Dünyada qızılca xəstəliyinin yayılması rekord həddə çatıb: Əsas səbəblər açıqlandı
COVID-19 pandemiyası dövründə peyvənd proqramlarında yaranan fasilələr, dezinformasiya və peyvənddən imtina halları, maliyyə böhranından sonra səhiyyə xərclərinin azaldılması, eləcə də ən yoxsul ölkələrə göstərilən yardımın kəskin şəkildə ixtisar edilməsi dünyada qızılca xəstəliyinin rekord səviyyədə yayılmasına səbəb olub.
Oxu.Az xəbər verir ki, “Financial Times” nəşri bu barədə mütəxəssislərə istinadən yazır.
Məqalənin hazırlanmasına UNICEF-in ABŞ, Meksika və Boliviyada qızılca ilə bağlı vəziyyətə dair yaydığı məlumat səbəb olub. UNICEF-in məlumatına görə, noyabrın 10-dan 13-dək keçirilən iclasda Panamerika Səhiyyə Təşkilatının (PAHO) müstəqil komissiyası ABŞ, Meksika və Boliviyanı qızılcadan azad ərazilər statusundan məhrum edib.
Bu status virusun eyni genotipinin bir ölkədə fasiləsiz olaraq 12 ay və ya daha uzun müddət dövr etməsi halında itirilir. 2025-ci ilin noyabrında Kanada da bu statusdan məhrum edilmişdi.
Qeyd olunu ki, qızılca əleyhinə effektiv peyvəndin 60 ildən artıqdır mövcud olmasına baxmayaraq, xəstəlik orta və yüksəkgəlirli ölkələrdə getdikcə daha çox yayılır.
Qlobal səhiyyə problemlərini araşdıran tibbi antropoloq Ben Kessan-Dabuş bildirib ki, varlı ölkələrdə qızılca, parotit və məxmərək əleyhinə peyvəndlənmə səviyyəsinin aşağı düşməsi 2010-cu ildən sonra qənaət siyasəti çərçivəsində büdcə xərclərinin azaldılması ilə eyni dövrə təsadüf edir.
Onun sözlərinə görə, səhiyyəyə ayrılan vəsaitin çatışmazlığı maarifləndirmə işlərinin və əhali ilə müxtəlif formalarda ünsiyyətin imkanlarını məhdudlaşdırıb. Böyük Britaniya və İtaliyada ailələrə dəstək proqramları da ixtisar edilib.
UNICEF-in məlumatına görə, ABŞ-də bir il ərzində 5.4 mindən çox qızılca xəstəliyinə yoluxma halı qeydə alınıb. Bu, 1991-ci ildən bəri ən yüksək göstəricidir. Yoluxanların 96 faizi ya peyvənd olunmayıb, ya da peyvəndlənmə vəziyyəti barədə məlumat təqdim etməyib. Xəstələrin 18 faizini beş yaşdan kiçik uşaqlar təşkil edib.
Meksikada 13.9 mindən çox yoluxma halı aşkarlanıb. Bu, 1989-1990-cı illərdəki epidemiyadan bəri ən pis göstəricidir. Boliviyada isə 100-dən çox yoluxma təsdiqlənib. Bu, ölkədə 20 ildən artıq müddətdə qızılcanın yayılmadığı dövrdən sonra qeydə alınan ilk belə haldır.
UNICEF-in icraçı direktoru Ketrin Rassell bildirib ki, 2000-ci ildən bəri qızılca peyvəndi təxminən 59 milyon insanın həyatını xilas edib və əldə olunan bu nailiyyətləri itirmək yolverilməzdir.