Dünyada hər gün 4500 nəfər vərəm xəstəliyi səbəbindən vəfat edir

Martın 16-da 24 mart – Ümumdünya Vərəmlə Mübarizə Günü ilə əlaqədar olaraq “Sağlamlığa Xidmət” İctimai birliyinin TB-REP layihəsi çərçivəsində 238 saylı tam orta məktəbdə maarifləndirmə tədbiri keçirilib. Tədbirin məqsədi şagirdləri, müəllimləri, o cümlədən məktəbin tibb heyətini vərəm xəstəliyi, onun yayılma yolları və profilaktik tədbirlər haqqında məlumatlandırmaqdır.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə vərəm xəstəliyi, ona yoluxma, xəstələrlə davranış qaydaları və mühafizə üsulları haqqında məlumat verilib. Bildirilib ki, dünyada hər gün 4500, il ərzində isə 1,7 milyon nəfər bu xəstəlikdən həyatını itirir. Bir xəstə isə ətrafındakı 10-15 nəfəri vərəmə yoluxdura bilər. Daha sonra təşkilatın sədri və layihənin Azərbaycan üzrə əlaqələndiricisi Elçin Muxtarlı, Qızıl Aypara Cəmiyyətinin eksperti Mətanət Qaraxanova və məktəbin direktoru İlqar Talıbov çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar. Sonra vərəm haqqında sosial çarxlar nümayiş etdirilib.

Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.

 

AZƏRTAC