meyvə və tərəvəzlərdən bol istifadə etməyə təşviq edin. Şokolad və şəkərli qidalardan uzaq durmağa çalışın.
- Dişləri gündə iki dəfə fırçalayın: Uşağınızın 2 yaşından əvvəl dişlərini gündə bir dəfə, xüsusən yatmadan əvvəl fırçalayın. 2 yaşdan sonra isə gündə ən azı iki dəfə dişlərini fırçalayın.
- Yaşına uyğun diş fırçaları seçin: Uşağınıza uyğun və yaşına uyğun diş fırçaları alın. Fırçaların uşağın ağız böyüklüyünə uyğun olmasına diqqət edin.
- Doğru florlu diş pastası seçin: Həkimlər 6 yaşına qədər uşaqlara 500 ppm (0.05%) florlu diş pastalarını məsləhət görürlər. Məktəbə başlayan uşaqlar üçün isə 0.1-0.15 florlu diş pastalarından (1000-1500 ppm) istifadə etmək tövsiyə olunur.
Statistik məlumat
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, diş xəstəlikləri, o cümlədən diş çürükləri, dünya miqyasında məktəb yaşlı uşaqların 60-90%-nə təsir edir. Erkən uşaqlıq dövrü diş çürüyü, uşaqların diş sağlamlığı ilə bağlı ən yayılmış problemlərdən biridir və bu problemin erkən müalicəsi gələcəkdə ciddi çürümələrdən qorunmağa kömək edir. Preventiv tədbirlər, diş çürüyünün qarşısını almaqda və dünya miqyasında bu xəstəliklərin yükünü azaltmaqda mühüm rol oynayır.